RU

Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?


Mehman İsmayılov: “Yaxın Şərqdə heç bir problem kökündən həll olunmadığı halda Netanyahunun atdığı bu addım...”

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.

İsrailin baş naziri Ağ Evdə şam yeməyində deyib ki, ABŞ prezidenti “bir ölkədə, bir bölgədə bir-birinin ardınca sülh qurur”.

Donald Tramp Qəzzada tezliklə atəşkəs əldə olunmasını istədiyini açıqlayıb.

Trampı Nobel Sülh Mükafatına namizəd olaraq göstərdiyi barədə iyulun 7-də Vaşinqtonda Ağ Evdə dövlət şam yeməyi zamanı Netanyahu özü məlumat verib.

İsrailin baş naziri Amerika prezidenti haqqında deyib: "Biz danışdıqca o, bir ölkədə, bir bölgədə sülhü gücləndirir".

Netanyahu həmçinin Nobel Komitəsinə göndərdiyi məktubun surətini Trampa verib.

Naharın əvvəlində jurnalistlər ABŞ prezidentindən İsraillə HƏMAS arasında 22 aydır davam edən döyüşlərin Qəzza zolağında atəşkəs istiqamətində işlərin necə getdiyini soruşublar. "Heç bir gecikmə olduğunu düşünmürəm. Düşünürəm ki, çox yaxşı gedir", - deyə Tramp bildirib. O, tərəflərin “görüşmək və atəşkəs əldə etmək istəməsi” fikrini bildirib.

Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

“...Sülh yoxdursa hansı Nobel mükafatından söhbət gedə bilər?..”

Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, əlbəttə, Tramp Yaxın Şərqdə sülhə nail olmayıb. “İsraillə İran arasında müvəqqəti atəşkəs rejiminə nail olub. ABŞ-ın bu məsələyə müdaxilə etməsi İsrailin düşdüyü durumla bağlı idi. Çünki İsrailin İrana hücumları başlayandan dərhal sonra mətbuatda alman və amerikalı mütəxəssislər yazırdılar ki, İsrailin hava hücumundan müdafiə sistemi üçün raketləri cəmi 10-12 gün müddətinə bəs edəcək. ABŞ İsraillə İran arasındakı köklü problemləri həll edə bildimi? Bilmədi. HƏMAS-la İsrail arasında gerçəkdən sülhə nail ola bildimi? Ola bilmədi. Livandakı Hizbullahla İsrail və ya ABŞ-ın özü arasında sülh varmı? Yoxdur. Bu sadəcə Netanyahunu vəziyyətdən çıxaran Trampa onun etdiyi bir jestdir. Rusiya-Ukrayna cəbhəsində insanlar yenə də kütləvi şəkildə Rusiya tərəfindən qətlə yetirilir, müharibə dayandırılmayıb. Yaxın Şərqdə də yenə həmin düşmənçiliklər davam edir. İsraillə İran arasında yenə o tarixi düşmənçilik (İran İslam inqilabından sonra -M.İ) mövcuddur. İsrail Yaxın Şərqdə ABŞ-ın dəstəyindən istifadə edib 450 milyon insanın yaşadığı bir əraziyə diqtəedici bir güc kimi nəzarət etmək istəyir. Yəni problemlər köklü şəkildə həll edilməyib. Əlbəttə, Netanyahu hesab edə bilər ki, Trampa Nobel sülh mükafatı verilsin. Bəlkə verilə də bilər. Amma bu, problemlərin həlli demək deyil. Barak Obamaya da Nobel mükafatı vermişdilər. Hansı problemləri həll etdi? 19 ərəb ölkəsinin oturuşmuş sistemini “Ərəb baharı” adı altında darmadağın etdilər, oturuşmuş sistemləri yıxdılar ki, guya demokratiya gətirirlər, əslində isə vətəndaş müharibəsi gətirdilər. İndiyə qədər o xaos davam edir. ABŞ-ın, İsrailin Yaxın Şərqdə əldə etdiyi nə sülh prosesi, nə bir pozitiv nəticə var, sadəcə ABŞ İsraili müvəqqəti olaraq durdura bilib. Amma nə İranın nüvə proqramına vurduqları zərbə İranı nüvə proqramından çəkindirdi, nə də İsrail İranda hakimiyyət dəyişikliklərinə nail olmaq planlarını həyata keçirə bildi. Hələ də HƏMAS-ın əlində 251 girovun 49-u qalmaqdadır, yenə HƏMAS-la İsrailin mövqeləri arasında kəskin fərqlilik vardır. Yəni Yaxın Şərqdə heç bir problem kökündən həll olunmadığı halda Netanyahunun atdığı bu addım sadəcə gülüş doğuran bir addımdır. Amma gerçəkdən ABŞ Yaxın Şərqdə sülh yaratmaq istəyirmi? Mənim düşüncəmə görə istəmir”.

M.İsmayılovun sözlərinə görə, ABŞ bunu ona görə istəmir ki, ordakı ziddiyyətlər ona gərəkdir. M.İsmayılovun fikrincə, nə qədər ki İsraillə ərəb dünyası düşməndir, nə qədər ki İsraillə HƏMAS, İsraillə İran düşməndir, ABŞ-a ehtiyac olacaq: “ABŞ bu münaqişəli vəziyyətdən istifadə edib bütövlükdə bu regionu idarə edirsə niyə münaqişənin ortadan qalxmasını istəsin? Digər tərəfdən, İsrail varkən ərəb dünyası ABŞ-a möhtacdır, ondan silah alır, ABŞ-ın hərbi sənayesinə və digər istehsalat sahələrinə milyardlarla dollar investisiya qoyur. İsrail İranla, ərəblərlə düşmən olduqca ABŞ Yaxın Şərqdə dominantlıq, hakimlik edəcəkdir”.

M.İsmayılovun fikrincə, o münaqişəni aradan qaldırmaq istəməyən Amerikanın prezidenti Trampın “Yaxın Şərqdə sülh yaratdı” deyib, beynəlxalq imici dəhşətli dərəcədə zədələnmiş Netanyahu tərəfindən Nobel mükafatına namizəd kimi təqdim edilməsi ciddiyyə alınmamalıdır və heç kəs bunu ciddiyə almır.

“Digər tərəfdən də, Rusiya-Ukrayna müharibəsinin də durdurulması üçün ABŞ real addımları atmır. Halbuki, ABŞ istəsəydi, o müharibəni bir həftənin içində durdura bilərdi. Amma Rusiya-Ukrayna müharibəsi, bütövlükdə Avropanı və Ukraynanı Amerikanın təsiri altına slaır. Yəni ABŞ bu idarəedilən müharibələrin durdurulması tərəfində deyil. Ona görə də o problemlər ortadan qalxmır. Problem qalırsa, sülh yoxdursa, hansı Nobel mükafatından söhbət gedə bilər?”-deyə M.İsmayılov bildirdi.

İradə SARIYEVA

Избранный
22
baki-xeber.com

1Источники