RU

Mənəvi dünyamıza düşən ədəbi-bədii işıq

Həyat həqiqətlərinin bədii ifadəsi olan əsərlər oxucusunun həm düşüncələrini formalaşdırır, həm də xarakterini. Düşüncə ilə xarakter mahiyyət baxımından sosial normaları müəyyənləşdirdiyinə görə yaxşı əsər bilavasitə sosial missiyanı yerinə yetirir. 

Vahid Məhərrəmov jurnalistdir, yazıçıdır. Müşahidə etdiyi faktları, hadisələri bədii materiala çevirməyi bacarır, bunu həm də bədii təfəkkürlə cilalaya bilir. Onun nəşr edilmiş kitabları Azərbaycan nəsrinin son illərinin uğurları sırasındadır. Əsərlərinin mövzusu da, bədii səviyyəsi də diqqətçəkəndir. Yenicə çapdan çıxmış "Cıdır düzündə Zəfər bayrağı" kitabındakı hekayə və esseləri də bədii dəyəri ilə seçilən və sevilən əsərlərdir.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının tarixi ötən əsrin sonları ilə səsləşmir, bu tarixin kökləri daha qədimdir, daha dərindir. Ermənilər ərazi iddiası ilə bir sırada mədəniyyət abidələrimizi, incəsənətimizi, mədəniyyətimizi mənimsəməyə həmişə maraqlı olublar, bunu müəyyən mənada, şəbəkəli fəaliyyətə çeviriblər. Vahid Məhərrəmov belə bir gerçəkiliyi ədəbiyyata gətirə bilib. "Gümüş kəmər" hekayəsinin mövzusu həyatdan götürülsə də, bədiiləşdirmə onu olduqca gərəkli bir mahiyyətlə tarixləşdirib. Yazıçı bu hekayəsində erməniliyin nələrə əl atdığını, onların nələri qamarlamaq, mənimsəmək istədiyini, bəşər mədəniyyətini necə saxtalaşdırdığını bədii sözün qüdrəti ilə göstərib. Hekayənin finalı saxtakarlığa, bu anlamda erməniliyə incə bir xəbərdarlıqdır: saxtakarlığın sonu olmur!

Sadə süjet mürəkkəb bir prosesin yönümünün axarına dönür - ermənilər  kənd-kənd gəzib qızıl-gümüş, mis məmulatlarını, qədim xalı-xalçaları satın alıb aparır, üzərində olduqca incəliklə xırda-para düzəlişlər etməklə onları erməniləşdirirdilər. Vahid Məhərrəmovun "Gümüş kəmər" hekayəsi ermənilərin mədəniyyətimizin keçmişinə bugünkü təxribatlarının bədii ifadəsi olmaq baxımından gərəkli əsərdir - tarixiliyi ilə, bədii həlli ilə.

Azərbaycanın son on illəri dövlətçilik tarixində müharibə dövrü kimi tarixləşib. Bu, azərbaycançılığın erməniliyə qarşı döyüşlər tarixidir, həm də ədəbiyyatımızın tarixidir. Müharibə öz əksini bədii ədəbiyyatda da tapır. 

Vahid Məhərrəmov "Xəcalət ağrısı" hekayəsində müharibənin bir döyüşünü nəsrə gətirib. Bu əsər iki döyüşçü taleyi haqqında hekayədir. Hekayədə döyüşçülərin sevinci bədii boyalarla işıqalandırılıb: "Hospitalda müalicə olunan Elmar döyüşçü yoldaşlarının yanına beş gündən sonra qayıtdı. Onun sağ-salamat döndüyünü görəndə Teymurun sevinci yerə-görə sığmadı. Dostlar yenə də düşmən üzərində zəfər qazanmaq naminə çiyin-çiyinə verib döyüşürdülər..." Hekayətin davamı Vahid Məhərrəmovun söz düzümündə coşub-daşan duyğularını bir niyyətə kökləyir: Təki Vətən yaşasın!..

Kitabının adını daşıyan "Cıdır düzündə Zəfər bayrağı" hekayəsinin ideyası qəhrəmanlıq və vətənpərvərlik hisslərindən yoğrulub. Əməliyyatların birində yaralanan tabor komandiri Zəfər ürəyinin üstündə gəzdirdiyi qanlı bayrağı döyüşçü dostu Ziyaya verərək xahiş edir ki, Şuşa erməni işğalından azad olunandan sonra onu Cıdır düzündə dalğalandırsın. Ziya da şəhid zabit dostunun xahişini yerinə yetirir.

