RU

Yeni Kaledoniya razılaşması imzalandı: Azərbaycanın dəstəyi beynəlxalq səviyyədə tanındı

Fransa hökuməti ilə Sakit okeandakı Yeni Kaledoniya ərazisinin siyasi qüvvələri arasında iyulun 12-də imzalanmış razılaşma bu regionun siyasi gələcəyində dönüş nöqtəsi sayıla bilər. Parisdə keçirilən və on gün davam edən yüksək səviyyəli sammit nəticəsində tərəflər “Yeni Kaledoniya Dövləti” adlı yeni institusional qurumun yaradılması barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu qurum Fransa Konstitusiyası çərçivəsində tanınacaq və müəyyən dərəcədə Fransadan asılı olaraq fəaliyyət göstərəcək.

Lakin bu, sadə bir inzibati islahat deyil, Fransa tarixində və dövlət strukturunda mühüm presedent sayıla biləcək addımdır.

KALED.jpg

Razılaşmaya əsasən, Yeni Kaledoniya Fransanın tərkibində qalsa da, geniş muxtariyyət əldə edəcək, ayrıca vətəndaşlığı olacaq və beynəlxalq münasibətlər sahəsində müəyyən funksiyaları öz üzərinə götürəcək. Bu razılaşma yalnız Fransa parlamentində səsvermə ilə təsdiqləndikdən və Yeni Kaledoniya əhalisi tərəfindən referendum yolu ilə qəbul edildikdən sonra qüvvəyə minəcək.

Layihənin ilkin mərhələsində Parisdə danışıqlarda iştirak etmiş şəxslər Kanakiyə geri dönərək sənədi təmsil etdikləri hərəkatlara təqdim etməlidirlər.

Yeni statusun hüquqi çərçivəsi 2026-cı ildə qəbul ediləcək fundamental qanunla müəyyən ediləcək. Bu sənəd ölkənin yeni adını, bayrağını, himnini və digər simvollarını formalaşdıracaq.

Yeni qanun layihəsi Yeni Kaledoniya Konqresinin 3/5 səs çoxluğu ilə qəbul ediləcək və bu proporsiya dəyişikliklər üçün də keçərli olacaq. Konqresin tərkibi də dəyişdirilərək, 54-dən 56 nəfərə çatdırılacaq. Fundamental qanun eyni zamanda 1998-ci il tarixli Noumea Sazişinin bu sənədlə ziddiyyət təşkil etməyən müddəalarını qüvvədə saxlayacaq.

Yeni Kaledoniya diplomatik fəaliyyətə başlaya biləcək, lakin bu fəaliyyət Fransa dövlətinin beynəlxalq öhdəlikləri və maraqları ilə uyğunlaşdırılacaq. Fransa öz diplomatik münasibətlərində Yeni Kaledoniyanın maraqlarını, xüsusilə də xarici ticarətlə bağlı məsələləri nəzərə almağa və dəstək göstərməyə razılaşıb. Fransa həmçinin Yeni Kaledoniyanın beynəlxalq təşkilatlarda daha geniş təmsil olunmasını və beynəlxalq inteqrasiyasını dəstəkləyəcək. Bu məqsədlə Fransa ilə Yeni Kaledoniya arasında daimi dialoq mexanizmi yaradılacaq. Bununla belə, Yeni Kaledoniyanın BMT-də ayrıca yerə malik olması hazırda nəzərdə tutulmur.

Müdafiə sahəsində Fransa öz səlahiyyətlərini qoruyacaq, lakin Yeni Kaledoniya da bu sahəyə inteqrasiya ediləcək. Fransa ərazidəki Silahlı Qüvvələri vasitəsilə Yeni Kaledoniyanın ərazi bütövlüyü və əhalisinin təhlükəsizliyinə zəmanət verəcək. Könüllü hərbi xidmət bölməsi yaradılacaq, mövcud Adaptasiya Edilmiş Hərbi Xidmət Alayı isə gücləndiriləcək. Təhlükəsizlik və ictimai asayiş sahəsində də Fransa kompetensiyasını saxlayır, lakin bölgədə Təhlükəsizlik üzrə Ali Kaledoniya Şurası yaradılacaq və yerli polis strukturlarına imkan veriləcək. Ənənəvi bölgələrdə adət-ənənə polisləri də formalaşdırılacaq.

KALED

Fransa dövlətinin müdafiə, təhlükəsizlik, valyuta, ədliyyə və qanuniliyin təmin olunması kimi müstəsna səlahiyyətlərinin bir qisminin gələcəkdə Yeni Kaledoniyaya ötürülməsi nəzərdən keçirilə bilər. Bu, yalnız Yeni Kaledoniya Konqresinin qərarı və yerli əhali tərəfindən keçiriləcək səsvermənin nəticəsi əsasında mümkün olacaq. Belə bir ssenaridə Fransa ilə Yeni Kaledoniya arasında xüsusi işçi qrupu yaradılacaq və ötürülmənin şərtləri birgə hazırlanacaq.

2026-cı ildən etibarən Yeni Kaledoniya vətəndaşlığı təsis ediləcək. Sakinlər həm Kaledoniya, həm də Fransa vətəndaşlığına malik olacaq və eyni zamanda Avropa İttifaqı vətəndaşı kimi hüquqlarını qoruyub saxlayacaqlar. Fransa vətəndaşlığından imtina, Kaledoniya vətəndaşlığından da imtina anlamına gələcək.

