RU

Həkim isti havalarda qan laxtalanma riskinə qarşı xəbərdarlıq etdi

İsti havalarda orqanizmin susuz qalması qanın qatılaşmasına, bu isə qan laxtalanması (tromboz) riskinin artmasına səbəb olur.

E-saglam.az xəbər verir ki, bu barədə ürək-damar cərrahı Əl-Yusif Nadim Nəsr aif.ru saytına açıqlamasında xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, yay aylarında bədəndə su itkisi artır və bu vəziyyət qanın axıcılığını azaldaraq damar problemlərinə yol aça bilər. Qanın qatılaşmasının qarşısını almaq üçün gündə ən azı 1,5–2,5 litr maye qəbul edilməlidir. Həkim həm adi, həm mineral suyu, həm də qazlı suyu tövsiyə edir. Qəhvə də icazə verilən içkilər sırasındadır, lakin kofeinli içkidən sonra əlavə su içilməsi vacibdir.

Cərrah isti havalarda qan dövranını stimullaşdırmaq üçün hərəkətsiz vəziyyətdə uzun müddət qalmamağı, açıq və rahat geyimlər seçməyi, gündəlik yüngül fiziki fəaliyyətlə – gəzinti, üzgüçülük və ya sadə gimnastika ilə – məşğul olmağı tövsiyə edib. Xüsusilə oturaq işlə məşğul olanların hər 30-60 dəqiqədən bir yerindən qalxaraq qısa müddət gəzməsi faydalıdır.

Əl-Yusif Nadim Nəsr bəzi qidaların da qanın durulaşmasına və damar divarlarının möhkəmlənməsinə kömək etdiyini bildirib. Onların arasında pomidor, xiyar, sitrus meyvələri, giləmeyvə, sarımsaq, zəncəfil, zerdeçal, qızılbalıq, skumbriya və kətan toxumu yağı yer alır.

Həkim xəbərdarlıq edib ki, ayaqlarda şişkinlik, ağrı, damar boyunca göyərmə və ya qızartı, eləcə də qəfil nəfəs darlığı, öskürək və döş qəfəsində ağrı kimi əlamətlər müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir. Bu hallar ciddi damar problemlərinin və ağciyər emboliyasının əlaməti ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
32
e-saglam.az

1Источники