RU

III ixtisas qrupu üzrə niyə 700 bal toplayan olmadı? - ŞƏRH

Dövlət İmtahan Mərkəzinin iyulun 6-da keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, 2025-ci ildə III ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent qeydə alınmayıb. Həmin ixtisas qrupu üzrə ən yüksək nəticə 691.8 bal olub. Bu nəticə ilə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyasının bir məzunu ölkə üzrə lider olub. O, imtahanın birinci mərhələsində 294.8, ikinci mərhələsində isə 397 bal toplayaraq, maksimal göstəriciyə çox yaxın nəticə göstərsə də, 700 bala həddinə çatmağa müyəssər olmayıb.

Bu hal təkcə cari ilin statistikası ilə məhdudlaşmır. Son illərdə III ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlərin sayı ciddi şəkildə azalıb. 2025-ci ildə isə bu nəticəyə heç kimin nail olmaması artıq texniki yox, sistemli səbəblərlə bağlıdır.

III ixtisas qrupunda qiymətləndirmə sisteminin spesifik cəhətlərindən biri açıq tipli sualların çəkisinin yüksək olmasıdır. Ədəbiyyat, tarix və coğrafiya fənlərində abituriyent yalnız testlərə cavab vermir, eyni zamanda mətn əsasında esselər yazır, faktları analiz edir, münasibət bildirir. Bu isə qiymətləndirmədə obyektiv ölçü vahidlərini çətinləşdirir, çünki sualların cavabları təkcə doğru və ya yanlış deyil, şərhedici və mülahizəyə açıq olur.

Belə situasiyada iki müəllim eyni cavabı fərqli cür dəyərləndirə bilər. Bu fərqlilik bəzən abituriyentin tam bal almasını əngəlləyir, çünki cavab rubrikanın bütün bəndlərini qarşılamasa belə, mahiyyətcə düzgün ola bilər. Amma sistem mahiyyəti yox, formanı ölçür. Bu da abituriyentin zəhmətinin qarşılığını tam almamasına gətirib çıxarır.

Dövlət İmtahan Mərkəzi illərdir qiymətləndirmə meyarlarını texniki baxımdan təkmilləşdirir. Lakin bu təkmilləşmə şəffaflıq və izah sadəliyi ilə müşayiət olunmur. Açıq sualların cavabına verilən rəylərdə çox zaman “fikir tam açılmayıb”, “nəticə formalaşmayıb”, “təhlil zəifdir” kimi ifadələrə rast gəlinir. Lakin bu qeydlər konkret izaha əsaslanmadığı üçün abituriyent və valideynlər üçün qaneedici olmur. Hətta təcrübəli müəllimlər belə bəzən bu meyarların tətbiqində çaşqınlıq yaşayır. Bu isə o deməkdir ki, sistem balı yalnız standartlaşdırılmış texniki kriteriyalar əsasında verir və bu kriteriyalar çox vaxt şagirdin yaradıcı yanaşma və fərdi təhlil bacarığını nəzərə almır.

700 bal toplamaq təkcə bilik məsələsi deyil, imtahan stresini idarə etmək bacarığıdır. III ixtisas qrupunda bu yük daha ağırdır. Açıq tipli suallar üçün vaxtın düzgün bölünməsi, fikirlərin səlis şəkildə ifadə olunması, sadəcə suala cavab yox, qiymətləndiricini qane edəcək mətn təqdim olunması tələb edilir. Bu isə abituriyentin imtahan zamanı yalnız öz biliyini deyil, qiymətləndirmə sistemini də əvvəlcədən öyrənmiş və “kodu açmış” biri olmasını tələb edir. Beləliklə, 700 ballıq nəticə abituriyentin biliyi ilə yanaşı, imtahana yanaşma texnikasına nə qədər uyğunlaşa bilməsi ilə bağlı olur. Bu da artıq təhsildə bərabər imkan prinsipinə ziddir.

Избранный
67
47
aznews.az

10Источники