ain.az, 525.az saytına istinadən bildirir.
Türkan TURAN
III Əhmədin əl əməyi, göz nuru abidəsi...
Bu günlərdə Ədəbiyyat Vəqfində bir görüş vardı, yekunlaşdıqdan sonra Sultanəhməd Meydanına doğru çıxdıq. Gülhanə Parkına doğru yolu kəsələşdirmək üçün Aya Sofyanın arxasından keçməyi təklif etdim. Sən demə, həmin yol Topqapı sarayının əsas qapısı olan Bab-ı Hümayunun önündən keçirmiş. Sarayın qapısı ilə Ayasofya arasındakı abidəni gördükdə heyrət içində qaldım. Adının nə olduğunu, nə məqsədlə tikildiyini, nə işə yaradığını bilmədiyim yerlə bağlı bircə şey gördüm; insanlar göydən şığıyan günəşin istisindən qaçıb ətrafına doluşublar. Bir az maraqlandım və məlum oldu ki, bura Nevşəhərli Damad İbrahim Paşanın təşəbbüsü ilə III Əhməd tərəfindən Perayton adlı Bizans çeşməsinin yerində inşa etdirilən III Əhməd çeşməsidir.
Rokoko, barok, klassika incisi
Türk rokoko tərzinin ən gözəl örnəklərindən olan çeşmənin inşa tarixi 1728-ci ilə təsadüf edir. Memarı Əhməd Ağadır. Küncləri yumşaldılmış dördbucaqlı plandadır. Künclərdə kranları olan çeşmə üstü taxta saçaqlı damla örtülüb. Dam üstündəki ətrafdan görünən qübbələr sadəcə dekor məqsədi ilə qoyulub. On dörd qitəlik Kayseri və Hələb qazısı şair Seyid Vehbi Min Əhmədə aid qəsidələr, su kranlarının arasındakı boşluqlardakı lövhələrə fars kökənli yazı stili olan Talik xətt ilə yazılıb. Üstdə müqərnalı qurşaq, onun üstündə çini qurşaq yerləşir. Bu çinilər həm klassik motiflər, həm lalə və akantus yarpaqları kimi Avropsayağı motivləri ehtiva edir. Vaza içindəki çiçək motivlərində, Qərb ilə Osmanlı bəzəkləri birlikdə istifadə edilib.
Lalə dövrü
III Əhməd Çeşməsi həm də sivil memarlığın nadir örnəklərindəndir. Lalə dövründə inşa edilib. Günümüzdə hələ də əhəmiyyətli memarlıq abidələrinin ən fərqli örnəyi olaraq qalır. Lalə dövrü 1718-ci ildə Pasarofça müqaviləsi ilə başlayıb, 1730-cu ildə Patrona Xəlil üsyanı ilə başa çatmış dönəmdir. Dönəmin padşahı III Əhməd Sadrazamı isə Nevşəhərli Damat İbrahim paşa idi. Lalə dövrü, zövq, səfa olaraq bilinir. Adını o dönəmdə İstanbulda yetişən və zamanla bütün dünyaya yayılmış çiçək olan lalədən alıb. Həmin vaxt deyil, çox sonralar bu dövrə "Lalə dövrü" adı verilib. Lalə dövrü, sənətə verilən önəmin artması ilə daha çox yadda qalıb. Ən gözəl memarlıq abidələri, ən gözəl şeirlər, ən gözəl musiqilər məhz bu dönəmdə yaradılıb. Elə böyük sənətçilərin, ədəbiyyatçılar, memarlar yetişməsi də bu dönəmdə təsadüf edir. Çünki padşah III Əhməd həm musiqiçi, həm də xəttat idi, ona görə də, memarlığa, sənətə ədəbiyyata xüsusi diqqət ayırırdı. Burdan da belə başa düşürük ki, idarəçi nəyə meyillidirsə, xalq da ona doğru yön alır.
Sultanın planı
Memarlıq demişkən, III Əhməd çeşməsi sadəcə Lalə dövrünün deyil, Osmanlının bütün dönəmlərinin ən gözəl memarlıq nümunələrindəndir. Üstündəki kitabədən bəlli olur ki, abidə bir il içində ərsəyə gəlib. Doğrudur, abidənin memarının əslən kayserili olan və o dönəm imperatorluğun baş memarı sayılan Mehmed Ağa olduğu yazılır. Amma bir çox qaynaqdan da öyrənirik ki, çeşmənin planını cızan, Sultan III Əhmədin özüdür. Açığı, çeşmə o qədər gözəldir ki, onun baş memar da olsa adi bir memarın əlindən çıxmadığı açıq aydındır. Bəzəkli və olduqca görkəmlidir, yanından keçəndə ayaq saxlamamaq ehtimalın demək olar ki, yoxdur. Çeşmənin dört küncündə dairəvi su kranları, kranların arasında isə üç çeşmə var. Üstlərində bəzəkli gözlər və qızılı rəngli qübbələr mövcuddur. Dam örtüyü qurğuşundandır. Beş qübbəsi olan abidənin köşkə bənzəməsi insanı daha çox təəccübləndirir. Divarlara qəzəllər, qəsidələr işlənib. Onlardan biri Lalə Dövrünün divan şairi Seyid Vehbinin 28 beyitdən ibarət məşhur qəsidəsidir. Bu əsərin çeşmənin üstünə işlənməsi də Osmanlı sivil memarlığı üçün xüsusi sənət əsəri olduğunu göstərməkdədir. Çeşmə aynalarının üstündəki qırmızı çərçivələrdə beş, yaşıl lövhələrdə üç beyit nəqş edilib. Abidənin Sultan Əhməd məscidi yönünə baxan tərəfindəki beyit padşahın öz xətti ilə yazılıb.
