RU

BP Azərbaycan neftinin ixrac tarixi ilə bağlı kitab nəşr etdi

BP bu gün Azərbaycanın tarixində neftin həlledici rolunu araşdıran yeni tədqiqat layihəsini təqdim edib.

Teleqraf xəbər verir ki, layihə çərçivəsində “Neftimizin Avropaya uzun yolu. Bu yolun bilinən və bilinməyən faktları, işıqlı və qaranlıq səhifələri” adlı əhatəli kitab nəşr olunub.

Bu təşəbbüs BP-nin Azərbaycanın zəngin tarixi və mədəni irsinin, o cümlədən onun enerji sahəsindəki möhtəşəm mirasının tədqiqi və təbliğinə verdiyi davamlı dəstəyinin bir hissəsidir. Layihə təkcə tarixi araşdırmalara töhfə verməklə kifayətlənmir, həm də neftin millətin kimliyinin və ölkənin qlobal tərəfdaşlıqlarının formalaşmasında oynadığı strateji rolu bir daha vurğulayır.
258 səhifədən ibarət bu nəşr Azərbaycanın neft və qaz sənayesinin inkişafını dörd əsas tarixi dövr üzrə sənədləşdirən ilk nəşrdir: çar Rusiyası dövrü, Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Sovet dövrü və müstəqilliyin bərpasından sonrakı post-sovet dövrü.
Kitabın əvvəlində XIX əsrin ikinci yarısından başlayaraq Bakıda həyata keçirilən neft hasilatına dair ümumi məlumat təqdim olunur, neftin xarici bazarlara erkən ixracı və Azərbaycanın qlobal arenada ön plana çıxmasında strateji rolu vurğulanır. Nəşrdə həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentdə aparılan müzakirələr, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında milli müstəqillik uğrunda neftdən bir vasitə kimi istifadə olunması üçün göstərdiyi səylər ətraflı şəkildə təhlil olunur.

Sonrakı fəsillərdə Sovet neft siyasəti və Azərbaycanda bolşevik işğalından sonra neft sənayesinin milliləşdirilməsi ilə bağlı məsələlər araşdırılır.
Kitabda həmçinin Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonrakı yeni neft erası, o cümlədən xarici neft şirkətləri ilə aparılan ilkin danışıqlar, qarşıya çıxan çətinliklər və 1994-cü ildə “Əsrin müqaviləsi”nin tarixi imzalanması hadisələri əhatə olunub. Nəşrdə Azərbaycanın enerji tarixində dönüş nöqtəsi olan həmin dövrdə aparılan mürəkkəb danışıqlar, siyasi intriqalar və ölkənin təhlükəsizliyinə olan təhdidlər barədə dəyərli məlumatlar təqdim olunur.

Layihənin ümumi dəyəri 48 500 AZN (təxminən 28530 ABŞ dolları) təşkil edir və bu məbləğ nəşr öncəsi işlər və layihənin idarə olunması, habelə ümumilikdə 1000 nüsxə tirajla kitabın nəşri üçün xərcləri əhatə edir.

Избранный
74
8
teleqraf.com

9Источники