III Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün Azərbaycana - işğaldan azad olunmuş ərazilərə səfər edən ukraynalı jurnalist Dmitri Qordonun Şuşada bir məktəbli qızla söhbəti sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub, insanlar bu görüntünü maraqla qarşılayıblar. Cıdır düzündə "Qarabağ" mahnısını səsləndirən məktəbli qızla Qordonun söhbəti əks olunan görüntülər sosial şəbəkələrdə viral olub. Qordon Əsmər adlı məktəblidən Azərbaycan bayrağına bürünməyin necə bir hiss olduğunu soruşub və daha sonra ondan mahnı səsləndirməyi xahiş edib. Musiqi bitdikdən sonra ukraynalı qonaq Əsməri qucaqlayıb.
Publika.az xəbər verir ki, Teleqraf-ın əməkdaşı ukraynalı jurnalistlə səmimi dialoqu ilə yadda qalan məktəbli Əsmər Allahverdiyeva ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
Əsmər Salyan rayonunun Arbatan kəndində anadan olub, hazırda Elxan Ağayev adına Arbatan kənd tam orta məktəbinin 9-cu sinfində təhsil alır:
“5-ci qrup üzrə tibb bacısı ixtisasına hazırlaşıram. Musiqi təhsilim olmasa da, bu sahəyə böyük həvəsim var. Mahnı oxumağı sevirəm. Açığı, həmin video da təsadüfən çəkilib, xəbərim yox idi. İşğaldan azad olunmuş ərazilərə ilk səfərim idi. Məni ora anam aparmışdı. Heç bilmirdik ki, həmin gün Şuşada tədbir var və xarici qonaqlar iştirak edəcək. Cıdır düzündə təsadüfən mahnı oxudum. Bunu kənardan görüblər. Biz oradan uzaqlaşanda polis məlumat verdi ki, sizinlə görüşmək istəyirlər. Düzünü desəm, heç bilmirdim ki, həmin şəxs məşhur ukraynalı jurnalist Dmitri Qordondur. Azərbaycan bayrağına büründüyümü görüb, nə hisslər keçirdiyimi soruşdu. Mən isə bildirdim ki, işğaldan azad edilən torpaqlarımızı görmək üçün gəlmişəm, vətənimi çox sevirəm və fəxr edirəm ki, azərbaycanlıyam. Daha sonra məndən mahnı oxumağımı istədi. Videonu da onunla gələn şəxslər çəkib. Düzü, heç düşünməzdim ki, bu söhbətimiz bu qədər əks-səda doğuracaq. Dediyim kimi, musiqi təhsilim yoxdur, mahnıları sadəcə hobbi kimi oxuyuram”.
Əsmər Allahverdiyeva əlavə edib ki, ukraynalı jurnalistlə səmimi videosu sosial şəbəkələrdə yayıldıqdan sonra dostlarından, yaxınlarından və digər insanlardan xoş reaksiyalar alıb: