RU

Beynəlxalq münasibətlərin Əfqanıstan təzadı – "Taliban" hökumətinin tanınması problemi - ŞƏRH

Tanınmaq, sanksiyaların ləğv edilməsi Əfqanıstanda “Taliban” hərəkatının başçılıq etdiyi hökumətin başlıca problemlərindəndir. Bu yolda hökumətin qarşısında ciddi tapşırıqlar olsa da, prosesə ciddi əngəl törədən faktorlar qalmaqdadır.

Bu günlərdə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) 2021-ci il avqustun 15-dən Əfqanıstanı idarə edənlərdən, "Taliban"ın başçısı Molla Hibətullah Axundzadə və hərəkatın baş hakimi Əbdülhəkim Həqqani barəsində həbs qərarı çıxarıb. Açıqlamada bildirilib ki, onlar Roma Statutunun 7-ci maddəsində göstərilən “insanlığa qarşı zülm cinayətinin törədilməsi üçün əmr verdiyinə və təşviq etdiyinə dair əsaslı səbəblər”lə ittiham olunurlar.

Məhkəmənin dəyərləndirməsinə əsasan, "Taliban" hökuməti bütün əhaliyə qarşı müəyyən qaydalar və qadağalar tətbiq etmək, xüsusilə, qız uşaqlarını və qadınları hədəf alaraq əsas hüquq və azadlıqlardan məhrum edib.

BCM yüksək səviyyəli "Taliban" rəhbərləri haqqında “insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və qadınlara qarşı zorakılıq tətbiqi siyasəti”nə əsasən həbs qərarı çıxarıb.

Qeyd edək ki, bu il yanvarın 23-də Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluğu Əfqanıstanda idarəetmənin lideri Molla Hibətullah Axundzadə və Baş Hakim Əbdülhəkim Həqqani haqqında, "qadınlara qarşı sistematik zülm səbəbindən insanlığa qarşı cinayət törətdikləri" əsası ilə həbs əmri verilməsini tələb etmişdi.

Hibətullah Axundzadə 1961-ci ildə Əfqanıstanın Qəndahar bölgəsində doğulub. O, “Taliban” hərəkatı və “Əfqanıstan İslam Əmirliyi”nin üçüncü yüksək vəzifəli komandanı və dini liderlərindən biridir. Ona “Əmir-əl möminin” ləqəbi verilib, o uzun illər Əfqanıstanla yanaşı, Pakistanda da yaşayıb. Hibətulla Axundzadə bir müddət şəriət məhkəməsinə başçılq edib. O, hərbi liderdən çox, dini rəhbərdir.

Sözügedən qərar "Taliban" hökumətinin beynəlxalq miqyasda tanınmasına problem yarada bilər. Çünki hərəkatın başçılıq etdiyi hakimiyyətin tanınmaması səbəbləri sırasında insan hüquqlarının pozulması birinci yerdədir.

İnsan hüquqlarının pozulması, xüsusilə, qadınlara edilən təzyiqlər, tətbiq edilən məhdudiyyətlər və s. hələ “Taliblərin” 1996-2001-ci ildə başçılıq etdiyi hökumətin tanınmasına mane olmuşdu.

Ona görə hazırda da çoxları zorakı metodlardan imtina etməyənə və terrorçulara dəstəyi dayandırmayana qədər onun hökumətini tanımayacaqlarını bildirirlər. Bəziləri hesab edirlər ki, hərəkat legitim hakimiyyəti devirib, hakimiyyətə seçki yolu ilə gəlməyib.

Bununla belə, bir sıra ölkələr "Taliban"ı de-fakto tanıyır, onunla diplomatik münasibətlər qururlar. Belə münasibətin qurulmasında məqsəd "Taliban"ın fəaliyyəti, gördükləri və görəcəkləri işləri qiymətləndirmək, üzərinə götürdüyü yerli və beynəlxalq öhdəliklərə əməl etməsini müəyyən etməkdir. Bunun nəticəsindən asılı olaraq hökumət tanınır.

Ölkə daxilində sabitliyə nəzarət etmək, qonşularla münasibət kimi məsələlər də "Taliban"ın tanınması üçün vacib amillərdəndir. Əfqanıstanda insan hüquqlarının pozulması hərəkatın hökumətinin tanınması üçün əsas problemlərdən biridirsə, digəri qonşularla münaqişəli vəziyyətdə olmasıdır.

"Taliban"ın Pakistan və İranla silahlı toqquşması buna misal ola bilər. Əksər dövlətlər bu hökumətlə ticarət, əməkdaşlıq haqqlnda sazişləri hələ imzalamayıb.

