RU

Fransa hökuməti maliyyə intizamının bərpası planını təklif edir

Yeni büdcə qurbansız ötüşməyəcək

Baş nazir Fransua Bayru Fransada maliyyə intizamını bərpa etmək planını - zəruri hesab etdiyi qeyri-populyar tədbirlərin uzun siyahısını təqdim edib. O, saniyədə 5000 avro sürətlə artan xərcləri dayandırmaq və 2029-cu ilə qədər dövlət borcunun ÜDM-ə nisbətini sabitləşdirmək məqsədilə plan hazırlayıb. 

Onun üçün dövlət 43,8 milyard avroya qənaət etməlidir ki, bu da əvvəllər planlaşdırıldığından çoxdur. Vəziyyəti Prezident Emmanuel Makron mürəkkəbləşdirib: hökumətin qənaətlə bağlı  açıqlamaları ərəfəsində o, müdafiə xərclərini 3,5 milyard avro artırmaq niyyətində olduğunu bildirib.

Bayrunun planının mərkəzi elementi "ağ il" deyilən ildir, yəni pensiyaların, müavinətlərin indeksləşdirilməsi və vergi şkalasının tətbiq edilməyəcəyi bir il... İstər təqaüdçü, istər işçi, istərsə də işsiz, inflyasiya səviyyəsindən asılı olmayaraq, heç kim keçənildəkindən çox almayacaq. Səhiyyə xərcləri bütövlükdə azalacaq: dərmanların ödənişi aşağı düşəcək və işdən azad edən xəstəlik vərəqələrinə nəzarət gücləndiriləcək. 

Mərkəzçi Bayru hesab edir ki, ictimai səhiyyə sistemi əsassız olaraq səxavətlidir və zəif idarə olunur. O, "məhsuldar olmayan dövlət qurumlarını" bağlamaq, dövlət qulluqçularının sayını azaltmaq, pensiyaçılar üçün vergi endirimi sxemini dəyişdirmək istəyir. Əhalinin ən varlı təbəqələrindən və böyük biznesdən "həmrəylik töhfəsi" şəklində iştirak da tələb olunacaq.

Tərəfdarları Bayrunun onlarla bənddən ibarət planını "şok terapiyası" kimi təqdim edirlər. Əleyhdarları isə Fransa kommunistlərinin (PCF) rəhbəri Fabyen Russel kimi "mütəşəkkil dəstənin tərkibində silahlı soyğunçuluqdan" danışırlar. 

Ümumi prinsip sadədir: 2026-cı ildə 2025-ci ildən artıq xərcləmək olmaz. Bayrunun təcili tədbirləri nəticəsində, demək olar ki, bütün nazirliklər əlavə maliyyə vəsaitlərini itirəcək (Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyi istisna olmaqla: xarici təhlükəsizlik - daxili təhlükəsizlik). Funksionerlərin ixtisarı işdən çıxarılmadan baş tutacaq. Belə ki,  plan yalnız təqaüdə çıxan üç dövlət qulluqçusundan birinin əvəz olunmasından imtinanı nəzərdə tutur. Pensiya alanlar üçün faiz ayırmaları ləğv edilir, lakin əvəzində illik 2000 avro məbləğində birdəfəlik tutulma tətbiq olunacaq. 

Bayru həm də qənaət tədbiri olaraq iki qanuni bayramı - 8 May və Pasxadan sonrakı bazar ertəsini ləğv etməyi təklif edir və sonuncunu "dini əhəmiyyəti olmayan" adlandırır. 

Sosialistlərin (PS) bu yaxınlarda yenidən seçilən lideri Olivye For buna görə qəzəblənib: "Bu, dirçəliş planı deyil, fransız modelini məhv etmək planıdır. Bu, ağ il deyil, qara ildir". Hətta təmkinli dəstək gözlənilən sağçı Respublikaçılar (LR) da bu təklifi düşmənçiliklə qarşılayıblar. Milli Assambleyadakı LR fraksiyasının rəhbəri Loran Vokye "ağ il"in "fiskal qırğın üçün evfemizm" olduğunu söyləyib və vergi artımlarını ehtiva edən büdcəyə səs verməyəcəyinə söz verib. 

İfrat sağçı Milli Birlik (RN) Partiyasının rəhbəri Marin Le Pen də öz rəqibləri ilə razılaşır. O hesab edir ki, Bayru nəzarətsiz immiqrasiya və qaçqınların xərcləri, bərpaolunan enerji, Avropa xəzinəsinə ödənişlər və digər bu kimi cəfəngiyyata qənaət etməli idi. Əvəzində "zərbə yenidən fransızlara, işçilərə və təqaüdçülərə vuruldu" deyən Le Pen hökumət başçısını hədələyib: "Əgər Bayru planını yenidən yazmasa, biz onu təqaüdə göndərəcəyik".

Ekspertlər hesab edirlər ki, büdcə ilə bağlı vəziyyət payıza qədər asılı qalacağına görə hökumət üçün son dərəcə təhlükəlidir. Belə ki, baş nazirin nə manevr etmək üçün maliyyə imkanları, nə də güvənmək üçün parlament çoxluğu var. Payızda səsvermə başlayanda hazırladığı büdcə planının ilk qurbanı elə Fransua Bayru özü ola bilər.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Избранный
54
azerbaijan-news.az

1Источники