Yay mövsümü deyəndə ilk ağla gələnlərdən biri sahil, günəş və təbii ki, çimərlikdə yeyilən isti qarğıdalıdır. Bir çox insan üçün bu, yay aylarının vazkeçilməz zövqlərindən sayılır. Lakin mütəxəssislər bildirirlər ki, çimərlikdə yeyilən bəzi qidalar, xüsusilə də isti qarğıdalı sağlamlıq üçün ciddi risklər yarada bilər. Qida sənayesi üzrə dosent Dmitri Bıstrov iştahaçıcı dadına baxmayaraq, isti qarğıdalının qida zəhərlənməsi yarada biləcəyini bildirib.
Ekspert bildirib ki, çimərlik qarğıdalısının əsas təhlükəsi onun hazırlanması və saxlanması zamanı sanitar normaların pozulmasıdır. Elə çimərlikdəcə qarğıdalıları yumadan çirkli qazanda bişirirlər.
Bundan əlavə, D.Bıstrov qeyd edib ki, qarğıdalı bakteriyaları daşıyan milçəkləri və digər həşəratları cəlb edir: "Qarğıdalı bişəndə çoxlu duz və yağ əlavə olunur ki, bu da hipertoniya və böyrək xəstəliyindən əziyyət çəkənlər üçün zərərlidir. Qarğıdalıda çoxlu lif var ki, həddindən artıq yeyildikdə şişkinlik, ağırlıq və köp əmələ gəlməsinə səbəb ola bilər. Xüsusən dənizə girən insan üçün bu hal təhlükəlidir. Qastrit, xora və ya pankreatitli insanlar bu cür qidalardan uzaq durmalıdır”. O, həmçinin həddindən artıq sarı, həddindən artıq qızmış və ya köhnəlmiş qarğıdalı yeməməyi tövsiyə edib. Ürəyiniz qarğıdalı çəkirsə, onu evdə təmiz şəkildə bişirib yeyin.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Sherg.az-a açıqlamasında vurğulayıb ki, harada olmasından asılı olmayaraq sağlam qidalanmanın təməlində gigiyena dayanır. Onun sözlərinə görə, insanlar yemək qəbulundan əvvəl mütləq gigiyenik qaydalara əməl etməlidirlər:

“Gigiyenik qaydalara əməl olunmadıqca, insan istənilən virusa yoluxa bilər. Bu baxımdan çimərliklərdə xüsusi diqqət yetirilməli məqamlardan biri əllərin təmizliyidir. Əllərin yuyulmadan qida qəbul edilməsi, xüsusilə açıq havada saxlanılan və gigiyenik şəraiti şübhəli olan qidalar infeksiya mənbəyinə çevrilə bilər”.
Professor həmçinin qeyd edib ki, qarğıdalı lifli və çeynənməsi çətin olan bir qida növüdür. Dənizdən çıxan kimi qarğıdalı yemək mədə-bağırsaq sisteminə əlavə yük yarada bilər. Dənizdə çimmək zamanı bədənin qan dövranı dəyişir, orqanizm temperatur balansını bərpa etməyə çalışır:
“Bu halda həzm sisteminə daha az qan axını gedir və həzm prosesi çətinləşir. Nəticədə qarın ağrısı, köp, bulantı və hətta spazm baş verə bilər. Qarğıdalı yüksək karbohidrat tərkibli bir qidadır. Qısa müddətdə enerji versə də, bu enerji bədəndə şəkərin kəskin dəyişməsinə səbəb ola bilər. Xüsusilə üzgüçülük kimi fiziki aktivlikdən sonra bu, halsızlıq, başgicəllənmə, ürəkbulanma ilə nəticələnə bilər.
Əgər qarğıdalı boş mədəyə qəbul edilirsə, bu, mədə turşuluğunu artıraraq refleks və ya qıcqırma kimi problemləri gücləndirə bilər. İsti qarğıdalının dənizdən dərhal sonra yeyilməsi bu riskləri daha da artırır.
Digər risk isə qeyd etdiyim kimi, sahil şəraitində gigiyenik normalara tam əməl olunmaması ilə bağlıdır”.
Həkimin tövsiyəsinə görə, çimərlikdə sərin və kölgəli yerlərdə saxlanılan qidalar qəbul edilməlidir:
“Günəş altında saatlarla qalan yeməklər təhlükə mənbəyidir. Boş mədəyə lifli və ağır yeməklər qəbul etməyin. Əvvəlcə yüngül bir qəlyanaltı ilə mədəni hazırlamaq faydalıdır”.