RU

Hansı ölkədə uşaqlar daha xoşbəxtdir?-ARAŞDIRMA

Uşaqların xoşbəxtliyi və rifah səviyyəsi bir ölkənin inkişaf göstəriciləri arasında mühüm yer tutur. Müxtəlif beynəlxalq tədqiqatlar və sosial rifah indeksləri sübut edir ki, bəzi dövlətlər uşaqlara daha təhlükəsiz, sağlam və mənalı həyat təqdim etməyi bacarır.

AzEdu.az mövzu ilə bağlı araşdırma aparıb.

Belə ki, dünya miqyasında uşaqların rifahı və xoşbəxtliyi ilə bağlı aparılan ən son beynəlxalq araşdırmalar maraqlı nəticələr ortaya qoyub. Niderland uşaqların xoşbəxtliyi üzrə dünyada birinci yerdədir.

Sıralamada uşaqların mental rifahı, fiziki sağlamlığı və sosial bacarıqları əsas meyarlar kimi götürülüb. Niderland bu sahələrin əksəriyyətində yüksək nəticə göstərərək digər Avropa ölkələrini geridə qoyub. Hesabatda qeyd edilir ki, bu ölkədə 15 yaşlı uşaqların təxminən 87 faizi həyatlarından razı olduqlarını bildiriblər.

Niderlanddan sonra Danimarka, Norveç, İsveç və Finlandiya kimi Skandinaviya ölkələri də yüksək sıralarda yer alıb. Bu ölkələrdə təhsil sistemi, sosial dəstək və ailədaxili münasibətlər uşaqların rifahına birbaşa təsir edən əsas amillər kimi göstərilir.

Maraqlı məqamlardan biri də budur ki, bu ölkələrdə məktəbə başlama yaşı nisbətən gec  adətən 6-7 yaşdır, dərs saatları isə daha qısadır. Uşaqların psixoloji rahatlığına və sosial inkişafına xüsusi önəm verilir. Eyni zamanda, ev tapşırıqlarının azlığı, açıq havada oyunların və interaktiv dərs metodlarının geniş tətbiqi, onların həyat məmnuniyyətini artıran əsas səbəblər arasında göstərilir.

Qeyd edək ki, uşaqların rifahına dair bu kimi hesabatlar yalnız iqtisadi göstəricilərə deyil, həm də uşaqların gündəlik yaşam keyfiyyətinə, təhsil sisteminin onlara verdiyi dəstəyə və sosial münasibətlərə əsaslanır. Araşdırma göstərir ki, uşaqların xoşbəxtliyi, onların yalnız məktəbdəki uğurları ilə deyil, həm də emosional və sosial baxımdan nə qədər dəstəkləndikləri ilə birbaşa əlaqəlidir.

Избранный
43
azedu.az

1Источники