Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) tərəfdaşlığı ilə “İKT-də qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal sahibkarlıq” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdən öncə final mərhələsinə keçən 11 iştirakçı öz layihələrini təqdim edib və münsiflər tərəfindən qiymətləndirilib.
Mükafatlandırma mərasimində çıxış edən AQUPDK-nın sədri Bahar Muradova qadınların informasiya və kommunikasiya texnologiyalarına çıxışının və bu sahədə fəal iştirakının cəmiyyətin davamlı inkişafı üçün mühüm vasitə olduğunu qeyd edib. Bildirib ki, bu, ilk növbədə sosial ədalətin bərpası, eyni zamanda, bu sahədə olan imkanlardan istifadə edərək iqtisadi və sosial ehtiyacların ödənilməsi üçün olduqca vacibdir. B.Muradova deyib ki, Azərbaycanda iqtisadiyyatın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında qadınlar zaman keçdikcə daha fəal olurlar. Rəqəmsal bacarıqların qazanılması, qadınların əmək bazarında daha geniş imkanlar əldə etməsi, rəqabətliliyin artırılması onların iqtisadi müstəqilliyinin formalaşması və cəmiyyətə daha çox töhfə verməsi işinə şərait yaratdığı üçün bu məsələlər həm də beynəlxalq və ölkədaxili təhlillərin obyekti kimi çıxış edir. Qlobal səviyyədə bu sahədə iştirak bərabərliyinin hələ də təmin olunmadığını vurğulayan komitə sədri əlavə edib ki, BMT-nin məlumatlarına görə, qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların 28, rəqəmsal texnologiyalar üzrə iş yerlərində isə 22 faizini təşkil edirlər. Azərbaycanda isə İKT sahəsində çalışanların təxminən 30 faizinin qadınlar olduğunu qeyd edən B.Muradova qadınların innovasiyaya və rəqəmsal iqtisadiyyata çıxış imkanlarının daha geniş və sistemli şəkildə dəstəklənməli olduğunu əlavə edib. O vurğulayıb ki, məhz bu hədəflərə xidmət üçün AQUPDK, RİNN, eləcə də İRİA ilə birgə müsabiqə həyata keçirilib: "Məqsəd qadınların İKT sahəsində təşəbbüslərini stimullaşdırmaq, onların cəmiyyətə təsir edə biləcək layihələrini ön plana çıxarmaq və təşviq etməkdir. Bu müsabiqə UNESCO-nun təşəbbüsü olan və hazırda 70-dən çox ölkədə fəaliyyət göstərən "İnformasiya hamı üçün" proqramı çərçivəsində reallaşdırılır”.
Daha sonra çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov müsabiqəni qadınların texnologiya sahəsinə inteqrasiyasının, rəqəmsal bacarıqlarının artırılmasının və cəmiyyətin dayanıqlı inkişafında oynadıqları mühüm rolun bariz göstəricisi olduğunu qeyd edib. O bildirib ki, İKT sahəsi və rəqəmsallaşma bu gün texnoloji tərəqqinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, dövlət siyasətində prioritet mövqe tutur. Vurğulanıb ki, RİNN bu sahənin bütün vətəndaşlar, o cümlədən qadınlar üçün əlçatan olmasını təmin etmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir: “Son illərdə İRİA-nın İKT sahəsi üzrə həyata keçirdiyi təqaüd proqramları və layihələrdən 4 mindən çox qadın yararlanıb”.
Müsabiqənin münsiflər heyətinin üzvü, Femmes Digitales "Texnologiyalar Sahəsində Qadınlara Dəstək" İctimai Birliyinin baş katibi Səyyarə Hüseynova qeyd edib ki, təqdim olunan 44 layihə arasında cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən, aktual mövzulara toxunan təşəbbüslər yer alıb. Təqdim olunan layihələr sırasında qadınlar üçün informasiya-kommunikasiya texnologiyaları sahəsində təhsil və məşğulluq proqramları, kənd təsərrüfatında qadın fermerlərə dəstək, gənc anaların inkişafına yönəlmiş təşəbbüslər, media sahəsində fəaliyyət göstərən qadınların layihələri, rəqəmsal dərzilik və süni intellekt texnologiyaları vasitəsilə biznes proseslərinin optimallaşdırılması kimi innovativ həllərin yer aldığını qeyd edən münsif layihələrin sosial problemlərə kompleks yanaşmalar təqdim etməklə yanaşı, yeni imkanlar və dayanıqlı inkişaf üçün alternativ yollar ortaya qoyduğunu əlavə edib.
Daha sonra AQUPDK-nın İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları sektorunun əməkdaşı Sevil Rəsulzadə müsabiqənin əsas mərhələləri, məqsədləri və iştirakçılar barədə ümumi məlumatı əks etdirən təqdimatla çıxış edib.
Müsabiqədə I yerə "Süni intellektin qadın dəstək xəttinə inteqrasiyası" layihəsi ilə Kəmalə Aşımova, II yerə "AqrofemTech" layihəsi ilə Sürəyya Əliyeva, III yerə "Carelink" layihəsi ilə Ləman Xəlilzadə layiq görülüb.
Sonda münsiflər heyətinin üzvlərinə təşəkkürnamələr, finalçılara sertifikatlar, qaliblərə isə diplom və mükafatlar təqdim edilib.