Rusiya "Taliban"ı 2025-ci ilin iyulunda rəsmi olaraq tanıyıb. Ancaq bu tanınma ölkənin ümumi qəbul edilmiş standartına uyğun deyil. RF-nin Xarici İşlər Nazirliyi bəyanatında vurğulayıb ki, tanınma energetika, nəqliyyat, kənd təsərrüfatı və infrastruktur sahələrindəki layihələrə diqqət yetirməklə müxtəlif sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığın inkişafına təkan verəcək. Qeyd olunub ki, Moskva Kabilin "regional təhlükəsizliyin möhkəmləndirilməsində və terrorizm, narkotik cinayətkarlığı təhdidlərinə qarşı mübarizədə" dəstəklənməsini davam etdirəcək.

Rusiya bundan əvvəl, 2025-ci ilin aprelində "Taliban"ı terrorçu təşkilatlar siyahısından çıxarıb.

Azərbaycan, Türkiyə, Çin, Pakistan və başqa ölkələr də "Taliban"la əlaqələr saxlayır, ancaq sadaladığımız məlum səbəblərdən onu rəsmi şəkildə tanınmırlar.

Ehtimal olunur ki, Mərkəzi Asiya ölkələri arasında Özbəkistan və Qazaxıstan da RF-nin ardınca gedəcək. Qazaxıstan artıq "Taliban"ı öz terrorçu qruplaşmalar siyahısından çıxarıb.

Belə hesab etmək olar ki, ABŞ-nin də onu tanımaması beynəlxalq aləmdə bu istiqamətdə prosesi dayandırır. Dövlət Departamentinin nümayəndəsinin Rusiyanın "Taliban"ı tanıması məsələsinə münasibəti də bunu təsdiqləyir: “Bu xəbərlərdən xəbərdarıq. Rusiyanın bədniyyətli aktorlarla əlaqələrini davam etdirməyi üstün tutması təəccüblü deyil. ABŞ “Taliban”ı xüsusilə təhlükəli beynəlxalq terror qruplaşması kimi tanımağa davam edir. Bu, özü-özlüyündə hər şeyi deyir”.

Onu da qeyd edək ki, ABŞ hərəkatın 1996-2001-ci illərdə qurduğu birinci hökuməti də tanımamışdı. O, taliblərlə Qətərdə razılaşma əldə etmək üçün danışıqlar aparsa da, bu, 2021-ci ilin avqustunda ABŞ-nin koalisiya üzrə müttəfiqləri ilə birlikdə Əfqanıstandan tam çıxarılması ilə nəticələndi.

Hərəkat üzvləri hələ də BMT Təhlükəsizlik Şurasının terror təşkilatlarının sanksiya siyahısında qalır. Onların hakimiyyətə gəlişi ilə Əfqanıstan Mərkəzi Bankının 7 milyard dollar həcmində ehtiyatları ABŞ tərəfindən dondurulub.

Avropa İttifaqı (Aİ) da dəfələrlə vurğulayıb ki, hərəkatı qanuni hökumət kimi tanımır. Onların yanaşmasında da təzadlar var. Bəzi ölkələrin diplomatik missiyası Kabildə Əfqanıstanın diplomatik nümayəndələri ilə Avropa İttifaqı ərazisində fəaliyyət göstərir. Aİ 2021-ci ildən Əfqanıstana 903 milyon avrodan çox, o cümlədən 2024-cü ildə 125 milyon avro və 2025-ci ilin əvvəlində Ümumdünya Ərzaq Proqramı vasitəsilə 16,5 milyon avro həcmində əhəmiyyətli humanitar yardım göstərib.

Bununla belə, ölkədə qaçqın məsələsi, humanitar təhlükə "Taliban" hökumətinin, beynəlxalq ictimaiyyətin başlıca problemi olaraq qalır.

12 günlük İran-İsrail müharibəsindən sonra Tehran hakimiyyəti Əfqanıstandan olan 700 mindən çox qaçqını qeydiyyat məsələsində sənədləri olmadığı üçün İslam Respublikasından çıxarıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Azərbaycanın Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşünə "Taliban" hökuməti Baş nazirinin müavini Əbdül Qəni Baradarın dəvət edilməsi Əfqanıstanın tanınması istiqamətində mühüm addım sayıla bilər. Bu, həm müsəlman dünyasına bir mesaj, həm də "Taliban" hökumətinə bir etimad votumu sayıla bilər.

Beləliklə, hərəkatın qurduğu hökumət dörd ildir sınaqlarla üz-üzədir. Repatriant problemi, sanksiyalar, iqtisadi sıxıntılar, aparıcı dövlətlərin təzyiqləri azmış kimi, Beynəlxalq Cinayət Məhkəməsi də onun liderlərinin həbsi barədə qərar qəbul edib. Düzdür, "Taliban" Roma Statutunun üzvü deyil. Onun üçün bu qərarın hüquqi qüvvəsi də yoxdur. Ancaq beynəlxalq səviyyədə tanınmasına mane olmaq üçün bəhanə ola bilər.

Bütün bunlar "Taliban"a təzadlı münasibətin davam etdiyini göstərir. Beynəlxalq münasibətlərdə konsensus məqbul alət olsa da, "Taliban" hökumətinin tanınmasında hələ ki Əfqanıstan dövlətinin ziyanına işləyir...

Избранный
26
report.az

1Источники