RU

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29,6 milyard manatlıq məhsul satılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29 milyard 642 milyon manatlıq, o cümlədən 16 milyard 262,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 379,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb. 2025-ci ilin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 482,8 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 37,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 264,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,9 manatlıq qeyri-ərzaq malları alıb.

Bu ilin yanvar-iyun aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 54,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən pərakəndə ticarət şəbəkəsində satılmış malların dəyəri 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 3,8 faiz artaraq 29 milyard 570,8 milyon manata bərabər olub, onun 45,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

İlin birinci yarısında pərakəndə ticarət dövriyyəsinin 0,39 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə elektron pərakəndə ticarət dövriyyəsi real ifadədə 69,3 faiz artaraq 116,2 milyon manat təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
12
azertag.az

10Источники