RU

Xatırlayırıq səni... - Fuad Biləsuvarlı yazır



Məmmədbağır Bağırzadə - 75

Milli musiqilərdən, xalq mahnıları ruhunda yazılmış əsərlərdən və ifaçılıq sənətindən söz açanda ilk yada düşən adlardan biri Məmmədbağır Bağırzadə və onun ölməz musiqi irsi olur.
Onun musiqisi yalnız toyların bəzəyi deyildi—o, bayramların, böyük mədəni anların ayrılmaz parçasına çevrilmişdi. Hər bayram yaxınlaşanda gözlərimiz Aztv ekranına zillənirdi, sanki onun məlahətli, könüllərə qida verən səsini eşitmək üçün. Bir də baxırdıq, budur, gəlir—ağayana yerişi ilə səhnəyə çıxır, elə o andaca sürəkli alqışların içində itib gedirdi.


O şaqraq səsin sahibi bizi lap uşaqlıqdan öz sehri ilə ovsunlamışdı. Unudulmaz çağlarımızın ən gözəl sənətkarını elə o illərdən sevməyə başlamışdıq. Onun musiqisi bizə təkcə xoş anlar bəxş etmirdi—o, zövqümüzü formalaşdırır, milli ruhumuzu cilalayırdı. Deməli, keyfiyyətli musiqi ilə böyüməyimizdə tək valideynlərimizə deyil, Məmmədbağır müəllimə də borcluyuq. Və bu borc böyükdür, həm də çox.

O, milli muğamın və musiqi ənənəsinin qoruyucusu olmaqla yanaşı, həm də koloritli mahnılar yaradan bir sənətkar idi. Təkcə oxumaqla kifayətlənmirdi—o, muğamlarımızın bilicisi idi, ifaları ilə bizi öz sehrinə salırdı. Onun çıxışlarından doymaq olmurdu; tamaşaçı əl çaldıqca, o daha da cuşə gəlir, səsi göylərə ucalaraq ürəklərə yol tapırdı.


Məmmədbağır Bağırzadə səhnə üçün ürəyi döyünən sənətkar idi. Onun ecazkar səsi Azərbaycan tarixini, yaddaşını, özündə əxz edirdi.
Hər bir əsərinin ruhu doğma torpağın minillik yaddaşından qidalanırdı. Onun ifalarında təbiətin saf və duru ahəngi duyulurdu—sanki hər bir səs titrəyişində bu torpağın nəfəsi vardı. Xalqımız onu öz doğma balası kimi çox sevirdi. O bütün çıxışlarında da həmişə xalqın özünə qarşı doğmalığından bəhs edirdi.
Mədəniyyətimizi, incəsənətimizi o təkcə güclü səsilə təmsil etməyib. Həm də yüksək mədəniyyəti ilə. Onu yaşadan da xalq məhəbbəti idi.

Məmmədbağır Bağırzadə səhnənin ruhu ilə nəfəs alan bir sənətkar idi. Onun ecazkar səsi təkcə melodiyalarla deyil, Azərbaycan tarixinin, yaddaşının özü ilə yoğrulmuşdu. Hər bir əsərinin mayası elə bu torpaqdan, bu xalqın minillik duyğularından götürülmüşdü. Onun ifalarında bulaq kimi çağlayan, şəffaf suların duruluğu vardı—sanki hər notla musiqinin öz gözəlliyini süzürdü.

Xalqımız onu sadəcə bir sənətkar kimi deyil, doğma balası kimi sevirdi. Çünki o, hər çıxışında təkcə mahnı oxumurdu—xalqına doğmalıqla, ehtiramla səslənirdi. Musiqi onun üçün sənət yox, bir miras idi.

Mədəniyyətimizi, incəsənətimizi təkcə güclü səsi ilə deyil, yüksək mədəniyyəti, dərin düşüncəsi ilə də təmsil edirdi. Onu yaşadan isə yalnız sənəti deyil, xalqın ona bəslədiyi sonsuz məhəbbət idi.

Məmmədbağır Bağırzadənin möhtəşəm mahnıları tək Azərbaycanda deyil, bütün Şərq dünyasında öz yerini tapmışdı. Onun melodiyaları bir sərhəd tanımırdı—hara gedirdiksə, səsi bizi müşayiət edir, ruhumuzu oxşayırdı. Elə indinin özündə də bu belədir. Qulaqcıqları taxıb rayona doğru yol alanda onun mahnıları sanki yol yoldaşımız olur. Xatırlayarsan məni, Xatirələr, Kimlərə qaldı dünya kimi sevilən ifalarını dinləyə-dinləyə səfərimiz daha da qısa görünür. Onun qeyri-adi səsi zamanın süzgəcindən keçib hər əsrdə yenidən doğulan, xatırlanan, unudulmayan səslər sırasında öz möhkəm yerini qoruyur.

