RU

“Amazon” bu şəhərdə 10 dəqiqəyə çatdırılma xidmətinə başladı

“Amazon” şirkəti Hindistanın paytaxtı Dehlidə 10 dəqiqəyə çatdırılma xidməti təqdim edərək ölkədə sürətli elektron ticarət sahəsində rəqabəti daha da gücləndirib. 

Valyuta.az xəbər verir ki, bu addım “Amazon”un sürətli ticarət seqmentinə daxil olmaq üçün atdığı mühüm strategiyalardan biridir.

ABŞ mənşəli onlayn pərakəndə nəhəngi “Now” adlı bu xidməti ilk dəfə 2024-cü ilin dekabrında Banqalore şəhərində istifadəyə vermişdi. Artıq xidmət Dehlidə də aktivləşdirilib və yaxın aylarda Hindistanın digər şəhərlərinə genişləndirilməsi planlaşdırılır.

Şirkət cümə axşamı verdiyi açıqlamada bildirib:

“Müştərilərdən aldığımız ilkin müsbət rəylər bizi sevindirir. Bu əsasda xidmətimizi daha da genişləndirəcəyik”.

Yerli rəqiblərlə rəqabət qızışır

“Amazon”un bu sahəyə daxil olması Hindistanda sürətlə populyarlaşan sürətli ticarət (quick-commerce) seqmentində “Blinkit” (Eternal Ltd.), “Instamart” (Swiggy Ltd.) və “Zepto” kimi yerli startaplarla rəqabəti daha da artırır. Bu platformalar artıq ərzaq məhsullarından tutmuş texnoloji cihazlara qədər müxtəlif məhsulları bir neçə dəqiqə ərzində istehlakçılara çatdırmaqla geniş istifadəçi bazası qazanıblar.

Əvvəllər “Amazon” ölkədaxili sifarişləri əsasən bir-iki günə çatdırırdı. Lakin Hindistanda orta təbəqənin artması və istehlak mədəniyyətindəki dəyişikliklər daha sürətli xidmətlərə tələbatı artırıb. Bu səbəbdən həm “Amazon”, həm də “Walmart”ın sahib olduğu “Flipkart” sürətli çatdırılma xidmətlərinə investisiyalarını artırıblar. “Flipkart Minutes” xidməti artıq Hindistanın 14 şəhərində fəaliyyət göstərir.

Böyük investisiyalar davam edir

“Amazon” Hindistana ilk dəfə 2013-cü ildə daxil olub və bu günə qədər ölkədəki fəaliyyətinə 11 milyard dollardan çox vəsait yatırıb. Şirkət ötən ay daha 233 milyon dollar məbləğində əlavə sərmayə qoyacağını açıqlayıb. Bu sərmayələr ölkədə çatdırılma infrastrukturunu və anbar şəbəkəsini genişləndirməyə yönəlib. Son olaraq beş yeni paylama mərkəzi istifadəyə verilib ki, bu da kiçik şəhərlərdə çatdırılma müddətlərini əhəmiyyətli dərəcədə azaldacaq.

Dehli “Amazon Now” xidmətinin istifadəyə verildiyi Banqalore şəhərindən sonra ikinci şəhərdir. Şirkət yaxın aylarda Hindistanın digər iri şəhərlərində də bu xidmətin tətbiqini planlaşdırır.

Sərvanə Rəmixanova

Избранный
38
15
valyuta.az

10Источники