RU

Gürcüstanda bəzi cinayət əməllərini törətmiş xarici ölkə vətəndaşları deportasiya olunacaqlar

Tbilisi, 14 iyul, AZƏRTAC

Gürcüstanda bəzi cinayət əməllərini törətmiş xarici ölkə vətəndaşları həbs olunmaq əvəzinə, deportasiya ediləcəklər. Onların Gürcüstana girişi cinayətin ağırlığından asılı olaraq, iki ildən iyirmi ilə qədər və ömürlük qadağan olunacaq.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinə dəyişikliklər edilib.

Həmin dəyişikliklərlə məhkəmələrə konkret cinayətlərə görə cəza tədbiri kimi əcnəbilərin ölkəyə girişinə qadağa qoyulması ilə ölkədən qovulmadan istifadə etmək hüququ verilir. Bu dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, Gürcüstan sərhədini qanunsuz keçməkdə, miqrantları qanunsuz daşımaqda və ya qeyri-qanuni miqrantların ölkədə qalmasına şərait yaratmaqda təqsirləndirilən əcnəbilər üçün həbs cəzasına alternativ olaraq Gürcüstandan çıxarılma və müəyyən müddətə ölkəyə girişinə qadağa tətbiq oluna bilər. Eyni zamanda, oktyabrın 1-dən Cinayət Məcəlləsində Gürcüstandan deportasiyaya məhkum edilmiş və müəyyən müddətə ölkəyə gəlişi qadağan olunmuş və ya barəsində Gürcüstandan deportasiya edilməsi barədə məhkəmə qərarı olan əcnəbinin məhkəmə qərarının icrasına maneçilik törətməsi cinayət sayılacaq yeni maddə qüvvəyə minəcək. Əcnəbi səyahət sənədini qəsdən məhv etdikdə, belə sənədə malik olmadıqda, sənədin alınması prosedurundan yayındıqda və ya məhkəmənin qərarını başqa şəkildə yerinə yetirməkdən imtina etdikdə ölkədən deportasiya oluncaq və ya bir ildən altı ilədək müddətə azadlıqdan məhrum ediləcək. Bu cür hərəkətin və ya zorakılıq və ya zorakılıq hədəsi ilə müşayiət olunan hərəkətin təkrar törədilməsi beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrumetmə və ya dərhal deportasiya ilə nəticələnir.

Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, əcnəbinin Gürcüstandan çıxarılması və müəyyən müddətə ölkəyə girişinə qadağa qoyulması cinayət törətdiyinə görə Gürcüstanda statusu olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin iradəsi əleyhinə olaraq Gürcüstanı tərk etməsinin təmin olunmasını nəzərdə tutur. Belə ki, az ağır cinayətə görə iki ildən on ilədək müddətə, ağır və xüsusilə ağır cinayətə görə beş ildən iyirmi ilədək müddətə və ya ömürlük, məhkəmə işin hallarını və cinayətkarın şəxsiyyətini nəzərə alaraq, onun Gürcüstanda qalmasının məqsədəuyğun olmadığını müəyyən etdikdə, cəza növü kimi əcnəbinin Gürcüstandan çıxarılması və müəyyən müddətə bu ölkəyə girişinə qadağa qoyulması tətbiq edilə bilər. Həmçinin Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsində cəza kimi nəzərdə tutulmasa belə, deportasiya əcnəbiyə əlavə cəza kimi təyin edilə bilər.

Əcnəbinin Gürcüstandan çıxarılması və müəyyən müddətə bu ölkəyə girişinə qadağa qoyulması əcnəbinin siyasi əqidəsinə görə təqib olunduğu və ya Gürcüstan qanunvericiliyi ilə cinayət sayılmayan əməlinə görə təqib edildiyi, yaxud insan hüquqlarının və sülhün qorunması, mütərəqqi ictimai-siyasi, elmi və ya sağlamlığı üçün təhdid və ya yaradıcılıq fəaliyyətinə görə təqib edildiyi dövlətə deportasiya oluna bilməz.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
11
3
azertag.az

5Источники