Onun hər ifasında hər kəs öz həyatından bir parça tapır—kimi uşaqlıq xatirələrini, kimi gənclik çağlarını, kimi də cavanlığının sevinclərini. Çünki Məmmədbağır Bağırzadə elə sənətkar idi ki, onun mahnıları həyatın bütün duyğularını əks etdirirdi.

O, sadəcə bir müğənni deyildi—onun səsi xalqın doğmalıqla qucaqladığı bir yadigar idi. Verilişlərdə qonaq olanda onun olduğu proqramları diqqətlə izləyirdim, çünki o, təkcə oxumaqla deyil, səmimiyyəti və şirin danışığı ilə də tamaşaçını valeh edirdi. Buna görə xalq onu təkcə sənətinə görə deyil, öz insani keyfiyyətlərinə görə də dərin ehtiramla xatırlayır.

İstər toylarda, istər dövlət tədbirlərində, istərsə də televiziya ekranlarında—o nə oxumağı çox yaxşı bilirdi. Repertuarı zəngin idi. Bəzən başqa bəstəkarların mahnılarını oxusa da, buna ehtiyacı yox idi. Çünki özünün gözəl mahnılar bəstələmək qabiliyyəti vardı. Bir çox peşəkar bəstəkarın mahnıları zamanla unudulsa da, Məmmədbağır Bağırzadənin 30-40 il əvvəl bəstələdiyi mahnılar bu gün də sevilir, bu gün də aktualdır.


Bu gün Azərbaycan mədəniyyətini və incəsənətini Məmmədbağır Bağırzadənin musiqiləri olmadan təsəvvür etmək mümkün deyil. Onun melodiyaları təkcə bir dövrün deyil, bütöv bir ənənənin davamı kimi yaşayır. O, xalqın yaddaşında, könlündə silinməz iz buraxmış sənətkarlardan biridir.

Öz dövrünün yetirmələri də, indiki gənc nəsil də onun möhtəşəm musiqilərini sevir. O, muğamı da, retro bəstəkar mahnılarını da özünəməxsusluqla təqdim edirdi—nə oxuyurdusa, onu özününküləşdirirdi. Hər ifasında öz üslubunu ortaya qoyur, xalqına doğma və unikal bir musiqi irsi ötürürdü. Onu yaşadan elə bu bənzərsizliyi, özünəxas olmağıdır.

Məmmədbağır Bağırzadənin rəsmi tələbələri çox olmasa da, bu gün yetişən gənc xanəndələr onu özlərinə ustad hesab edirlər. Onun təkcə ifalarından deyil, həm də ədəb-ərkanından bəhrələnir, sənətə yanaşma tərzini nümunə kimi götürürlər.

O, təkcə xanəndə deyildi—həm müğənni, həm də vokalist kimi səs texnikasına mükəmməl yiyələnmişdi. Əsl səs elastik olmalıdır və Məmmədbağır Bağırzadənin səsi də məhz bu elastikliklə seçilirdi. Hər bir melodiyanı özünəxas bir tərzdə təqdim edə bilirdi, çünki səsinin qayğısına qalır, onu qoruyurdu.


Sənətkarı ən güclü edən onun tamaşaçıları ilə dil tapması idi. Məmmədbağır Bağırzadə bunu mükəmməl bacarırdı—uşaqla uşaq, böyüklə böyüklük edirdi. Xalqla onun arasında sınmaz bir dostluq körpüsü vardı və bu körpünü özü yaratmışdı. Elə ona görə də bu körpü zaman keçsə də, sınmır, qırılmır.

Hər ifası, hər mahnısı tamaşaçılarını təsirləndirirdi, lakin onun "Bir gün gözəlim məzarım üstən ötüşərsən" ifası geniş kütləni kövrək hisslərə bürüyürdü. O mahnının musiqisi və sözləri dərinlikli idi—onu anlayan hər bir insanın qəlbini sızladır, nostalji anları göz önünə gətirirdi. Onun "Ana" adlı əsəri də bu duyğusal gücə malikdir.

Tamaşaçılar üçün ən təsirli çıxışları arasında onun muğam və təsnif ifaları xüsusi yer tutur. Məmmədbağır Bağırzadənin mahnıları geniş tamaşaçı kütləsi tərəfindən sevilir və bu gün də gənc xanəndələr onu oxuyanda vurğulayırlar ki, bu ifaya öz möhürünü Məmmədbağır Bağırzadə vurub. Məhz bu unudulmazlığı onu sənət dünyasında əbədi yaşadan əsas amildir.