Nə pafos, nə mübaliğə
İtaliyalı ədəbiyyatçı Edmond de Amicis bu əsərlə bağlı maraqlı və dəqiq müşahidəsi var. Deyir ki, "İnsan əlinin oyub işləmədiyi yeri qalmayıb. Zərafət, səbr və sərvət təəssümüdür. Heç şübhəsiz ki, büllur bir fanus altında qorunmağa dəyərdir. Bu bənzərsiz cəvahir ilk günkü kimi necə parıldaya bilir? Onu bir dəfə görmək, xəyalını ölənə qədər yaddaşdan silinməməsi deməkdir". Amicisin yazdıqlarında qətiyyən pafos yoxdur, mənə elə gəlir ki, hələ az deyib. Əsər insanı elə ovsunlayır ki, bir anlıq harda olduğunu, nə üçün dayandığını, hara getdiyini, hətta oradan nə üçün keçdiyini belə unudursan.
Üsyandan öncə son şans...
Abidədə rokoka ilə birlikdə klassik və barok tərzindən istifadə edilib. Bu, əsasən dam örtüyünün altındakı bəzəkli qabartmalarda mövcuddur. Damın iç qismi nar, armud və üzüm kimi meyvə oyuqları ilə işlənib. Damın altından aşağı doğru uzanan qaplan motivi ilə işlənmiş çini bardyor var. Künclərdəki müqərnalar memarlıq abidəsinə canlılıq qatan sütunların üzərindədir. Çiçək naxışları və barok stili ilə göz qamaşdıran çeşmə ağ mərmərdən inşa edilib. Hər bölmədə iki sətirin oyulduğu kitabələr var. Dalğavari kəmərlərlə tamamlanmış pəncərələrdə bir-birinə calanmış lalə motivləri görmək olar. Abidənin dörd tərəfində də çeşmələr axır. Fasadda ağ və qırmızı rəngli mehraba bənzər müqərnalı nişlər göz oxşayır. Bəzəkləri, oyma işləmələri, kitabələri ilə qızıl ulduzlu mücəvhər qutusuna bənzəyən abidə demək olar ki, günümüzə olduğu kimi gəlib çıxıb. III Əhməd, Patrona Xəlil üsyanı ərəfəsində taxtdan endirilərkən çeşmənin inşası demək olar ki, tamamlanmışdı. Bəlkə tamamlanmasaydı, bu gün tamamilə fərqli mənzərə ilə qarşılaşardıq.
Üsküdarda eyniadlı çeşmə
Yenə eyni vaxtda, yəni 1728-ci ildə Üsküdarda Sultan III Əhməd çeşməsi inşa edilir. Bu abidə də barok tərzindədir. Çeşmə İstanbul boğazından keçən insanların su ehtiyacını təmin etmək üçün tikilir. Lakin illər ərzində abidə hazırkı yerinə, Mehrimah Sultan Məscidinin yanına doğru daşınır. Üzərində budaq və çiçək motivlərinin olduğu abidə, mərmərinin üzərində yazılara yer verilən zərif çeşmədir. Üstündəki mərmər kitabə padşahın özü tərəfindən xəttatlıq sənəti istifadə edilərək yazılıb. Abidənin üzərindəki beyitlər dönəmin məşhur şairləri Nədim, Şakir və Rəhmiyə aiddir. Estetik görüntüsü ilə birlikdə insanı cazibəsi altına alan dizaynı var. Bu abidədə də ciddi əmək, incə əl işçiliyi ilə əsrarəngiz sənət sərgilənir. Dizaynlar arasındakı ən gözəl detallar şübhəsiz ki, lalələr, qızılgüllər, krizantem çiçəkləridir. Yeri gəlmişkən, iki abidə arasında ciddi fərq var. Biri Topqapıya yaraşan tərzdədir, daha görkəmli, dəbdəbəli, cəzbedici, biraz baş gicələndirici, digəri Üsküdarın sadəliyi, yalınlığı ilə ayaqlaşan görkəmdədir.
Üsküdarı siz bilərsiniz, amma Topqapı Sarayının önündəki eynən Amicisin dediyi kimidir, "Onu bir dəfə görmək, xəyalını ölənə qədər yaddaşdan silinməməsi deməkdir".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.