RU

Tələbə təqaüdlərindən adambaşına 3 manat tutqu narazılıq yaradıb...


Azərbaycandakı ali məktəb tələbələrinin təqaüdlərindən hər ay tutulmalarla bağlı narazılıqlar səslənir. Bəzi tələbələr sosial media vasitəsilə giley edərək bildirir ki, hər ay onların razılığı olmadan 3 manat təqaüdlərindən tutulur.

İddia edilir ki, özləri də bilmədən Tələbə Həmkarlar İttifaqı Komitəsinə məcburi üzv olublar: “Təqaüdümüzdən tutulan pulun Tələbə Həmkarlar İttifaqı Komitəsinə köçürülməsi ilə razı deyiləm. Çünki bu məsələni qərarlaşdıranda məndən fikrimi soruşmayıblar. 3 manata belə ehtiyacı olan tələbələr var".

Məlumat üçün bildirək ki, bu gün ali təhsil ocaqlarında 180 mindən çox tələbə təhsil alır. Onların 70 minə qədəri dövlət sifarişi ilə oxuyur. Təxminən 35 min tələbə hər ay təqaüd alır və nəzərə alsaq ki, hər ay bu məbləğdən 3 manat tutulur, bu da ayda 100 min manatdan çox vəsaitin toplanması deməkdir.

Elşən Qafarov: “Qanunvericiliyə görə, Həmkarlar İttifaqı Komitəsinə üzv olan şəxslər üzvlük haqqı ödəyir, burda qanundan kənar heç nə yoxdur”

Mövzu ilə bağlı fikir bildirən təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bütün tələbə və təhsil işçiləri Həmkarlar İttifaqı Komitəsinin üzvüdür. Qanunvericiliyə görə, Həmkarlar İttifaqı Komitəsinə üzv olan şəxslər üzvlük haqqı ödəyir. Üzvlük haqqı da əmək haqqı və tələbə təqaüdü köçəndən 4 iş günü sonra Həmkarlar İttifaqının hesabına köçürülür. Bu proses Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq icra edilir. Onu da deyim ki, təkcə Həmkarlar İttifaqı deyil, bir sıra ictimai birliklər var ki, onların da üzvlük haqqı var. Üzvlük haqqı həmin birliklərin nizamnaməsi ilə müəyyən olunur. Nəticə etibarı ilə burda qanundan kənar hər hansı bir addım yoxdur. Tələbələrin iradları haqsızdır. Məsələ qanun çərçivəsində həyata keçirilir”.

Ramin Nurəliyev: “Tələbə məcburi olaraq bu təşkilata üzv olursa, öz istəyi ilə ərizə yazaraq oradan xaric olunmasını tələb edə bilər”

Təhsil eksperti Ramin Nurəliyev isə hesab edir ki, tələbələrin Həmkarlar İttifaqına üzv olması onların istəklərinə uyğun həyata keçirilməlidir: “Əgər tələbə məcburi olaraq bu təşkilata üzv olursa, öz istəyi ilə ərizə yazaraq oradan xaric olunmasını tələb edə bilər. Burada məcburiyyət ola bilməz”.

Günel CƏLİLOVA

Избранный
19
baki-xeber.com

1Источники