Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün Bakıda "Sabah"la qarşılaşan Sloveniyanın "Çelye" komandası hakimlərdən narazı qalıb.
Offsideplus.az xəbər verir ki, qonaqların çalışdırıcısı Albert Riera oyundan sonra keçirilən mətbuat konfransında ədalət təmsilçilərini tənqid edib.
O, matçın qazaxıstanlı baş hakimi Daniyar Saxinin ünvanına ittihamlar yağdırıb: "Hər iki klubun geyimləri eyni idi. İlk 10 dəqiqədən sonra oyunçularım çaşqınlıq yaşadılar. Mən qazax referiyə təklif etdim ki, bizim başqa formamız var idi, dəyişə bilərik. Hakimə də bu barədə bildirdim. O, işini daha yaxşı bilməlidir. Formalar oxşar idi. Qazaxlarla azərbaycanlar arasında yaxınlıq var. Mən Sloveniyada çalışıram, istəməzdim ki, oyunu avstriyalı hakimlər idarə etsinlər"
Forma ilə bağlı anlaşılmazlığa "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas da münasiət bildirib: "Bu, mənim səlahiyyətlərimə aid deyil. Biz ev komandasıyıq. "Çelye" ikinci formasını gətirməli idi. Nəinki beynəlxalq matçlarda, heç daxili çempionatda da bu düzgün deyil. Hakimlərin təyinatı ilə UEFA məşğul olur. Mənim üçün hakimin haradan - Qazaxıstandan, yoxsa Rumınıiydan olmasının fərqi yoxdur. Fikrimcə, hakimlər bugünkü oyunu yaxşı idarə etdilər".
Qeyd edək ki, Albert Riera oyun zamanı hakimin qərarlarına çılğın reaksiyasına görə sarı vərəqə ilə cəzalandırılıb.
Görüş "Çelye"nin 3:2 hesablı qələbəsi ilə nəticələnib.