RU

Dərmanadavamlı vərəmin bəzi növlərində daha qısa müalicə rejimi effektiv ola bilər - TƏDQİQAT

Bakı, 18 iyul, AZƏRTAC

Harvard Tibb Məktəbinin (HMS) alimləri də daxil olmaqla beynəlxalq tədqiqatçılar qrupunun rəhbərliyi ilə Asiya, Afrika və Cənubi Amerikanın altı ölkəsində aparılan yeni klinik sınağın nəticələri dərmanadavamlı vərəmin bəzi formalarının fərdiləşdirilmiş və daha qısa müalicə rejimləri ilə effektiv şəkildə idarə oluna biləcəyini göstərir.

AZƏRTAC xəbər verir ki, tədqiqat nəticələri “The Lancet Respiratory Medicine” jurnalında dərc olunub.

Sınaq rifampinə və ftorxinolon antibiotiklərinə davamlı “Pre-XDR-TB” (XDR-vərəmdən əvvəlki forma) kimi tanınan vərəmin ağır forması ilə yoluxmuş xəstələrə fokuslanan ilk klinik tədqiqatdır. Bu infeksiya müalicəsi çətin və standart rejimlərə zəif cavab verən yüksək dərmanadavamlı vərəm formalarından biridir.

Tədqiqatın baş müəllifi professor Karol Mİtnik əldə edilən nəticələrin bütün xəstələr üçün universal müalicə rejimininə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, dərmanadavamlı vərəmin effektiv şəkildə müalicəsi üçün fərdiləşdirilmiş və simptomların ağırlıq dərəcəsinə uyğunlaşdırılmış yanaşmalara ehtiyac var.

EndTB-Q adlandırılan sınaqda altı və ya doqquz ay davam edən, delamanid, klofazimin və linezolid dərmanlarını ehtiva edən eksperimental müalicə rejimi ilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi və 18-24 ay davam edən standart uzunmüddətli müalicə rejimi müqayisə olunub. Sınağın məqsədi daha qısa rejimin effektivliyini və təhlükəsizliyini qiymətləndirmək və onu mövcud standartla müqayisə etmək olub. 17 aylıq izləmə dövrünün sonunda əldə edilən nəticələrə görə, daha qısa müalicə rejimi ilə müalicə olunan xəstələrin 87 faizində uğurlu nəticə qeydə alınıb. Bu göstərici uzunmüddətli müalicə rejimi üçün 89 faiz təşkil edib. Hər iki qrup, eyni zamanda, qidalanma və nəqliyyat daxil olmaqla sosial dəstək paketindən yararlanıb. Tədqiqat qeyri-aşağılıq dizaynı üzrə aparılıb və nəticələr göstərib ki, daha qısa rejim bəzi xəstələr üçün ümidverici alternativ ola bilər. Lakin qeyd olunub ki, bu rejim bütün xəstələr üçün eyni dərəcədə effektiv deyil. Xüsusilə daha ağır ağciyər zədələnməsi olan xəstələr qısa rejimə zəif cavab veriblər və onlarda residiv riski daha yüksək olub. Bu qrup üçün daha uzun müddətli və ya daha aqressiv dərmanlarla zənginləşdirilmiş müalicə tövsiyə olunur.

Professor Mitnik əlavə edib ki, dərmanadavamlı vərəm formalarına qarşı qısaldılmış rejimlərin effektivliyini daha dərindən araşdırmaq üçün əlavə statistik gücə malik yeni tədqiqatlara ehtiyac var. Mövcud məlumatlar göstərir ki, xəstəliyin ağırlıq dərəcələri və fərdi klinik xüsusiyyətlər müalicə rejiminin seçilməsində əsas rol oynamalıdır.

Vərəm hələ də dünya üzrə aparıcı yoluxucu ölüm səbəblərindən biri olaraq qalır və hər il təxminən 1,5 milyon insanın həyatına son qoyur. Xəstəliyin dərmanadavamlı formalarının yayılması və mövcud müalicələrin yan təsirləri, uzunmüddətli olması və mürəkkəbliyi bu infeksiyaya qarşı mübarizəni daha da çətinləşdirir. Tədqiqatın nəticələri göstərir ki, fərdiləşdirilmiş və daha qısa müalicə rejimləri bəzi xəstələr üçün daha uyğun seçim ola bilər, lakin bu, bütün hallara şamil edilə bilməz. Gələcək tədqiqatlar optimal rejimlərin müəyyənləşdirilməsi üçün əsas olacaq.

 

Избранный
72
47
azertag.az

10Источники