Vətəndaşlar hüquqlarının müdafiəsi üçün təhsil sahəsində xidmət göstərən şəxslər ilə müqavilə danışıqlarına başladıqları andan, eləcə də mübahisə yarandığı andan vəkil xidmətlərindən istifadə etsinlər.
AzEdu.az-a bu sözləri Vəkillər Kollegiyasının üzvü Babək Umudov söyləyib.
Onun fikrincə ixtisas seçimi “mütəxəssis”ləri müqavilə bağlamaqdan və ya müqavilə şərtlərinə dəyişiklik etməkdən imtina edirlərsə, vətəndaşlar həmin şəxslərdən uzaqlaşmalıdırlar
"İlk növbədə ondan başlayaq ki, təhsil şirkətləri və ya təhsil sahəsində xidmətlər göstərən “mütəxəssis” şəxslər ilə münasibətlər mütləq şəkildə müqavilə ilə ətraflı tənzimlənməlidir. Bu müqavilədə tərəflərin hüquq və öhdəlikləri ətraflı təsvir edilməlidir. Bu cür “mütəxəssis”lərə müraciət edən şəxslər xüsusilə həmin şəxslərin müqavilə öhdəliklərinə xüsusi diqqət yetirməli, şəxslərin hansı hallara görə məsuliyyət daşıyacağını, necə məsuliyyət daşıyacağını müqaviləyə qeyd etdirməlidirlər. Müqavilədə mütləq şəkildə xidmət göstərən tərəfin fərdi məlumatları (ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin və VÖEN-in məlumatları, əlaqə nömrəsi, email adresi, ünvanı) öz əksini tapmalıdır. Təəssüf ki, bir çox vətəndaşlar belə “mütəxəssis”lərə ya müqavilə bağlamadan ödəniş edirlər, yaxud da müqavilə şərtlərinə səthi yanaşaraq, həmin şəxslərin şifahi vədlərinə aldanırlar".
Vətəndaşlara ilk tövsiyəm odur ki, mütləq ödənişdən əvvəl müqavilə bağlanmasını tələb etsinlər və müqaviləni imzalamazdan əvvəl hüquqşünas dəstəyi alsınlar
"Əgər belə bir hüquqşünas tanışları yoxdursa, vəkilə müraciət etsinlər. Hüquqşünas və ya vəkil müqavilədə vətəndaşın hüquqi risklərini daha yaxşı analiz edib, bu riskləri minimuma endirmək üçün müqavilə şərtlərinə əlavə və ya dəyişikliklər edə bilər. Əgər “mütəxəssis”lər müqavilə bağlamaqdan və ya müqavilə şərtlərinə dəyişiklik etməkdən imtina edirlərsə, həmin şəxslərdən uzaqlaşmağı tövsiyə edirəm.
Müqavilə məsələsini bir formada həll etdikdən sonra digər bir tövsiyəm heç bir halda müqavilədənkənar ödəniş edilməməsidir. Müqavilədənkənar dedikdə, müqavilə bağlanmamışdan qabaq, yaxud müqavilə şərtlərinə uyğun olmayan formada və ya həcmdə ödənişləri nəzərdə tuturam. O cümlədən, ödənişlərin bank köçürməsi, yaxud post terminal vasitəsilə edilməsi və ödənişə dair rəsmi ödəniş qəbzinin tələb olunması məsləhətdir".
Bu cür “mütəxəssis”lər müqavilə şərtlərinə əməl etmədən ortadan yox olduqda, vətəndaş bağlanmış müqaviləyə istinad edərək hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət edə bilər. Müqavilə mövcud olmadıqda isə vətəndaşın hüquqi müdafiə yolları qalmır
"İşin hallarından asılı olaraq həmin “mütəxəssisin” əməllərində inzibati xəta (məsələn xırda talama), yaxud cinayət əməlləri (məsələn, dələduzluq, mövcud ola bilər, yaxud mübahisə sadəcə mülki xarakterli ola bilər. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə 160 saatdan 240 saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 3 ayadək müddətə inzibati həbs tətbiq edilir.
Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cinayət əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaqla törədildikdə və digər ağırlaşdırıcı hallarda törədildikdə daha da ağır cəzalara səbəb olacaqdır.
Tövsiyə edərdim ki, hüquqlarının müdafiəsi üçün vətəndaşlar təhsil sahəsində xidmət göstərən şəxslər ilə müqavilə danışıqlarına başladıqları andan, eləcə də mübahisə yarandığı andan vəkil xidmətlərindən istifadə etsinlər. Beləcə, vətəndaşın görə bilmədiyi hüquqi risklər vaxtında aşkar olunaraq qarşısı alına bilər, habelə tərəflər arasında mübahisə yarandıqda mübahisənin hüquqi yolla daha tez və səmərəli şəkildə həllinə nail oluna bilər".