Məmmədbağır Bağırzadənin incə yumoru və parodiya bacarığı onu səhnədə daha da unikal edirdi. O, təkcə musiqiçi deyil, həm də tamaşaçılarını güldürməyi, onları öz sənət dünyasına çəkməyi bacaran bir sənətkar idi. Onun zarafatları, səhnədəki doğmalığı və improvizasiya qabiliyyəti onu xalqın yaddaşında silinməz izlə saxladı.

Bu barədə onun ustadı, dahi Xalq artisti, ölməz Əlibaba Məmmədov öz tələbəsi Məmmədbağır Bağırzadə haqqında belə söyləyirdi:




Məmmədbağır Bağırzadə məni demək olar ki, cavanlaşdırdı, apardı o günlərə. Çox cavan idi, əsgərlikdən təzə gəlmişdi. Mən onu bizim ansambla—"Humayun" ansamblına dəvət etdim. Dedim ki, ‘Məmmədbağır, səni "Humayun" ansamblına dəvət etsəm, gələrsən?’ Dedi, "mən fəxr edərəm "Humayun" ansamblında işləməklə. "İki il "Humayun"da işlədi. Mən onda elə istedadlar gördüm ki, hələ o cür istedad mənim rastıma gəlmir.

Bəzən deyirlər ki, filankəsin tələbəsidir. Bunlar söhbət deyil. İstedadı olmayan insana nə edirsən et, o, oxuya bilməyəcək. Bu, mümkün deyil. Amma istedadı olan bir kəsə bir kəlmə demək kifayətdir. Məmmədbağır Bağırzadə dörd il mənim tələbəm oldu. Asəf Zeynallıda ona dərs deyəndə bir dəfə də olsun əziyyət çəkmədim. Deyirdi: "Əmi, bu gün dərsimiz nədir? "Deyirdim ki, "Rast." O isə "oxu, bir dəfə qulaq asaq" deyirdi. Oxuyurdum, sonra özü deyirdi ki, " indi mən oxuyum, yaxşıdır?" Deyirdim ki, yaxşıdır. Gedirdi, bir ay sonra yenidən gəlirdi—toyları vardı, toylara gedirdi. Məmmədbağır Bağırzadə çox böyük istedad idi.

O, çox ciddi adam idi, şitlik etməzdi. Amma zarafatı sevirdi. Və zarafatın yerini mükəmməl bilirdi. Bir gün "Humayun" ansamblı ilə Zaqatalaya konsertə gedirdik. Mən öndə oturmuşdum, Məmmədbağır isə arxada. Gördüm, bir nəfəri yamsılayır. Sonra estrada müğənnisini parodiya etməyə başladı. Uşaqlar gülməkdən özlərini itirmişdilər. Yarım saat, bir saat bu belə davam etdi. Sonra dayandı. Dedim: "Məmmədbağır, biri qaldı." Dedi: "Əmi, kimdir?" Dedim: "Mən." Təzə gəldiyi üçün məndən utanırdı. "Əmi, yox" dedi. Dedim: "Məmmədbağır, mən səndən inciyərəm. Əgər məni də bacarırsansa, yamsıla." Dedi: "Onda arxaya baxma." Dedim: "Yaxşı."

Mən "Guşi qıl" bəstələmişdim. Onun əvvəlində Seyid Əzim Şirvanidən bir qəzəl oxuyurdum. Sonra Məmmədbağır başladı parodiyaya. Allaha and olsun, elə bil ki, özüm oxuyurdum! Sonra "Guşi qıl"ın pərdələrini tutdu, mükəmməl ifa etdi. Bir avtobus adam hamısı əl çaldı. Dedim: "Məmmədbağır, sən nə etdin?’ Dedi: "Əmi, tapşırdın ki, burada sizi parodiya edim. Ancaq nə məbadə hamıya deyəsən ki, mənəm! Mən bunu elə parodiya etdim ki, özün özünü tanımayasan!"

O, muğamları çox gözəl bilirdi. Rahabda iki məsihi var—biri çalmaq üçündür, biri oxumaq. Məmmədbağır çalğı hissəsinə söz qoşdu, oxudu. Sonra gəldi, vilayəti ifa etdi. Muğamatı incəliklərinə qədər bilirdi. Müəllimliyi möhtəşəm idi, mahnıları bir-birindən gözəl idi. Qəzəlləri isə elə oxuyurdu ki, adam valeh olurdu—Vahidin, Mailin qəzəlləri. O, ağızı ilə elə gitara çalırdı ki, gözlərini yum və elə biləcəksən ki, qarşıda həqiqi gitara var!

