III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşün bu il ilk dəfə Xankəndi şəhərində keçirilməsi həm siyasi, həm mənəvi, həm də strateji baxımdan tarixi əhəmiyyət daşıyır. 52 ölkədən 140-a yaxın qonağın iştirak etdiyi bu beynəlxalq tədbir Azərbaycanın informasiya diplomatiyasındakı uğurlarının, söz və media azadlığına verdiyi önəmin növbəti göstəricisidir.
Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq öz haqlı mövqeyini yalnız beynəlxalq təşkilatlarda deyil, elə tarixi torpaqlarımızda, azad edilmiş şəhər və kəndlərimizdə dünya ictimaiyyətinə çatdırır:
“Prezident İlham Əliyevin Forumda səsləndirdiyi hər fikir, verdiyi hər cavab təkcə diplomatik ritorika deyildi, xalqın iradəsi, dövlətin hüquqi mövqeyi və ədalətin səsi idi. Azərbaycan lideri öz çıxışında beynəlxalq media nümayəndələrinə açıq və şəffaf mesajlar verdi, regionda sülhün və əməkdaşlığın real ünvanının məhz Azərbaycan olduğunu vurğuladı. Prezidentin vurğuladığı əsas məsələlərdən biri də informasiya təhlükəsizliyi və qərəzli media kampaniyalarına qarşı mübarizə idi. Azərbaycanın beynəlxalq informasiya məkanında getdikcə daha fəal rol oynaması bu baxımdan strateji əhəmiyyət daşıyır”.
S.Salmanova bildirib ki, beynəlxalq jurnalistlərin Xankəndidə, daha öncə isə Şuşada keçirilən tədbirlərdə iştirakı, azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işlərini yerində izləməsi, Azərbaycanın şəffaf siyasət yürütdüyünün bariz göstəricisidir:
“Ölkəmizdə media üçün açıq mühitin yaradılması, xarici jurnalistlərin işğaldan azad edilən torpaqlara səfərlərinin təşkili Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. III Şuşa Qlobal Media Forumu eyni zamanda, Ermənistanın illər boyunca dünya ictimaiyyətinə təqdim etdiyi təhrif olunmuş informasiyalara qarşı effektiv informasiya platforması rolunu oynadı. Qonaqların gördüyü reallıq – dağıntılarla yanaşı, sürətli yenidənqurma və həyatın geri dönüşü Azərbaycanın sülhə və inkişafa yönəlmiş siyasətini əyani şəkildə nümayiş etdirdi”.
Parlamentari qeyd edib ki, Milli Mətbuatın 150 illiyi ərəfəsində baş tutan Forumda Prezident İlham Əliyev Azərbaycan mediasının inkişafına və bu sahədə qazanılan uğurlara xüsusi diqqət yetirdi:
“Dövlətimizin başçısı çıxışında Azərbaycan mediasının bu gün gəlib çatdığı inkişaf mərhələsinə toxundu və bildirdi ki, bu gün Azərbaycan mediası həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Bu fikirlər göstərir ki, Azərbaycan jurnalistləri və media qurumları artıq beynəlxalq informasiya məkanında fəal iştirak edirlər. Onlar ölkəmiz haqqında həqiqətləri yaymaqla yanaşı, Azərbaycan əleyhinə aparılan qərəzli kampaniyalara da faktlarla, əsaslı mövqelərlə cavab verirlər. Bu da müasir dövrün informasiya savaşında çox vacib məqamdır. Hesab edirəm ki, bu həm ölkəmizdə söz və ifadə azadlığına yaradılan şəraitin, həm də media təmsilçilərinin peşəkarlığının göstəricisidir”.
Millət vəkili onu da söylədi ki, Prezident İlham Əliyev Forumdakı çıxışında Ermənistanla sülh prosesinə dair mövqeyini də bir daha diqqətə çatdırdı: