Bir zamanlar səhnədə və ekranda milyonların sevimlisinə çevrilən tanınmış aktyor Allahverdi Yolçuyevdən uzun fasilədən sonra xəbər var. Bir il əvvəl parkinson diaqnozu ilə başından əməliyyat olunan sənətçi o gündən bu yana susqunluğunu qoruyurdu.
Bəs indi aktyor haradadır, nə işlə məşğuldur, onu maraqlanan varmı?
Yenisabah.az aktyor Allahverdi Yolçuyev ilə əlaqə saxlayıb, onun hazırki vəziyyəti haqqında məlumat alıb:
- Allahverdi bəy, necəsiz? Hazırda səhhətiniz necədir? Özünüzü necə hiss edirsiniz?
- Səhhətim hazırda normaldır. Evdəyəm. Heç yerə çıxmıram. Pis deyiləm
- Ötən il əməliyyat olundunuz. Əməliyyatdan sonra həyatınızda hansı dəyişikliklər baş verdi?
- Dəyişiklik deyəndə, əvvəl sağ əlim əsirdi. İndi sol əlimdə əsmələr başlayıb. Amma ümumi olaraq özümü çox da yaxşı hiss etmirəm. Bir ilə yaxındır ki, əməliyyat olunmuşam. Hər şey Allahın əlindədir.
- Müalicə prosesi davam edir? Hələ də mütəmadi nəzarətdəsiniz?
- Davamlı müalicə yox, həftədə 2 dəfə yoxlanışdan keçirəm. Müəyyən dərmanlar qəbul edirəm. Həyatım beləcə davam edir.
- Hazırda aktyorluq fəaliyyətiniz davam edir? Hər hansı layihəyə qatılmısınızmı?
- Xeyr. Heç bir fəaliyyətim yoxdur. Daha doğrusu, çağırmırlar. Ona görə də gedə bilmirəm. Amma dəvət alsam, qəbul edərəm.
- Teatr və ya kino sahəsində sizi yenidən görəcəyikmi?
- Təkliflər olsa, əlbəttə. Çünki bu xəstəlikdən qurtulmağın əsas yollarından biri də sosiallaşmaq və insan içində olmaqdır. Evdə olduqca insan daha çox özünə qapanır və passivləşir.
- Belə çıxır ki, hazırda heç bir məşğuliyyətiniz yoxdur…
- Bəli passiv həyat tərzim var. Hazırda heç bir işlə məşğul olmuram.
- Gəlir mənbəyiniz nədən ibarətdir?
- Heç bir gəlir yerim yoxdur. Hazırda 336 manat təqaüd alıram və onunla dolanıram.
- Bu çətin dönəmdə həmkarlarınızdan maraqlanan oldumu? Kimlər sizinlə əlaqə saxladı?
- Belə xüsusi bir dəstək olan, kömək göstərən heç kəs yoxdur. 1-2 dəfə zəng vuran, yemək gətirən, geyim alan həmkarlarım olub. Ondan əlavə bir köməyim yoxdur. İnşallah yenidən səhnəyə qayıdaram.