RU

Əbu-Dabidə sülh danışıqlarının növbəti mərhələsi

Liderlərin görüşü tərəflərin barışa bir qədər də yaxın olduqlarını göstərir

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. 

Beş ilə yaxındır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar gedir. Azərbaycan qalib ölkə kimi prosesə sadiqliyini dəfələrlə isbatlasa da, Hayastan məğlub ölkə olmasına baxmayaraq, bu müddət ərzində dondan-dona girməklə sülh sazişini imzalamaqdan yayınırdı. Sülh danışıqlarının hələ də nəticəsiz qalması isə bölgədə təhlükəsizliyin təminatını sual altında qoyurdu.

İkinci Qarabağ müharibəsindən sonra tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün bir çox beynəlxalq təşkilat və bəzi dövlətlər vasitəçilik missiyasını üzərilərinə götürsələr də, uğurlu nəticələr əldə edilmədi. Baş verən proseslər göstərdi ki, sülh sazişi ilə bağlı danışıqlar yalnız iki dövlət arasında aparılmalıdır. Yəni vasitəçiyə ehtiyac yoxdur.   

Xatırladaq ki, hələ 2022-ci ildə Praqada keçirilmiş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində dövlət başçıları arasında keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıdığını bəyan edib. Bu bəyanat uzun illər Ermənistanı dəstəkləyən, onu silahlandıran tərəflər üçün gözlənilməz addım olsa da, tərəfləri sülhə bir qədər də yaxınlaşdırıb. Bundan sonra Azərbaycan sülh müqaviləsinin şərtlərini hazırlayaraq İrəvana təqdim edib. Bu müddətədək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 17 maddəsindən 15-i razılaşdırılıb. Yalnız qarşılıqlı iddialardan çəkinmə, eləcə də sərhədimizə kənar qüvvələrin yerləşdirilməməsi ilə bağlı maddə razılaşdırılmayıb. Yəni sülh müqaviləsinin qısa zaman kəsiyində imzalanması mümkündür. Bunun üçün ilk növbədə Ermənistan konstitusiyasında əksini tapan Azərbaycana qarşı ərazi iddiaları ləğv edilməlidir. Ermənistan referendum keçirməli və qonşu ölkələrə ərazi iddiaları olmadığını rəsmi sənədlə təsdiqləməlidir. 

Azərbaycanın ikinci birmənalı şərti Minsk qrupunun ləğvi ilə bağlıdır. Azərbaycan reallıqdan çıxış edərək Ermənistana artıq ölü quruma çevrilmiş Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət ünvanlamağa çağırış edib. Əbu-Dabidə keçiriləcək görüşdə bu məsələnin də müzakirə ediləcəyi gözləniləndir.   

Rəsmi Bakı sülhdə maraqlı olmaqla yanaşı, prosesin qalıcı olmasına xüsusi diqqət yetirir. Ermənistanın mövcud konstitusiyası isə yekun sülhün önündə başlıca maneədir. Konstitusiyanın bəzi maddələrində başda Azərbaycan olmaqla ətraf ölkələrə qarşı ərazi iddiaları yer alıb. Bakı gələcəkdə Ermənistanın hüquqi bəhanələri ilə sülh müqaviləsini pozmasını, üzərinə götürdüyü öhdəliklərdən yayınmasını istəmir.

Prezident İlham Əliyev həmçinin bəyan edib ki, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir Cənubi Qafqazda sülhə nail olmaq imkanı yaranıb. Bu da mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması bunu deməyə əsas verir. 

Azərbaycan ümid edir ki, sülh danışıqlarının başlanmasına dair ölkəmizin təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq. Bu, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olmasının nümunəsi ola bilər. 

Bu gün keçiriləcək görüş də yalnız iki dövlət arasında yox, regionda gedən proseslərə ciddi təsir göstərə bilər. Ermənistan Azərbaycanın təklif etdiyi məsələlərə ciddi və vaxtında yanaşarsa, sülhün imzalanması da tez bir zamanda reallaşar. 

Xatırladaq ki, iyulun 8-də ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampla birgə keçirilən iclasda Azərbaycanla Ermənistan arasında sülhdən danışıb: "Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi kifayət qədər tez bir zamanda əldə olunacaq. Hindistan və Pakistan arasında müharibənin qarşısını aldıq və sona çatdırdıq. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi, eyni zamanda Amerika əməliyyatı ilə sona çatan 12 günlük müharibə - biz dünyada bunu edə biləcək yeganə ölkəyik". Bu da onu təsdiqləyir ki, ABŞ də regionda sabitliyin təmin olunmasında çox maraqlıdır. 

Əbu-Dabidə ikitərəfli görüş tərəfləri sülhə bir qədər də yaxınlaşdıra bilər. Ermənistan rəhbərliyi İlham Əliyevin irəli sürdüyü şərtlərə tez bir zamanda əmal edəcəyinə söz verərsə və əməldə də bunu isbatlayarsa, regionda yeni dövr başlaya bilər. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sülh qarşılıqlı etimad, ölkələr arasında qarşılıqlı hörmət və fayda əsasında münasibətlərin formalaşmasına zəmin yaratmalıdır. Azərbaycan davamlı və möhkəm sülhün yaranmasına çalışır, o cümlədən Ermənistandan da eyni münasibəti gözləyir. 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Избранный
24
azerbaijan-news.az

1Источники