RU

Əbu-Dabi görüşü: Azərbaycanın liderliyi bir daha təsdiqləndi

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan  Prezidenti İlham Əliyevlə Ermənistanın  Baş naziri Nikol Paşinyan arasında baş tutan  ikitərəfli görüş postmüharibə mərhələsində başlayan sülhyaratma prosesində irəliyə doğru atılmış mühüm addımdır . İkitərəfli formatda aparılan müzakirələr Cənubi Qafqazın gələcəyi, regionun yeni siyasi-iqtisadi arxitekturasının və təhlükəsizlik mühitinin formalaşması baxımından böyük əhəmiyyət daşıyır.

Görüş artıq tarix olsa da, şübhə yoxdur ki, onunla bağlı müzakirələr hələ uzun müddət davam edəcək.  Bu da gündəliyin aktuallığı ilə bağlıdır. Sülhyaratma prosesində yeni səhifə açılır ki, burada da Azərbaycanın qətiyyətli mövqeyi, Prezident İlham Əliyevin liderliyi və təşəbbüsləri əsas faktorlar qismində çıxış edir.

Qalib Azərbaycanın növbəti diplomatik uğuru

Əbu-Dabi görüşü qalib Azərbaycanın növbəti diplomatik uğurudur və sülhyaratma prosesində ölkəmizin liderliyinin qəbul edilməsinin əyani təzahürüdür. Burada bəzi məqamlara xüsusi olaraq diqqət çəkə bilərik.

İlk növbədə onu vurğulamaq lazımdır ki, sülhyaratma prosesinə məhz Azərbaycanın 44 günlük müharibənin nəticələrinə uyğun olaraq yaratdığı reallıqlar sayəsində başlamaq mümkün olub. Bundan əvvəl Ermənistan sırf müharibə ritorikasından çıxış edirdi. Hətta bu ölkənin hərbi-siyasi rəhbərliyinin bir sıra təmsilçiləri “yeni ərazilər uğrunda yeni müharibə” tezisini dövriyyəyə buraxmışdılar. Ordumuzun şanlı Zəfəri sayəsində işğalçı Ermənistan ram olundu, kapitulyasiyaya məruz qaldı və beləliklə də, sülh prosesinə başlamaq üçün imkanlar açıldı. 

İkinci mühüm məqam ondan ibarətdir ki, qalib Azərbaycan 44 günlük müharibə başa çatdıqdan sonra yaratdığı reallıqlara istinad etməklə ilk olaraq sülh təşəbbüsünü irəli sürdü və  qarşı tərəfə beş bənddən ibarət sülh paketi göndərdi. Həmin sənəddə sülhyaratma prosesinin beynəlxalq hüquq normalarına uyğun olan  baza prinsipləri əksini tapmışdı. Əgər Ermənistan rəhbərliyi də həmin sənədə səmimiyyətlə qarşılıq versəydi, heç şübhəsiz ki, proseslər daha sürətlə irəliləyərdi. Ancaq biz zaman-zaman qarşı tərəfin müxtəlif manipulyasiyalara əl atdığının, əsassız iddialar ortaya qoyduğunun şahidi olduq ki, bu da ləngimələrə gətirib çıxartdı.

Üçüncü məqam: İndiyədək sülhyaratma prosesinin ləngiməsinin digər bir səbəbi bəzi regiondankənar güclərin və vasitəçilərin danışıqlarda aparıcı rol almaq cəhdləri ilə bağlı olub. Məlumdur ki, ötən beş ildə Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi məqsədilə Moskva, Brüssel və Vaşinqton kimi formatlarda danışıqlar aparılıb. Ancaq işğal dövründə Minsk qrupunun fəaliyyəti necə səmərəsiz idisə, qeyd olunan formatlar çərçivəsində də hansısa bir uğur əldə olunmadı. Açıq demək lazımdır ki, vasitəçilərin sülh gündəliyini öz maraqları ilə uzlaşdırmaq və bununla da Cənubi Qafqazda uzunmüddətli mövcudluqlarına nail olmaq cəhdləri nəticəyönümlü danışıqlar aparılmasını daim əngəlləyirdi. Vasitəçilər arasında heç də xoş niyyətli olmayan açıq rəqabət yaranmışdı ki, bu da bütövlükdə regionun maraqlarına uyğun deyildi. Təbii ki, belə vasitəçiliyi Azərbaycan qəbul edə bilməzdi və etmədi də. Belə olan halda Özünün də vurğuladığı kimi, nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev danışıqların ikitərəfli formatda aparılması təşəbbüsünü irəli sürdü və mövqeyini əsaslandırdı. 2023-cü ilin payız aylarından etibarən respublikamız ikitərəfli formatın təsbit olunması istiqamətində israrlı yanaşma sərgiləyir. Qarşı tərəf də bunu qəbul etmək məcburiyyətində qaldı.

