ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 12 iyul, AZƏRTAC
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş bir neçə aspektdən mühüm əhəmiyyət kəsb edir. Hər şeydən öncə, heç bir vasitəçi olmadan ikitərəfli formatda görüşün keçirilməsi qarşılıqlı etimad mühitinin yaradılmasında mühüm rol oynayır. İkincisi, bu görüş Azərbaycanı öz hədəflərinə - Zəngəzur dəhlizinin açılması, Cənubi Qafqazda sülhün əldə olunması və s. məqsədlərinə çatması üçün vacibdir. Üçüncüsü, danışıqların konstruktiv atmosferdə keçməsi, görüşdən sonra ayrı-ayrı sahələr üzrə işçi qruplarının yaradılması, ali səviyyədə təmasların davam etdirilməsi ilə bağlı ümumi razılığın ifadə olunmasıdır. Müşahidələr göstərir ki, Ermənistan tərəfi Azərbaycanın tələbləri qarşısında geri çəkilib. İrəvanın mövqeyindəki yumşalma ölkəmizin hərbi, iqtisadi və diplomatik gücünün sayəsində mümkün olub.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərinin seçilməsi heç də təsadüfi deyil: “BƏƏ həm Azərbaycan, həm də Ermənistanla normal münasibətlərə malikdir. Bu mənada Əbu-Dabi iki ölkə arasında baş verənlərlə bağlı neytral mövqe sərgiləyir. Azərbaycan tərəfinin də görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərini seçməsi məhz bununla bağlıdır. BƏƏ Azərbaycan ilə Ermənistan liderləri arasında baş tutan bu görüşdə heç bir tərəf rolunu oynamır. Sadəcə, görüş üçün şəraiti və mühiti təmin edir. Danışıqlarda vasitəçiyə ehtiyac yoxdur. Qarşılıqlı olaraq açıq qalan sualların və bir çox məsələlərin iki ölkə arasında birbaşa həlli hər iki tərəf üçün məqsədəuyğundur. Görüşdə əldə olunan razılıq əsasında sərhədin delimitasiyası prosesi ilə bağlı əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar verilib. Kommunikasiya xətlərinin açılması və dövlətlərarası münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilən razılaşma da xüsusi əhəmiyyət kəsb edir. Razılaşdırılan bu məqamlar Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesində çox mühüm amillərdir”.
Mehriban Vəliyeva qeyd edib ki, bu günə qədər Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları fərqli formatlarda vasitəçilərin iştirakı ilə aparılıb: “ABŞ, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə iki tərəf arasında görüşlər təşkil edilmişdi. Amma əldə edilən nəticələrin əksəriyyəti məhz Azərbaycan ilə Ermənistan arasında ikitərəfli formatda aparılan müzakirələrin nəticəsində mümkün olub. Bu da göstərir ki, ikitərəfli və vasitəçisiz dialoq formatı özünü doğruldur və işlək mexanizmə çevrilir. Sərhədlərin delimitasiyası və sülh mətni üzərində əldə edilən effektiv nəticə Cənubi Qafqazda Azərbaycanın siyasi iradəsinin və mövqeyinin həlledici olduğunu göstərir. Açıq etiraf olunmasa da, hər kəsə bəllidir ki, bu prosesləri idarə edən rəsmi Bakıdır. 2020-ci ildə əldə etdiyimiz Zəfərə qədər Ermənistan vasitəçilərə güvənərək özlərinin qeyri-konstruktiv mövqelərini həyata keçirməyə çalışırdılar. Ən yaxşı halda isə status-kvonun olduğu kimi qalması üçün cəhd göstərirdilər. Vasitəçilərin də dəstəyi ilə İrəvanın qeyri-konstruktiv siyasəti 30 ilə yaxın münaqişənin həllini mümkünsüz etdi. Əlindəki bütün imkanları, gücləri itirən Ermənistan bu gün Azərbaycanın güclü siyasi təzyiqləri qarşısında aciz durumdadır”.
Deputat əlavə edib ki, ikitərəfli formatda aparılacaq danışıqların qalıcı sülhün əldə olunması ilə nəticələnəcəyinə inam güclüdür: “Aydındır ki, normallaşma prosesi çətin və uzun prosesdir. Hələ bu ilin martında tərəflər sülh sazişinin mətnini razılaşdırmışdılar. İndi isə Əbu-Dabi danışıqlarından dərhal sonra yeni anlaşmanın konturları açıqlandı. Azərbaycan dövlətinin mövqeyi bəllidir. Münaqişə bitib, Azərbaycan suverenliyini təmin edib, sülhün təmin olunması və bölgəmizin inkişafı üçün konkret addımların atılmasının zamanıdır.
Rəsmi Bakı özünün siyasi mövqeyini, tələblərini, iradəsini ortaya qoyub. Bölgəmizdə onilliklərlə davam etmiş münaqişə tarixə gömülməli, sülh, əməkdaşlıq və inkişaf üçün hüquqi zəmin formalaşmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi liderliyi ilə aparılan normallaşma prosesi dövlətlərarası gündəmi formalaşdırmaqla yanaşı, Ermənistanın siyasi gündəmini də dəyişdirir. Biz ikitərəfli format çərçivəsində dövlətlərimizin, xalqlarımızın maraqlarına və regionda inkişafa xidmət edən davamlı sülhə nail olacağıq”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.