Fransanın Paris Baş Prokurorluğu Elon Musk-a məxsus "X" sosial media platformasına qarşı cinayət işi başladıb. İstintaqın səbəbi alqoritmik manipulyasiya və avtomatlaşdırılmış məlumat sisteminə qanunsuz müdaxilə iddialarıdır.
Milli.Az bildirir ki, Fransa mediasının yaydığı məlumata görə cinayət işi bu ilin əvvəlində bir deputat və dövlət strukturlarının təqdim etdiyi hesabatlara əsasən qaldırılıb. Sənədlərdə bildirilir ki, platforma alqoritmini səlahiyyətsiz şəkildə dəyişdirib və məlumatları məqsədli şəkildə yönləndirib.
İstintaqa ölkənin kiber cinayətlər üzrə ixtisaslaşmış orqanları rəhbərlik edir. Daxili İşlər Nazirliyinin nəzdindəki polis idarəsi tərəfindən aparılan araşdırma çərçivəsində "X" platformasının Fransadakı fəaliyyətinə və məzmun idarəçiliyinə dair texniki məlumatlar toplanır.
Paris Prokurorluğu bu işi "təşkilatlı dəstənin avtomatlaşdırılmış sistemə müdaxiləsi" və "qanunsuz məlumat çıxarışı" maddələri üzrə araşdırır. Platforma bu ittihamlar sübuta yetirilərsə, cərimə və digər hüquqi sanksiyalarla üzləşə bilər.
Qeyd edək ki, bu, "X" platformasına qarşı Fransada başlanan ilk cinayət təqibi deyil. Son illərdə Avropa ölkələrində sosial media alqoritmlərinin şəffaflığı və məzmun idarəçiliyi ilə bağlı narahatlıqlar artmaqdadır.
Milli.Az