Abdullah Öcalanın çağırışından sonra PKK-nın tərk-silah edilməsi prosesi rəsmən başlamışdır. Həqiqətən bölgədə siyasi çəkisi olduqca ağır olan tarixi proseslər yaşanır. Azərbaycan və Türkiyə qətiyyətli addımlarla yeni bir mərhələyə keçid edir. Bu tarixi dönüşdür. İlk dəfədir ki, istər Azərbaycan-Ermənistan, istərsə də Türkiyənin PKK-ilə bağlı addımlarına mane olmaq cəhdləri nəticə vermir.
Bilindiyi kimi, qardaş Türkiyə yarım əsrə yaxındır ki, PKK terror təşkilatı ilə mübarizə aparır. Mövcud situasiya ölkəyə çox böyük itgilər yaşadıb. İlk növbədə iqtisadi konteksdə. Lakin Ərdoğan - Bahceli tandemi bu məsələnin həllində qərarlıdır. Terrorsuz Türkiyə qlobal güc olmaq ambisiyalarını daha rahat şəkildə həyata keçirə bilər. Eyni zamanda, son NATO sammitində Ankaraya göstərilən etimad da proseslərin hansı məcrada inkişaf etdiyini aydınlaşdırır.
Azərbaycanda eyni rasional yanaşma ilə Ermənistanla sülh gündəliyində təşəbbüsü öz əlində saxlayır. Vasitəçi olmadan baş tutan danışıqlar tərəflərin ortaq məxrəcə gəlməsini daha da asanlaşdıra bilər. Çünki üçüncü tərəfin iştirakı, ən əsas həmin vasitəçi ayrıca güc mərkəzi funksiyasını həyata keçirirsə mütləq şəkildə ilk növbədə öz maraqlarını təmin etməyə çalışacaq. Biz bunu dəfələrlə müşahidə etmişik. Ancaq, ölkəmiz prinsipial mövqe sərgiləyir və öz işini öz imkanları hesabına davam etdirir. Bu müstəqil qərar verməyin, müstəqil xarici siyasət həyata keçirməyin bariz nümunəsidir.
Siyasi şərhçi Pərviz Mirizadə.