RU

Azərbaycanın və Naxçıvanın tarixi, mədəni irsi UNESCO-nun İrs Siyahılarında   

UNESCO-nun həyata keçirdiyi Qeyri-Maddi Mədəni İrsin Qorunması və Ümumdünya İrs Siyahısına daxiletmə proqramları dünya xalqlarının zəngin mədəni sərvətlərinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyət daşıyır. Bu təşəbbüslər sayəsində xalqların mənəvi-mədəni yaddaşı təkcə qorunmur, eyni zamanda beynəlxalq ictimaiyyətə təqdim olunaraq onların tanınması və yaşadılması üçün geniş imkanlar açılır. Bu günlərdə “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi ictimaiyyət tərəfindən sevinclə qarşılanıb.     

Qeyd edək ki, Azərbaycanın qədim abidələr diyarı olan ulu Naxçıvanın  hər bir dağı haqqında nəsillərin yaddaşında yaşamış əfsanələr bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verir. Qədim dünyanın ən müqəddəs yerlərindən biri sayılan Gəmiqaya Ordubad rayonu ərazisində, Tivi və Nəsirvas kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıqda yerləşir. 2025-ci il iyulun 6–16-da Parisdə keçirilən UNESCO-nun 47-ci sessiyasında bu kompleks, həmçinin Qədim Qəbələ şəhəri, Azərbaycanın təqdim etdiyi nominasiya faylları əsasında siyahıya salınıb.  Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən Gəmiqaya, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biridir.

 Bu ərazi Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və Orta əsrlərə aid zəngin qayaüstü təsvirlərlə diqqət çəkir. Bu gün Azərbaycan Respublikası   beynəlxalq aləmdə fəal mövqe nümayiş etdirir. Ölkəmiz həm qeyri-maddi, həm də maddi mədəni irs nümunələrinin UNESCO siyahılarına daxil edilməsi ilə milli-mədəni dəyərlərini dünya miqyasında tanıtmağı bacarıb. Xüsusilə də Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının qədim tarixi və zəngin mədəni irsi bu siyahılarda özünəməxsus yer tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev  Gəmiqaya abidəsi haqqında demişdir: “...Bu, bildiyimiz kimi, həm təbiətin böyük bir abidəsidir, eyni zamanda insan yaradıcılığının abidəsidir. Bu abidə Azərbaycanındır. Azərbaycanın tarixini əks etdirən abidədir”. 

Tarixi mənbələrə əsasən, eramızdan əvvəl IV əsrdən etibarən Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamış, eramızın I əsrindən yazılı mənbələrdə adıçəkilən qədim Qəbələ şəhəri də Qafqaz Albaniyasının ilk paytaxtı olmuşdur. Təxminən 2500 illik tarixə malik bu şəhər uzun müddət regionun mühüm siyasi, iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.

Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş nümunələri xalqımızın tarixini, dünya görüşünü və mənəvi zənginliyini özündə dolğunluqla əks etdirir. Bu nümunələr sırasında milli musiqimizin əsas sütunu Azərbaycan muğamı (2008),  Aşıq sənəti (2009, Azərbaycan və Türkiyə ilə birgə); Novruz bayramı (2009, daha sonra 2016-da genişləndirilib, bir neçə ölkə ilə birgə); Ənənəvi xalçaçılıq sənəti (2010); Lahıc misgərlik sənəti (2015), qadın baş örtüyü mədəniyyəti olan  kəlağayı sənəti (2014) , Kamança ifaçılığı (2017, Azərbaycan və İranla birgə), Yallı rəqsi (2018) – Naxçıvana məxsus kollektiv xalq rəqsi, Çovqan – milli atüstü oyunu (2013), Dolma bişirmə mədəniyyəti (2022, bir neçə ölkə ilə birgə) yer alır. 
Qeyd edək ki, “Yallı ”(Köçəri, Tənzərə)” rəqsi Naxçıvan Muxtar Respublikasından UNESCO siyahısına daxil edilən yeganə qeyri-maddi mədəni irs nümunəsidir. Bu fakt regionun mədəni sərvətlərinin universal dəyərini bir daha sübut edir.

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş maddi abidələr Azərbaycanın memarlıq və sənətkarlıq sahəsindəki  əvəzsiz irsini nümayiş etdirir. Hazırda bu siyahıda İçərişəhər, Şirvanşahlar sarayı kompleksi və Qız qalası (2000), Qobustan Qayaüstü Rəsmləri (2007); Şəki Xan Sarayı və tarixi şəhər hissəsi (2019); Xınalıq kəndi və Köç yolları (2023) özünəməxsus  yer tutur. Bu məkanlar təkcə tarixi və estetik baxımdan deyil, həm də mədəni təbəqələşmənin qorunub saxlandığı nadir nümunələr kimi xüsusi əhəmiyyət kəsb edir. 

Naxçıvan Muxtar Respublikası  həm də Azərbaycanın qədim mədəniyyət beşiyi – həm maddi, həm də qeyri-maddi irs baxımından zəngin potensiala malikdir. Bu günə qədər Momuna Xatun türbəsi, Yusif ibn Kuseyr türbəsi, Gülüstan türbəsi, aşıq sənətinin canlı formaları, Duzdağ mağarası və digər abidələr UNESCO-nun ilkin siyahısında yer almaqdadır. Bu irs nümunələrinin siyahıya salınması Naxçıvanın beynəlxalq mədəni irs sisteminə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Onların tam siyahıya daxil edilməsi üçün isə geniş elmi-tədqiqat işləri və sistemli təqdimat siyasəti olduqca vacibdir. 

UNESCO irs siyahılarında təmsil olunmaq hər bir xalq üçün tarixi və mənəvi üstünlükdür. Azərbaycanın bu sahədə qazandığı uğurlar təkcə mədəni deyil, həm də sosial və iqtisadi baxımdan önəmlidir. Belə tanınma nəticəsində: Mədəni irsin qorunması üçün maliyyə dəstəyi artır, Turizm potensialı güclənir, Elmi-tədqiqat layihələritəşviq olunur, Gənc nəslin milli irsə marağı artır.

Azərbaycanın və Naxçıvanın UNESCO xəritəsindəki yeri göstərir ki, xalqımızın yaratdığı mədəni sərvətlər yalnız milli deyil, həm də bəşəri əhəmiyyət daşıyır.  

Bu mirasın qorunması və təbliği isə tarix qarşısında böyük məsuliyyət, gələcək nəsillər qarşısında isə əvəzsiz töhfədir.

Gülxarə Əhmədova ,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Избранный
25
adalet.az

1Источники