RU

PKK-nın silah təhvil prosesi başlayır

BAKI, TurkicWorld

Bu gün Türkiyənin illərdir davam edən "Terrordan Azad Türkiyə" prosesində tarixi addım atılır – PKK terror təşkilatı silahlarını yerə qoymağa başlayır.

TurkicWorld xəbər verir ki, tərksilah mərasiminin İraqın şimalında gizli saxlanılan bölgədə baş tutacağı və prosesin yerli vaxtla saat 10:00-da başlayacağı bildirilir.

Ankara, Bağdad və Ərbilin koordinasiyası ilə həyata keçirilən prosesin ilk mərhələsi Süleymaniyyə kəndlərinə yaxın ərazidə icra ediləcək. Təhlükəsizlik məqsədilə mərasim canlı yayımlanmayacaq, yalnız xüsusi ekranlarda qapalı dövrə ilə nümayiş etdiriləcək.

Məlumata görə, tərksilah prosesi üç-dörd ay ərzində tam başa çatacaq və PKK-ya məxsus bütün silahlar mərhələli şəkildə toplanaraq məhv ediləcək. Təşkilat üzvləri silahlarını qrup və ya fərdi şəkildə təyin edilmiş mərkəzlərə təhvil verəcək. Bu prosesi MİT və TSK tərəfindən qurulan yoxlama mexanizmi ciddi nəzarətdə izləyəcək.

Eyni zamanda, təşkilatın istifadə etdiyi logistik mərkəzlər və anbarlar da mərhələ-mərhələ dağıdılacaq. PKK-nın istifadə etdiyi düşərgələr boşaldılacaq, cinayət törətməyən şəxslər isə istədikləri halda Türkiyəyə qayıda biləcəklər və onlara qarşı heç bir hüquqi proses başlanmayacaq.

Qeyd edək ki, bu prosesə dair ilk siqnal ötən il Prezident Rəcəb Tayyib Ərdoğanın Ahlat-Malazgirt çıxışında verilmişdi. MHP lideri Devlet Bahçelinin “təşkilat ləğv edilməlidir” açıqlaması ilə davam edən təşəbbüs bu gün PKK-nın lideri Abdullah Öcalanın “təşkilat ləğv edilsin” çağırışı ilə yeni mərhələyə qədəm qoyub.

Избранный
45
42
turkic.world

10Источники