"Üçüncü görüş" hekayəsi də erməni işğalçılarının törətdikləri Qarabağ müharibəsinin insan taleyində açdığı qanlı şırımlardan, sağalmaz yaralardan bəhs edir. Müəllif hekayənin qəhrəmanı Elyananın nümunəsində müharibənin insanlara hansı ağrı-acılar yaşatdığını təsirli və inandırıcı boyalarla təsvir edir. Otuz ildən çox olan bir dövrü elə də böyük olmayan hekayəyə sığışdıra bilir.    

Vahid Məhərrəmov həyat həqiqətlərini ədəbiyyata həm də analogiyalara əsaslanmaqla gətirir. Onun "Günahsız günahkar" hekayəsi bu qəbildəndir. Hekayə  əsərin qəhrəmanının mütaliəyə marağının (və sevgisinin) təhkiyyəsi ilə başlayır və onun daxili aləminin, fikir-düşüncələr dünyasının, duyğularının təsviri ilə davam etdirilir. 

Fikir süzgəcindən keçirdiyi əsərlərindən açıq-aydın görünən odur ki, Vahid Məhərrəmovun nəsr yaradıcılığı çoxşaxəlidir. O, hadisənin (hadisələrin) mahiyyətinə uyğun üslub seçə bilir. "Gürcü çaxırı" hekayəsinin təhkiyəsi ilə "Mənə sevgi məktubu yaz" hekayəsinin təhkiyəsi tamam fərqlidir. Bu fərq hadisələrin yaratdığı fərq olsa da, müəllifin bu fərqə münasib forma seçə bilmə bacarığı ilə şərtlənir. 

Azərbaycan nəsrində maarifçilik cərəyanı ötən əsrin əvvəlləri ilə səsləşir və sonrakı dövrlər üçün müəyyən mənada ədəbi məktəb təsirini saxlaya bilib; təhsilə sevginin yaşadılması, onun cəfakeşlərinə sevginin səmimiliyi, müəllim-tələbə münasibətlərinin sosial həyatın işığına çevrilməsi və sairə maarfçilik kimi təzahür edir. Fikrimcə bütün peşələrin ustadı müəllimdirsə, ona böyük sevgilər Haqdan gəlir. Vahid Məhərrəmovun "Müəllim" hekayəsi bu baxımdan xarakterikdir. Müəllifin müəllimə sevgisinin müəllim sevgisi kimi. Hekayədə müəllimə sevgini cəmiyyətə sevgi kimi düsturlaşdıra bilib. Şagird-müəllim münasibətini vətəndaş-cəmiyyət münasibəti inersiyası kimi təqdim edib və bu, yeni ədəbi yanaşma kimi diqqətəlayiqdir. "Müəllim" hekayəsini mənəvi dünyamıza düşən ədəbi-bədii işıq da adlandıra bilərik. Axı "səndədir, məndədir müəllim ömrü..."

Müəllifin müxtəlif illərdə yazdığı və "Cıdır düzündə Zəfər bayrağı" kitabına daxil etdiyi  "Səid", "Babamın çomağı", "Tələbə", "Əsl Hacı", "Atla uşağın dostluğu", "Mənə sevgi məktubu yaz", "Quşların qənimi", "Pantomim" hekayələri, həmçinin müxtəlif mövzularda yazdığı "Ürəklər, ürəklər", "Çiçəklər çiçəyi", "Ağaclar çiçəkləyəndə", "Ana torpaq, ana Vətən", "Zəfər həmrəyliyi", "Vətən torpağını öpən dodaqlar", "Baxışlar, baxışlar" və başqa esseləri bədii dəyəri ilə seçilir. Bu və bu kimi hekayələr, esselər müasir nəsrimizin səciyyəvi əsərləri kimi oxunacaqdır. Əsərlərdən aydın görünən odur ki, yazıçı təxəyyülü həyatı söz vasitəsilə ədəbiyyata gətirə bilib.

Rəşid FAXRALI,

Əməkdar jurnalist

Избранный
48
azerbaijan-news.az

1Источники