Laçın, 20 iyul, Aytac Haqverdiyeva, Leyla Muradzadə, AZƏRTAC
Əvvəllər cəmiyyətə təqdim edilən saxta və manipulyativ məlumatların miqyası bu qədər geniş deyildi. Lakin son dövrlərdə bu problem media sahəsində əsas çağırışlardan birinə çevrilib. Biz bu reallıqla üz-üzəyik və saxta xəbərlərlə mübarizə aparmaq üçün yeni metod və yanaşmalar tətbiq etməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri İordaniyanın Petra Xəbər Agentliyinin Xəbər departamentinin direktoru Cəmil Qadalrah Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada deyib.
O qeyd edib ki, ən vacib məsələlərdən biri ictimaiyyətin bizə olan etimadını qorumaqdır. Media qurumları üçün bu etimad çox qiymətlidir və onu itirmək olduqca asandır. Buna görə də əxlaqi və peşəkar dəyərlər media fəaliyyətimizin əsasında dayanmalıdır.
Hər bir jurnalist bu dəyərləri şəxsi karyerasının ayrılmaz hissəsi kimi görməlidir. Biz inanırıq ki, jurnalistlər, sadəcə, xəbər ötürücüsü deyil, həqiqətin qoruyucularıdır. Onların üzərinə düşən məsuliyyət yalnız informasiyanı çatdırmaq deyil, həm də onu dürüst və vicdanla təqdim etməkdir”, - deyə Cəmil Qadalrah vurğulayıb.
O əlavə edib ki, AZƏRTAC bu prinsiplərə əməl etdiyi üçün əsl düzgün xəbər mənbəyidir.