BAKI, 25 iyul. TELEQRAF
III Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün Azərbaycana - işğaldan azad olunmuş ərazilərə səfər edən ukraynalı jurnalist Dmitri Qordonun Şuşada bir məktəbli qızla söhbəti sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub, insanlar bu görüntünü maraqla qarşılayıblar.Cıdır düzündə "Qarabağ" mahnısını səsləndirən məktəbli qızla Qordonun söhbəti əks olunan görüntülər sosial şəbəkələrdə viral olub. Qordon Əsmər adlı məktəblidən Azərbaycan bayrağına bürünməyin necə bir hiss olduğunu soruşub və daha sonra ondan mahnı səsləndirməyi xahiş edib. Musiqi bitdikdən sonra ukraynalı qonaq Əsməri qucaqlayıb.
Teleqraf-ın əməkdaşı Cıdır düzündə ukraynalı jurnalistlə səmimi dialoqu ilə yadda qalan məktəbli Əsmər Allahverdiyeva ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
Əsmər Salyan rayonunun Arbatan kəndində anadan olub, hazırda Elxan Ağayev adına Arbatan kənd tam orta məktəbinin 9-cu sinfində təhsil alır:
“5-ci qrup üzrə tibb bacısı ixtisasına hazırlaşıram. Musiqi təhsilim olmasa da, bu sahəyə böyük həvəsim var. Mahnı oxumağı sevirəm. Açığı, həmin video da təsadüfən çəkilib, xəbərim yox idi. İşğaldan azad olunmuş ərazilərə ilk səfərim idi. Məni ora anam aparmışdı. Heç bilmirdik ki, həmin gün Şuşada tədbir var və xarici qonaqlar iştirak edəcək. Cıdır düzündə təsadüfən mahnı oxudum. Bunu kənardan görüblər. Biz oradan uzaqlaşanda polis məlumat verdi ki, sizinlə görüşmək istəyirlər. Düzünü desəm, heç bilmirdim ki, həmin şəxs məşhur ukraynalı jurnalist Dmitri Qordondur. Azərbaycan bayrağına büründüyümü görüb, nə hisslər keçirdiyimi soruşdu. Mən isə bildirdim ki, işğaldan azad edilən torpaqlarımızı görmək üçün gəlmişəm, vətənimi çox sevirəm və fəxr edirəm ki, azərbaycanlıyam. Daha sonra məndən mahnı oxumağımı istədi. Videonu da onunla gələn şəxslər çəkib. Düzü, heç düşünməzdim ki, bu söhbətimiz bu qədər əks-səda doğuracaq. Dediyim kimi, musiqi təhsilim yoxdur, mahnıları sadəcə hobbi kimi oxuyuram”.
Əsmər Allahverdiyeva əlavə edib ki, ukraynalı jurnalistlə səmimi videosu sosial şəbəkələrdə yayıldıqdan sonra dostlarından, yaxınlarından və digər insanlardan xoş reaksiyalar alıb:
“Hər kəs videolarımı paylaşırdı. İnsanların xoş fikirlərini gördükcə sevinirdim. Xoş sözlər yazırdılar. Təbii ki, bu, məni çox xoşbəxt edirdi. Heç ağlıma gəlməzdi ki, oxuduğum o mahnı və söhbətimiz bu qədər yayılacaq. Bundan başqa, səfər çərçivəsində Şuşada, Laçında, Xankəndidə, Xocalıda və Əsgərənda olduq. İlk dəfə o yerləri görmək olduqca həyəcanverici idi. Ən çox Şuşa qalasını, Cıdır düzünü və Laçını bəyəndim. Getdiyimiz yerlərdə bəzən məndən mahnı oxumağımı xahiş edirdilər. İsa bulağında ifa etdiyim Xudayar təsnifi insanlar tərəfindən böyük maraqla qarşılandı. Onu da deyim ki, məktəb tədbirlərində də mahnılar ifa edirəm. Bu yaxınlarda Salyan rayonundakı musiqi festivalında ikinci tura keçə bildim”.
Əsmərin anası Vüsalə Allahverdiyeva isə qızına musiqi təhsili vermək üçün maddi imkanlarının olmadığını bildirib:
“Qızım hər zaman vətənpərvərlik mövzusunda mahnılar ifa edib. Oxumağı özünə hobbi seçib. Bu yaxınlarda bir şəhid tədbirində elə emosional oxudu ki, sanki mahnını yaşayırdı. Şuşaya gedəndə özü ilə bayraq götürmüşdü. Hər dəfə deyirdi ki, ora gedib hansısa mahnını ifa edəcək. Elə həmin mahnını oxuyarkən kənardan görüblər. Açığı, heç bilmirdik ki, həmin gün orada tədbir var. Hər şey təsadüf idi. Uşaqla görüşmək istədilər və nəticədə söhbət baş tutdu. Mən 23 ildir müəlliməyəm, çalışmışam ki, dərs dediyim uşaqları da həmişə vətənpərvər ruhda böyüdüm. Bəlkə də qızım da bu ab-havada böyüdüyü üçün belədir. Qızım istedadlıdır, ancaq qarşılıq gözləmirəm. Ailədə, qohumlarda musiqi istedadı olan yoxdur. Əsmər 5-ci qrup üzrə hazırlaşır, tibb bacısı olmaq istəyir. Musiqilərə isə qulaq asır və oxuyur. Ona musiqi təhsili vermək üçün kifayət qədər maddi imkanım yoxdur. Bəlkə də şəhərdə yaşasaydıq, yanımızda musiqi məktəbi olsaydı, qızımı ora yazdırardım. Amma bilmirəm, musiqi təhsilini sona qədər davam etdirməsi üçün maddi imkanım çatardımı, ya yox. Xülasə, bu aralar ailəmiz üçün uğurlu oldu. Fiziki müəllimi kimi sertifikasiya imtahanında 54 bal topladım və sanki qızım da ifası ilə mənə hədiyyə etdi”.