RU

Faciəni şouya çevirənlər - Vüqar Vəliyev yazır

Faciəni

Vüqar VƏLİYEV

Azərbaycan xalqı tarixin bütün dövrlərində ailə institutuna, mənəvi dəyərlərə və əxlaqi prinsiplərə önəm verib. Bizim ailə modelimiz digərlərinə örnək göstərilib - böyüyə hörmət, kiçiyə qayğı, ailədaxili münasibətlərdə məsuliyyət və sevgi əsas sütunlar hesab edilib. Lakin təəssüf ki, bu gün bəzi televiziya kanalları reytinq xatirinə həmin sütunları laxlatmağa çalışırlar.

Son illər bəzi verilişlərdə ailə dəyərlərinə zərbələr vurulur. Gündəlik yayımlanan proqramlarda insanların ailədaxili dramları, şəxsi faciələri, boşanmalar, xəyanətlər, hətta bəzən kriminal xarakterli hadisələr “şouya” çevrilir, sanki onları legitimləşdirməyə çalışırlar.

Ən qorxulusu budur ki, belə verilişləri uşaqlar, gənclər, ailə qurmağa hazırlaşan və yeni ailə quranlar da izləyirlər. Onlar üçün bu verilişlər tədricən “gerçək həyat nümunəsi”nə çevrilir. Əgər cəmiyyət efirdəki belə zərərli fikirləri norma kimi qəbul edərsə, o zaman bu, milli dəyərlərə böyük zərbə vurmuş olacaq.

Sual yaranır: bəs niyə belə verilişlər efirə asan yol tapır? Niyə cəmiyyətə, ailəyə fayda verəcək maarifləndirici proqramlara, adət-ənənələrimizi, milli dəyərlərimizi təbliğ edən layihələrə geniş yer verilmir? Niyə xalqımızın şanlı ailə tarixinə, anaların tərbiyəsinə, ataların məsuliyyətinə, nənələrin hikmətinə, babaların örnəyinə istinadlar azalır?



Televiziya sadəcə, əyləncə vasitəsi deyil, həm də tərbiyə və təbliğat vasitəsidir. Efirdə nə göstərilirsə, cəmiyyət də onu təkrarlayır. Ona görə də efirə buraxılan hər söz, hər mövzu, hər görüntü ciddi məsuliyyət tələb etməlidir. Əgər bu məsuliyyət yoxdursa, efir cəmiyyət üçün təhlükəyə çevrilə bilər.

Təəssüflə qeyd edirəm ki, bu gün bəziləri xalqın sədaqətini, əxlaqını, ailə dəyərlərini əyləncə predmetinə çevirirlər. Elə bil, kimlərinsə faciəsi onlar üçün şoudur. Halbuki biz bu cür hallara yox, əxlaqlı, milli kimliyimizi təbliğ edən verilişlərə ehtiyac duyuruq.

Azərbaycan ailəsi nümunəvidir, güclüdür. Gəlin, ailə dəyərlərimizi ucuz reytinqə qurban verməyək!

Unutmayaq: bizi dost da, düşmən də izləyir. Efirdə təqdim olunanlar xaricdə ölkəmiz haqda fikir formalaşdırır. Xalqımızın dəyərlərinə və mədəniyyətinə sahib çıxmalıyıq.
Избранный
36
reyting.az

1Источники