Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Sabunçu rayonunda keçirilən növbəti əməliyyat zamanı 1986-cı il təvəllüdlü Emin Səmədov tutulub.
Ondan 10 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. O, ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. E. Səmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.