Mən bu sənətkarı çox yaxşı tanıyırdım. İki il "Humayun"da işləyib, dörd il də mənim tələbəm olub. Hər dərsin sonunda "Məmmədbağır, bir şey oxu, dərsi qurtaraq" deyirdim. O da oxuyurdu, sonra dərsi bitirirdik. Allah ona rəhmət eləsin! İnsanın dili gəlmir deməyə… Amma Allah ona qəni-qəni rəhmət eləsin! Allah onun balalarını qorusun!"

Oğlu və sənətinin davamçısı Rahim Bağırzadə atasının son günlərini anıb və yad etdi.




Atam ansamblının adını "Dilkeş" qoymuşdu, evdə isə daha çox ərəb və türk kanallarına baxırdıq. Bir dəfə bunun səbəbini soruşanda mənə dedi ki, "Mən musiqilərimi yazanda, onları ifa edəndə elə bilirəm ki, Kərkükdəyəm. Orada yaşayan azərbaycanlıların hisslərini keçirirəm." Atam uzun illər ordakı insanların sevgisi və oraları görmək xiffəti ilə yaşayıb.

O, geyiminə və xarici görünüşünə qarşı çox tələbkar idi. Aldığı kostyumların pencək ciblərinin tikişlərini sökdürməzdi ki, birdən pencəyin cibləri sallanar, efirdə səliqəsiz görünər. Bir dəfə dostlarından biri zarafatla demişdi ki, "Məmmədbağır, deyəsən, sən maşınla yox, piyada gəlmisən, paltarında bircə qırış da yoxdur." Adamlar onun səliqəsinə heyran qalırdılar.

Atam evdə İran muğamlarını, ərəb və fars musiqilərini çox gözəl ifa edirdi. Amma efirdə heç vaxt o mahnıları oxumadı. Ona heyifslənirəm ki, nahaq onun evdəki ifalarını, zəngulələrini kameraya çəkməmişəm. Özü razı olmasa belə, gərək gizlincə həmin ifaları kamerayla çəkərdim.


Ailəmizin rahatlığı anam Naibənin xəstələnməsiylə pozuldu.O, iki il xəstə yatdı.Həkimlər, iynə-dərmanlar kömək eləmədi.Xəstəliyi sürətlə irəlilədi.2001-ci ildə anam dünyasını dəyişdi.Onun yoxluğuna alışmamışdıq heç.2002-ci il idi.Atamın xəstəliyi başladı.Mədəsində güclü ağrılar olurdu.Əvvəlcə öd kisəsində daş oldu.Sonra mədəaltı vəzinin kəskin iltihabı yarandı.Atam ömrüboyu sağlam olmuşdu.Həm də həddindən artıq özünəbaxan idi.Heç vaxt siqaret çəkməz, içki çox içməzdi.Həm səsini qoruyurdu, həm də səhhətini.Maşını yavaş sürərdi.Həyatsevər adam idi.Çox çətinlik çəkmişdi.Zəhmətiylə əldə etmişdi hər şeyi.Elə istəyirdi, nə isə qurub-qoşsun.Öz qayğısına qalırdı.

2002-ci ildə Şəmkirdən toydan qayıtdı.Qarnı şişmişdi.Vəziyyəti ağır idi.Dedi "Soyuq dəydi mənə".Demə, əsl dərdi başqa imiş.Əslində, özündə də səhlənkarlıq oldu.İynə-dərmandan qaçardı.Həmin ilin 24 dekabrında, anamın doğum günündə qəbrinin üstünə getdik.Saat 6-da ora çatdıq.Atama zəng vurdular ki, AzTV-nin "Xəbərlər" proqramında prezident Heydər Əliyevin sərəncamı ilə sənə xalq artisti adı verildiyini deyiblər.Atamın təqdimatdan belə xəbəri yox idi.

