Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı, Dövlət Departamentinin rəhbəri Marko Rubio ilə söhbətinin təfərrüatlarını açıqlamaqdan imtina edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Cənub-Şərqi Asiya Dövlətləri Assosiyasiyasının forumunda iştirakının yekunları ilə bağlı mətbuat konfransı keçirən Rusiya XİN başçısı Rubio ilə danışıqlarının təfərrüatlarını açıqlamayıb.
“Mən Trampın sözləri ilə cavab vermək istəyirəm: “Mən sizə deyəcəyim budur. Böyük sürprizlər gözləyin”. Böyük sürprizləri bilmirəm, amma şərh olunmayan şeylər var”, – deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Rubio ilə görüşdə Ukraynadakı vəziyyət müzakirə edilib və Vladimir Putinin əvvəllər, o cümlədən iyulun 3-də Donald Trampla söhbətində səsləndirdiyi mövqe təsdiqlənib.
Trampın Moskva və Pekini “bombalamağı” müzakirə etdiyi iddia edilən məlumata münasibət bildirən Lavrov “ciddi məsələləri müzakirə etdik” cavabı verib.