Ukraynada Ali Rada böyük səs çoxluğu ilə Denis Şmıqalın baş nazir vəzifəsindən azad edilməsini təsdiqləyib...
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
Ukrayna qanunvericiliyində nəzərdə tutulub ki, baş nazirin istefası bütün hökumətin istefası ilə nəticələnir.
Şmıqalın vəzifədən azad edilməsinin lehinə 261 deputat səs verib, əleyhinə səs verən olmayıb, dörd nəfər bitərəf qalıb, 55 nəfər səs verməyib. Hökumətin istefaya göndərilməsi üçün 226 səs lazım idi.
Qeyd edək ki, bir gün əvvəl Denis Şmıqal istefa ərizəsi təqdim edib. İyulun 16-da səhər saatlarında istefa parlamentin dövlət quruculuğu komitəsi tərəfindən təsdiqlənib.
İstefa verən nazirlər yeni hökumət təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər. Bunun iyulun 17-də baş verəcəyi gözlənilir.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski yenilənmiş Nazirlər Kabinetində Şmıqalın müdafiə naziri təyin edilməsi planlarını açıqlamışdı.
Yeni baş nazir gözlənildiyi kimi, hazırkı baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko olacaq. Zelenski artıq ona ilk altı aylıq iş üçün göstərişlər verib.
Yenilənmiş kabinetdə Aleksiy Çernışovun rəhbərlik etdiyi Ukrayna Milli Birlik Nazirliyi ləğv ediləcək. O, korrupsiyada ittiham olunur. Əvvəllər istintaq onun nazir postundan kənarlaşdırılmasını tələb etsə də, məhkəmə bu vəsatəti rədd etmişdi. Nəticədə Çernışov, gözlənildiyi kimi, portfelsiz qalacaq, lakin məhkəmə qərarı nəticəsində deyil.
Energetika naziri German Qaluşenkonu onun keçmiş müavini, hazırda Ekologiya Nazirliyinə rəhbərlik edən Svetlana Qrinçukun əvəz edəcəyi də gözlənilir.
Postundan gedən müdafiə naziri Rustem Umerov gözlənildiyi kimi, ABŞ-yə səfir kimi gedəcək. Xarici işlər naziri Andrey Sibiqa isə öz vəzifəsində qalacaq.
Həmçinin maliyyə naziri Sergey Marçenko və daxili işlər naziri İqor Klimenko da öz postlarını qoruyacaqlar. Sviridenkonu iqtisadiyyat naziri postunda onun müavini Aleksey Sobolev əvəz edəcək. Rəqəmsal transformasiya naziri Mixail Fedorov baş nazirin birinci müavini postunu tuta bilər.
Poliqon.info