Məhz ikitərəfli formatda aparılan danışıqlar sülyaratma prosesində ciddi dinamika yaradıb. Xatırladaq ki, 19 aprel 2024-cü ildə Azərbaycanın və Ermənistanın müvafiq komissiyalarının rəhbərlərinin sərhəddə baş tutan görüşündə Qazağın zamanında işğal altına düşən 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) Azərbaycana qaytarılması ilə bağlı razılıq əldə olunub.  Burada razılaşmanın kənar güclərin iştirak etmədiyi görüşdə əldə olunması mühüm əhəmiyyət daşıyır. Bununla da ikitərəfli dialoqun daha nəticəyönümlü olduğu praktikada təsdiqləndi. “...Əslində, bizə vasitəçi lazım deyil. Biz Ermənistanla dövlət sərhədinin delimitasiyasını vasitəçilərsiz etdik. Sadəcə olaraq, onlara bildirdik ki, Qazax rayonunun dörd kəndi bizə qeyd-şərtsiz qaytarılmalıdır və bunu son dəfə mən bu ilin (2024-cü ilin - red.) fevral ayında demişəm. Hesab edirəm ki, bu sözlər çox tutarlı oldu və ondan sonra heç bir vasitəçisiz, heç bir qeyd-şərtsiz Qazaxın dörd kəndi, - hansı ki, işğal altında idi, - bizə qaytarıldı. Beləliklə, biz nəinki delimitasiyanı, hətta demarkasiyanı da başlamışıq. Ona görə danışıqlarda da bizə heç bir vasitəçi lazım deyil. Ermənistan da buna bel bağlamasın”, - deyə Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında vurğulayıb. 

Bundan sonra ikitərəfli formatda aparılan danışıqların nəticəsi olaraq daha bir mühüm uğur qazanıldı- 2025-ci ilin mart ayında iki ölkə arasında imzalanacaq sülh müqaviləsinin bütün mətni razılaşdırıldı.

Məhz indiyədək Azərbaycanın liderliyi ilə başlayan  ikitərəfli formatda aparılan danışıqlarda əldə olunan bu kimi uğurlar qarşılıqlı etimad mühitinin yaranması və yüksəksəviyyəli Abu-Dabi görüşünün baş tutmasına zəmin yaradıb. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, görüşdə  dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. Bildirilib ki, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Abu-Dabi görüşündə əldə olunan razılaşmalar Azərbaycanın mövqeyinə və milli maraqlarına tam uyğundur. Bu razılaşmalar onu deməyə əsas verir ki, ikitərəfli formatda aparılan danışıqlar tərəfləri heç vaxt olmadığı qədər sülhə yaxınlaşdırıb. Bununla belə yekun sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın iki mühüm şərti qüvvədə qalır. Ermənistan rəhbərliyi bu ölkənin konstitusiyasının dəyişdirlməsi ilə bağlı ölkəmizin haqlı tələbini yerinə yetirməlidir. Çünki burada Ermənistanın respublikamıza qarşı ərazi iddialarını özündə ehtiva edən müddəalar var. Həmin müddəalar əsas qanundan çıxarılmayacağı təqdirdə yekun sülh müqaviləsinin imzalanmasının da hüquqi əsası olmayacaq.

Azərbaycan həmçinin de-fakto mövcud olmayan Minsk qrupunun de-yure də ləğvinə nail olmaq istəyir. Bundan ötrü Ermənistan da qurumun ləğv edilməsi ilə bağlı ATƏT-ə müvafiq qaydada müraciət ünvanlamalıdır. Yekun sülh sazişinin mümkün qədər tez imzalanması üçün ölkəmizin bu haqlı şərti də yerinə yetirilməlidir. Qeyd olunan iki qanuni tələb Ermənistan tərəfindən yerinə yetirildikdən sonra sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayacaq.

Beynəlxalq birlik təqdir edir

Azərbaycan və Ermənistan liderlərinin Abu-Dabidə baş tutan görüşü transmilli mediada geniş əks-səda doğurub. O cümlədən ayrı-ayrı ölkələrdən və beynəlxalq təşkilatlardan görüşlə bağlı reaksiyalar özünü çox gözlətməyib. “Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün səyləri dəstəkləyir”. Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Tramp administrasiyası və Dövlət katibi Rubionun yanaşması öz sözünü deyir. “O, kabinet iclasında da ABŞ-ın sülh üçün çalışan bir administrasiya olduğunu söyləyib. Onlar bunun üçün nə lazımdırsa, edəcəklər. Bu dəyişməyib. Bu, “Amerikanı yenidən böyük etmək” öhdəliyinin əsas mahiyyətidir və əlbəttə ki, ətrafımızdakı dünyanın vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır”, - deyə o qeyd edib.

Qonşu Rusiyadan da oxşar məzmunlu açıqlama gəlib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Əbu-Dabidə Azərbaycan ilə Ermənistan arasında keçirilən danışıqları alqışlayır. Kremlin nümayəndəsinin sözlərinə görə, Rusiya müxtəlif səviyyələrdə iki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasını alqışlayacağını dəfələrlə bəyan edib. D.Peskov vurğulayıb ki, belə bir sazişin bağlanması regiona gözlənilən sabitlik və sülh gətirəcək mühüm amil olacaq. O qeyd edib: “Biz bu prosesi bütünlüklə dəstəkləyirik”.

Həmçinin Avropa İttifaqı (Aİ) da Abu-Dabi görüşünü alqışlayıb. Bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper deyib. Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı tarixi görüşə Avropa İttifaqının münasibəti haqqında danışan Hipper, normallaşma prosesində atılan bütün addımların Aİ tərəfindən dəstəkləndiyini bildirib.

Mübariz ABDULLAYEV

Избранный
39
31
yeniazerbaycan.com

10Источники