RU

Mikayıl Cabbarov: “Azərbaycanın sənaye transformasiyası istiqamətində uğurları beynəlxalq miqyasda tanınır”

Ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır. Bu günlərdə “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini “Ba1”-dən “Baa3” səviyyəsinə - yəni investisiya kateqoriyasınadək yüksəldib. Bundan öncə isə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi ölkəmizin kredit reytinqini artırmışdı.

Bu sözləri “Sənaye 4.0 forumu - Gələcəyin sənayesi: texnologiya və insan gücü” mövzusunda beynəlxalq forumda çıxışında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın sənaye transformasiyası istiqamətində uğurları beynəlxalq miqyasda tanınır. “SOCAR Türkiyə”yə məxsus “Petkim” və “STAR” zavodları artıq Dünya İqtisadi Forumunun dünyada ən qabaqcıl rəqəmsallaşdırılmış sənaye sahələri üçün qəbul edilən nüfuzlu beynəlxalq mükafat olan “Digital Lighthouse” mükafatına layiq görülüb. 2 il yarımlıq genişmiqyaslı transformasiya faəliyyətindən sonra bu il “SOCAR Karbamid” zavodu da bu mükafata namizədlər siyahısındadır: “Milli səviyyədə bu transformasiyanı dərinləşdirmək üçün ötən il 4SİM tərəfindən “Sənaye 4.0 Hazırlıq Proqramı” bir neçə özəl şirkətdə pilot mərhələdə tətbiq edilib. Proqramın başlıca məqsədi dövlət dəstəyi ilə qabaqcıl texnologiyaların tətbiqini stimullaşdırmaq və nəticədə bizneslərin səmərəliliyini və rəqabət qabiliyyətini artırmaqdır. Bu il proqramın əhatə dairəsinin genişləndirilməsi və iştirakçı müəssisələrin sayının artırılması nəzərdə tutulur. Hədəf 2028-ci ilədək bu imkanlardan daha çox müəssisənin faydalanmasını təmin etməkdir. Forumda iştirak edən sənaye və istehsalat yönümlü müəssisələri “industry4.az” rəsmi internet səhifəsi vasitəsilə proqramla daha yaxından tanış olmağa və qeydiyyat üçün müraciət etməyə dəvət edirəm”.

Nazir əlavə edib ki, bu təşəbbüs, həm də “Bakı Biznes Mərkəzi” inzibati binasında yaradılması nəzərdə tutulan “Sənaye 4.0 Mərkəzi”nin ekosistemində əsas funksional sütunlardan biri olacaq: “Mərkəz sənaye, texnologiya provayderləri, universitetlər və innovasiya mərkəzləri arasında əlaqələndirici rol oynayacaq, texnoloji həllərin stimullaşdırılması və tətbiqi üçün akselerator funksiyasını icra edəcək”.

Избранный
47
vergiler.az

1Источники