AZ

Fransa Kanakidə uduzur: Azərbaycanın diplomatiyası imperiyanı geri çəkilməyə məcbur etdi

Yeni Kaledoniyanın (Kanaki) gələcək statusu ilə bağlı iyulun 12-də Parisdə imzalanan layihə əslində təkcə Fransanın dənizaşırı ərazilərində deyil, bütün dünyada dekolonizasiya hərəkatı üçün mühüm dönüş nöqtəsi oldu. Çünki Fransa illərlə saxladığı və məhz “toxunulmaz” adlandırdığı imperiya çərçivəsində ilk dəfə açıq şəkildə geri çəkilməyə məcbur qaldı və Yeni Kaledoniyanın öz müqəddəratını təyin etmək yolunda real addımlar atmasına razılıq verdi.

Bu prosesdə Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun oynadığı mühüm rol isə beynəlxalq münasibətlər tarixində yeni bir səhifə açır.

İmzalanan layihənin ən önəmli məqamı ondan ibarətdir ki, Yeni Kaledoniya “Fransa tərkibində unikal institusional qurum” statusu alır və onun adı, bayrağı, himni və digər dövlətçilik atributları dəyişdirilə bilər. Bundan əlavə, Kanaki xalqı Fransa vətəndaşlığı ilə yanaşı öz vətəndaşlığına malik olacaq və ikili vətəndaşlıq hüququ təmin ediləcək.

Fransa uzun müddət ərzində belə bir statusu mümkün saymır, konstitusiyasını dəyişməz elan edir və dənizaşırı ərazilər üzərində tam suverenlik iddiasından geri çəkilmirdi. Lakin artıq 2025-ci ilin sonuna qədər Fransa Konstitusiyasına dəyişiklik ediləcək və bu dəyişiklik Yeni Kaledoniya üçün hüquqi zəmanətlər yaradacaq.

Bu, təkcə Kanaki üçün deyil, digər ərazilər – məsələn, Korsika üçün də presedent yaradır. Beləliklə, Fransa imperiya siyasətinin özəyini təşkil edən “vahid və bölünməz Fransa” doktrinası real olaraq iflasa uğrayır.

Layihənin danışıqlar mərhələsində və imzalanmasında Fransa Prezidenti Emmanuel Makronun şəxsən iştirak etməsi həm daxili, həm də beynəlxalq təzyiqlərin nə qədər güclü olduğunu göstərir. Çünki 2024-cü ildə Parisin Kanakidə irəli sürdüyü regional seçki dəyişiklikləri ciddi iğtişaşlara və zorakılıqlara yol açmış, Fransa əleyhinə etirazlar ölkənin beynəlxalq nüfuzuna zərbə vurmuşdu.

Fransa anlayır ki, özünün hərbi və inzibati üstünlüyü ilə bu əraziləri nəzarətdə saxlamaq daha mümkün deyil. Üstəlik, beynəlxalq aləmdə sürətlənən dekolonizasiya dalğası, o cümlədən BMT-də və digər platformalarda artan tənqidlər Parisin manevr imkanlarını məhdudlaşdırdı.

Bu prosesdə Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun rolu xüsusilə qeyd olunmalıdır. Bakı Təşəbbüs Qrupu, üzv dövlətlərin səsi ilə Fransa və digər kolonial gücləri beynəlxalq platformalarda ardıcıl və prinsipial şəkildə tənqid edərək Kanaki məsələsini beynəlmiləlləşdirdi.

Bakı bu məsələdə yalnız siyasi bəyanatlarla kifayətlənmədi, həm də diplomatik təşəbbüslərlə Kanakinin məsələsini gündəmdə saxladı, Fransa hökumətini danışıqlar masasına oturmağa məcbur etdi. Parisdə baş tutan danışıqlar və nəticədə əldə olunan razılaşma göstərdi ki, Azərbaycanın kolonializmə qarşı mövqeyi artıq real nəticələr verir və beynəlxalq aləmdə ciddi təsir gücünə malikdir.

Makron özü də açıq şəkildə etiraf etdi ki, məsələ artıq sadəcə Fransa ilə Kanaki arasındakı daxili məsələ deyil, beynəlxalq müstəviyə keçmişdir. Bu isə Azərbaycanın dəstəklədiyi xəttin tam qələbəsi deməkdir.

Fransa rəsmiləri və müstəqillik əleyhdarları hər nə qədər bu razılaşmanı “uğur” kimi təqdim etməyə çalışsalar da, fakt odur ki, Paris həm daxili legitimliyini, həm də beynəlxalq nüfuzunu ciddi şəkildə itirdi. Artıq Fransa dənizaşırı ərazilərdə qarşısıalınmaz müstəqillik dalğasının qarşısında dayana bilmir və məcburən geri çəkilir.

Bunu həm də Fransa və Yeni Kaledoniya arasında qurulacaq maliyyə və iqtisadi bərpa paktı, nikelin istismarına dair strateji plan və digər maddələrdən görmək olar. Paris bütün bu güzəştləri sadəcə “sakitlik” və mövcud təsir imkanlarının qalıqlarını qorumaq üçün etməyə məcburdur.Yeni Kaledoniya ilə bağlı əldə edilən razılaşma Azərbaycanın beynəlxalq münasibətlərdə nə qədər bacarıqlı diplomatiya yürüdə bildiyini bir daha sübut etdi. Bakı yalnız sözlərlə deyil, konkret hərəkətlərlə Fransanı beynəlxalq öhdəliklərinə əməl etməyə məcbur etdi, Kanaki xalqına öz müqəddəratını təyin etmək yolunda mühüm dəstək verdi.


Bu, Azərbaycanın kolonializmə qarşı prinsipial mövqeyinin növbəti real nəticəsi kimi tarixə düşür. Fransa isə imperiya kölgəsindəki mövqelərini bir-bir itirir və artıq özünü “toxunulmaz” saydığı konstitusiyasına belə dəyişiklik etməyə məcbur qalır.

Yeni Kaledoniya presedenti sübut edir ki, dünya dəyişir və Azərbaycanın da aktiv iştirakı ilə beynəlxalq hüququn əsas prinsipləri bərpa olunur.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
13
11
musavat.com

10Mənbələr