RU

Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq

"Bu ildən etibarən təhsil haqlarında dəyişiklik edilib". 

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, bəzi bölgələrdə təhsil haqları fərqlidir: 

“Təhsil haqqı 5 min manat olan ixtisaslar var. Bu da beynəlxalq sertifikatlarla, dərsliklər, yüksək peşəkar müəllimlərin cəlb edilməsi və onlara ödənilən əməkhaqqı, həmçinin ekspertlərin iştirakı və s. ilə bağlıdır”. 

Onun  bu fikri ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Ali təhsil ocaqlarının bir çoxunda illik ödənişlər 2000-3000 manat arasında dəyişir. İmkanlı ailələrin bir çoxu övladlarının xarici ölkələrdə təhsil almasına üstünlük verirlər. Peşə məktəblərinə isə əsasən ali məktəbə qəbul imtahanında yüksək bal toplaya bilməyən gənclər üz tuturlar. 

Maraqlıdır, peşə təhsili alan gənclərin 5 min manat ödəniş etməsi mümkün olacaqmı?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, bu istiqamətdə maraqlı bir sıra faktlar var: 

“Onlardan biri də onunla bağlıdır ki, Konservatoriyada bəzi ixtisaslarla bağlı bakalavr dərəcəsi üçün 5-15 min manat təhsil haqqı nəzərdə tutulur. Peşə məktəblərinə gəldikdə isə son bir neçə ildə həm yeni müəssisələr yaradılır, həm də yaxşı təbliğat aparılırdı. Artıq son iki ildə abituriyentlərin bir çoxu bu sahələrə maraq göstərirdilər. 

Xüsusilə də qızların zəif təhsil aldığı rayonlarda bu məsələyə daha çox diqqət ayrılırdı. Yəni onların bir peşə sahibi olması ilə bağlı istiqamət götürülmüşdü. Amma bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktorunun belə çıxış etməsi ürəkaçan bir vəziyyət yaratmadı. 

Peşə təhsilinin ödənişli olması, həm də yüksək ödənişin tələb olunması ilə bağlı təsir artıq sosial şəbəkədə hiss olunur. Düşünürəm ki, bu, peşəyönümlü ixtisaslara gedən gəncləri bir qədər əngəlləyəcək. Ancaq nəzərə alaq ki, son 5-6 ildə artıq Bakı şəhəri və bölgələrdə peşə məktəbləri modernləşib, yaxşı avadanlıqlarla təchiz olunub, maddi-texniki bazası yüksəlib. 

Bu, o demək deyil ki, bütün bunların hamısı ödənişli və yaxud yüksək ödənişli tədrisə gətirib çıxarmalıdır. Yaxşı olar ki, bu, hələ dövlət vəsaiti hesabına bir neçə il davam edərdi. Sonra artıq maddi-texniki bazasını gücləndirmək üçün əlavə qəbuldan istifadə edərdilər. İndiki hal üçün bu cür qərarlar vermək tezdir”.

O qeyd edib ki, qiymətlər Azərbaycan vətəndaşının yaşayış minimumuna cavab vermir:  

“Çünki ali təhsil müəssisələri, məsələn, Bakı Dövlət Universitetinin pedoqoji kadr hazır hazırlayan fakültəsində ödəniş  2000-2500 arasında dəyişir. Ancaq artıq bu il peşə məktəblərində 5 min manat olan ixtisaslar olacaq. 

Əslində valideynlər daha çox zəif nəticə göstərən övladlarının həm xaricə getməsini əngəlləmək üçün və həm də burada peşə məktəbində oxuyub iş tapa biləcəyini düşünürdülər. Son 2-3 ildə gənclər də oraya istiqamətlənmişdilər. Ancaq yeni açıqlamadan sonra mən bilmirəm ki, reaksiya necə olacaq. Ancaq bütün hallarda bu fikir yaxşı qarşılanmır”. 

Избранный
23
9
cebheinfo.az

10Источники