Fransa dövləti və Yeni Kaledoniya arasında Maliyyə və İqtisadi Bərpaya dair Pakt imzalanacaq. Bu sənəd nikelin istismarına dair strateji planı, həmçinin səhiyyə, təhsil, nəqliyyat, sosial rifah, gənclər siyasəti və digər sahələri əhatə edən xüsusi ictimai proqramların həyata keçirilməsini nəzərdə tutur. Bu tədbirləri Fransa Baş nazirinin rəhbərlik etdiyi, Fransanın dənizaşırı naziri yanında fəaliyyət göstərəcək nazirlərarası missiya icra edəcək.

Yeni Kaledoniyada avroya bağlı olan Sakit Okean frankı valyuta vahidi olaraq qalacaq. 2026-cı ildən bölgədə 15 il daimi yaşayan şəxslərin də regional seçkilərdə səsvermə hüququ olacaq. Bu dəyişiklik 2024-cü ildə bölgədə baş vermiş ciddi iğtişaşların əsas səbəblərindən biri idi. Yeni seçki sistemi nəticəsində əlavə olaraq 12 min insan regional seçkilərdə iştirak edə biləcək.

Razılaşmanın icrasına nəzarət məqsədilə Fransa dövləti ilə Yeni Kaledoniya siyasi qüvvələrinin daxil olduğu Nəzarət Komitəsi yaradılacaq. Həmçinin layihə yekunda xalq səsverməsinə təqdim ediləcək.

Razılaşmanın həyata keçirilməsinə dair təqvim də müəyyən edilib. 2025-ci ilin iyulunda layihə imzalanacaq, həmin ilin payızında Fransa Konstitusiyasına dəyişikliyi nəzərdə tutan qanun qəbul ediləcək və regional seçkilərin 2026-cı ilin iyununa keçirilməsi təsdiqlənəcək. 2026-cı ilin fevralında Yeni Kaledoniya əhalisi arasında referendum keçiriləcək. Əgər layihə təsdiqlənsə, mart-aprel aylarında xüsusi orqanik qanun qəbul olunacaq və iyun ayında Konqres seçkiləri keçiriləcək.

Yeni Kaledoniya bu razılaşma ilə öz müqəddəratını təyin etmək hüququnu qoruyur. Bu, Fransa daxilində konstitusional presedent yaradır və gələcəkdə status dəyişikliyi tələb edən digər ərazilər – məsələn, Korsika – üçün örnək ola bilər. Bu da Fransa Konstitusiyasının dəyişdirilməzliyi haqqında illərlə irəli sürülən iddialara zərbə vurur.

Bu razılaşmanın əldə olunmasında Fransa Prezidenti Emmanuel Makronun şəxsi iştirakı və Yeni Kaledoniya məsələsinin beynəlmiləlləşməsi həlledici rol oynayıb. Bu beynəlmiləlləşməyə töhfə verən əsas aktorlardan biri kimi Bakı Təşəbbüs Qrupu çıxış edib.

KALEN.jpg

Bakı Təşəbbüs Qrupu 2023-cü ildən etibarən Fransanın dənizaşırı ərazilərində – o cümlədən Yeni Kaledoniyada müstəqillik tərəfdarı olan hərəkatlara informasiya və diplomatik dəstək göstərməyə başlayıb. 2024-cü ilin mayında BTQ Kanaki liderləri ilə BMT-də görüşlər təşkil edib və Fransanın seçki islahatlarını tənqid edən birgə bəyanat yayaraq, diqqətləri bu məsələ üzərinə cəlb edib.

Qrupun fəallığı nəticəsində Kanaki liderləri daha çox beynəlxalq platformalarda çıxış etməyə və Fransa hökumətinə təzyiqlər göstərməyə başladılar. Eyni zamanda, Azərbaycanın və BTQ-nin dəstəyi ilə Yeni Kaledoniya məsələsi qlobal müzakirə predmetinə çevrildi.

RESMİ

Bununla belə, BTQ-nin fəaliyyəti Fransa tərəfindən müdaxilə kimi qiymətləndirildi və bəzi Kaledoniya liderləri bu müdaxiləyə etiraz etdilər. Nəticədə Azərbaycanla imzalanmış bəzi memorandumların ləğvi ilə bağlı çağırışlar da meydana gəldi. Buna baxmayaraq, Bakı Təşəbbüs Qrupu razılaşmanın imzalanmasına aparan beynəlxalq təzyiq mühitinin formalaşmasında önəmli rol oynadı. Onların fəaliyyəti nəticəsində Yeni Kaledoniya məsələsi regional narazılıqdan çıxaraq beynəlxalq dekolonizasiya diskursunun bir hissəsinə çevrildi.

Beləliklə, Yeni Kaledoniya ilə bağlı imzalanan razılaşma yalnız yerli siyasi aktorlar arasında deyil, beynəlxalq dəstək və təzyiqlərin sintezində formalaşmış bir nəticədir. Bu sənəd təkcə Kanaki xalqı üçün deyil, Fransa Respublikasının gələcək daxili strukturunun yenidən dizaynı baxımından da tarixi əhəmiyyətə malikdir.

Musavat.com

Избранный
20
4
musavat.com

10Источники