Hər ilin sentyabrında fəsil dəyişəndə atamın halı da dəyişirdi.Dərman qəbul edirdi, düzəlirdi.Təzyiq də tapdı onu.Yenə müxtəlif müalicələrə üz tuturdu.Demə, mədəaltı vəzi artıq bədəni zəhərləməyə başlayıb.Onu Mərkəzi Kliniki Xəstəxanaya apardıq.Həkimlər cərrahiyyə əməliyyatı aparmaqdan imtina elədilər.Əməliyyatdan sağ çıxmayacağından qorxurdular.Axır ki bir cərrahın razılığını ala bildik.Yarım saatın içində atamı əməliyyata hazırladıq.Həkimlər mənə ərizə yazdırdılar.Əlimlə yazdım ki, atam əməliyyatdan çıxmasa, heç kimdə günah görmürəm.Heç bacılarım, atamın bacıları bilmirdilər vəziyyəti.Tez zəng vurdum böyük yeznəmizə.O özünü yetirdi.Təsəlli verdi mənə: "Özünü itirmə".Sonra məsləhət gördü ki, qohumlara xəbər verək.Zəng vurduq.20-25 dəqiqiəyə atamın qohumları Nardarandan özlərini xəstəxanaya necə yetirdilər, indi də məətəl qalmışam.Qohumlarıyla görüşdü.Liftə onunla girdim.Üzümə baxdı, dedim: "Ata, heç nə demə, görüşəcəyik".Yenə baxdı üzümə, danışmadı.Əməliyyat otağınadək onunla getdim.

Əməliyyatdan sonra vəziyyəti pisləşdi.Təkcə ürəyinin yaşamağı 5 faiz qalmışdı.Mən isə onu itirəcəyimiz barədə fikri hələ də özümə yaxın buraxmırdım.Los-Ancelesin, Gülhanənin həkimləri ilə əlaqə saxladıq.Ancaq atam artıq elə vəziyyətdə idi ki, onlar müalicədən imtina elədilər.Sonra ikinci dəfə cərrahiyyə əməliyyatından keçdi.Axşam əməliyyat olundu.Səhər 5-in yarısı xəstəxananın həyətinə çıxdım.Əmim, bibimin iki oğlu, atamın etibarlı dostları Baxşəli ilə Mirzəli dayanıb gözləyirdilər.Mirzəli ağlayırdı...Səhəri gün yenə atamla görüşəndə məni ağlamaq tutdu.O vəziyyətdə mənə ürək-dirək verdi.Sonra lazımi sözləri tapşırdı.Onun üçdəqiqəlik ağır danışması bəlkə də qırx-əlli illik həyatıma istiqamət verdi.Sanki ağsaqqalığı qoydu boynuma.Soruşdu:"Kim var bayırda?".Dedim, hamı burdadır."Hamını yaxşı yola ver".Təkcə öz bibisiylə danışmaq istədi.Tez nömrəsini tapıb zəng vurdum."Bibi, gör məni nə günə qoydular",- deyib ağladı.

Atamın səhhətinin ağırlaşması,sonra da vəfatı xəbəri yayılanda hamı təəccübləndi.Gözləmirdilər.Onu həmişə şux görmüşdülər.Biz isə üç il idi onun nələr çəkdiyini bilirdik.Əslində iş-gücündəydi.Konsertlərə, toylara gedir, yeni mahnılar yazdırırdı.Ağrıları başlayanda isə həkimlərə üz tuturdu.2005-ci ilin 30 oktyabrında atam dünyasını dəyişəndə anladım: mən də özümü hazırlaya bilməmişdim onun yoxluğuna.

Dəfn mərasimi Rəşid Behbudov adına Mahnı Teatrında keçirildi.O gün bildim ki, Məmmədbağır Bağırzadənin nə qədər sevənləri var imiş.Hətta rayonlardan belə pərəstişkarları onunla vidalaşmağa gəlirdilər.Atama ikinci fəxri xiyabanda yer verildi.Amma onu Nardaranda Rəhimə xanım pirində, öz anasının ayağının altında dəfn etdik.Atamın vəsiyyəti belə idi.Babam onun dərdinə tab gətirmədi.2006-cı ilin 19 martında dünyasını dəyişdi."


P.S. Yaşasaydı, bu il onun 75 yaşını qeyd edəcəkdik. Yaşasaydı... Amma nə yazıq ki, tale ona vəfa qılmadı. Lakin bir şey dəqiqdir: hər dövrdə, hər əsrdə Məmmədbağır Bağırzadənin bülbül səsi vəfalı dinləyicilərinin, sadiq tamaşaçılarının könlündə yaşayacaq.

Çox şükür ki, bu gün də onun yaradıcılığına böyük ehtiyac var—musiqi tədqiqatçıları hələ də onun irsini araşdırır, ifaları yeni nəsillərə ötürülür. Onun əsərləri ürəyinin saflığını, sənətə olan sədaqətini əks etdirir.

Xalq isə sevimli sənətkarını heç vaxt unutmayacaq. Necə ki, indiyə kimi unudulmadı. Bundan sonra da unudulmayacaq. Ruhun şad olsun, Məmmədbağır Bağırzadə!


Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı.




Избранный
13
5
aia.az

10Источники