"Əş-Şaraa İsraili vətəndaş və dövlət obyektlərinə qarşı genişmiqyaslı hücumlar vasitəsilə xaos yaratmaqda günahlandırıb..."
Əs-Süveyda vilayətində baş verən və minlərlə insanın ölümünə səbəb olan qanlı toqquşmalar Birləşmiş Ştatlarla İsrail arasında Suriya məsələsində getdikcə dərinləşən fikir ayrılığını üzə çıxarır.
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşrində dərc edilmiş müəllif məqaləsində deyilir.
Müəllif yazır ki, Vaşinqton Suriyada güclü və mərkəzləşdirilmiş bir dövlət qurulmasının tərəfdarıdır. Lakin regiondakı əsas müttəfiqi olan İsrail bu mövqedə ehtiyatlıdır - yeni liderlərə etimadı yoxdur və rəsmi Dəməşqin daxilindəki rəqiblərinə üstünlük verir. Toqquşmaların baş verdiyi vaxtda ABŞ prezidenti Donald Trampın Suriya üzrə xüsusi elçisi və eyni zamanda ABŞ-ın Türkiyədəki səfiri olan Tom Barak mərkəzləşdirilmiş Suriya ideyasını dəstəklədiyini açıq şəkildə bəyan edib.
Suriya prezidenti Əhməd əş-Şaraa ilə görüşdən sonra Barak bildirib: "Federativ sistem işləmir, bunu öyrəndik". Onun əsas istəyi həm kürd regionunun, həm də cənubdakı druz icmasının daha çox güzəştə getməsidir. "Tək bir yol var və o, Dəməşqə aparır", - Barak vurğulayıb. Bu açıqlamalar əş-Şaraa üçün faktiki bir icazə kimi səslənmiş ola bilərdi: ölkənin "problematik azlıqlarını" sakitləşdirmək üçün nə etmək lazımdırsa, et.
İsrailin etimadsızlığı və hava zərbələri
İsrailin mövqeyi isə tam fərqlidir. Onlar Bəşər Əsədin devrilməsinə sevinmiş olsalar da, onun yerinə gəlmiş əş-Şaraaya da güvənmir. Keçmiş cihadçı və "Əl-Qaidə"nin Suriyadakı qolunun rəhbəri olan əş-Şaraa dekabrda hakimiyyətə gəlib və İsrail onun cənub bölgəsinə qoşun yeritməsinə qəti şəkildə qarşıdır. Tel-Əviv Cənubi Suriyanın demilitarizasiya edilmiş zona olaraq qalmasını istəyir.
Əş-Şaraa isə ABŞ vasitəçiliyi ilə İsraillə pərdəarxası danışıqlar aparır, görünür ki, tərəflər arasında razılaşma əldə olunduğunu düşünüb. Lakin Əs-Süveydada bədavilərlə druzlar arasında baş verən qarşıdurma zamanı o, bölgəyə böyük hərbi qüvvə göndərib. Bu isə İsrailin dərhal və kəskin reaksiyasına səbəb olub: onlar təkcə Əs-Süveydanı deyil, Dəməşqin özünü də bombalayıb, zərbələr prezident sarayı və müdafiə nazirliyi kompleksinə tuş gəlib.
Vaşinqtonun çaşqınlığı və "səhv" addımlar
"Axios" saytının yazdığına görə, adının açıqlanmasını istəməyən yüksək vəzifəli ABŞ rəsmisi İsrailin hava zərbələrindən sonra Təl-Əvivə dəfələrlə "dayanmaq" çağırışı edildiyini bildirib. Dövlət katibi Marko Rubio isə jurnalistlərə açıqlamasında bu zərbələrin "iki tərəf arasında anlaşılmazlığın" nəticəsi olduğunu deyib.
Amma bu anlaşılmazlığın kökü, heç də az dərəcədə olmasa belə, Vaşinqtonun özündən qaynaqlanır. Belə ki, Tramp administrasiyasının Suriya üzərindən sanksiyaları bir anda qaldırması tənqid hədəfinə çevrilib. 14 illik vətəndaş müharibəsindən sonra Suriyaya "böyüklük şansı vermək" adı ilə bu addım atılsa da, nəticədə ABŞ öz təsir imkanlarını zəiflətmiş olub.
Əş-Şaraa hər kəsi təmsil edəcəyinə söz verib. Amma onun formalaşdırdığı hökumətdə müdafiə və xarici işlər nazirləri ABŞ-ın yaxın keçimə qədər terrorçu hesab etdiyi "Hayat Təhrir əş-Şam" qruplaşmasının keçmiş üzvləridir. Digər nazirliklərə isə İdlibdə hökmranlıq etmiş "Suriya Qurtuluş Hökuməti"nin təmsilçiləri başçılıq edir.
Normallaşma xəyal olaraq qalır
Əs-Süveydada baş verən hadisələr Tramp administrasiyasının Suriya ilə münasibətləri "Avraam Razılaşmaları" çərçivəsində normallaşdırmaq planlarına da ciddi zərbə vurub. Əş-Şaraa İsraili "vətəndaş və dövlət obyektlərinə qarşı genişmiqyaslı hücumlar vasitəsilə xaos yaratmaq"da günahlandırıb - bu, onun hakimiyyətə gələndən bəri İsrailə qarşı ən sərt çıxışıdır.
Zatən İsrail-Suriya münasibətlərində tam normallaşma heç vaxt real görünməyib. Lakin son dövrlər ABŞ hər iki tərəfin məhdud əməkdaşlığına yönəlik qeyri-rəsmi təmasları təşviq edib. İndi isə İsrailin bu son hərbi müdaxiləsi hətta bu məhdud əməkdaşlıq ümidlərini belə külə döndərə bilər.
Müəllif: Aleksandra Appelberq