“Səmədin eks həyat yoldaşından olan oğlu mənə “ana” deyirdi”
“Səmədin yasında bir neçə sənət yoldaşı bizdə oldu və məndən xahiş etdilər ki, Səmədin adına instaqram səhifəsi açıb, onun yaradıcılığını orada davam etdirim. Mən də onların bu xahişini yerinə yetirdim. Ara-sıra Səmədin mahnılarını, şəkillərini paylaşıram. Səmədi xalq yaşadır. Bir gün bəstəkar İmruzə Hüseynova mənə zəng edib dedi ki, “sən ağlama, sevin ki, ona hamı rəhmət oxuyur”. Səməd vəfat edəndən sonra mənə bir ofisiant yazdı. Deyirdi ki, biz eşidəndə bu gün toyu Səməd müəllim aparacaq, sevinirdik ki, evə pulla gedəcəyik. Səmədi itirəndən sonra mən bu sözləri eşitdim. O heç vaxt sağlığında çöldə etdiklərini evdə danışmazdı”

Bunu Moderator.az -a açıqlamasında xalq artisti, mərhum sənətkar Səməd Səmədovun həyat yoldaşı İradə Qasımova deyib.
Sənətkarın xanımı daha sonra əlavə edib:
“Səməd gözləmirdi ki, bu tezliyində rəhmətə gedə bilər. Mən də heç ağlıma gətirə bilmirdim. Bu inanılmaz idi. Biz elə bilirdik ki, Səməd həmişə yaşayacaq. Ona görə də vəsiyyə etməmişdi. Biz övladlarımıza elə tərbiyə vermişik ki, onlar heç vaxt mal-mülk üstündə dava etməzlər. Bundan əlavə oğlumun da, qızımın da hər şeyi var” deyə o bildirib.

İradə Qasımova illər sonra Səməd Səmədovun eks həyat yoldaşının onun haqda dediyi “Oğlunun yasına qırmızı kostyum geyinib gəlmişdi” sözlərinə də saytımız vasitəsilə münasibət bildirib:
“Birincisi Səmədin oğlu yayda rəhmətə getmişdi. İkincisi Səməd heç vaxt yayda toylara pencək geyinməyib. Səməd toyda olanda ona zəng edib deyiblər ki, övladın dünyasını dəyişib. O toyu yarımçıq qoyub, çıxıb gedib. Oğlunu özü məscidə aparıb, dəfn edib, üçünü, yeddisini verib. Allah şahiddir ki, cümə axşamları mən öz evimdə ehsan verirdim. İlhamə xanım Quliyeva Səmədlə yaxın dost idi. Hər cümə axşamı bizə gəlirdi. Mənim qaynanam sağ idi. Biz yeni evə köçmüşdük, qonaqları evə yığmalı idim. Qaynanam deyirdi ki, sən təzə evdə heç qonaqların üçün süfrə açmamısan, niyə yas verirsən? Dedim ki, Səmədə başsağlığı vermək istəyirlər, hara getsinlər? Kafeyə, restorana? Hətta il mərasimini də verdik. Mən heç vaxt boş-boş, yalandan danışanların səviyyəsinə düşüb, onlara cavab verməmişəm. Mən rus dili müəlliməsiyəm, Azərbaycan dilində ədəbi dildə bir o qədər də yaxşı danışa bilmirəm. Gözəl danışsaydım çıxıb bir-iki söz deyərdim. Amma heç vaxt bunu özümə yaraşdırmamışam” deyə sənətkarın xanımı bildirib.

Sənətkarın xanımı bildirib ki, ərinin birinci həyat yoldaşından olan oğlu ona “ana” deyə müraciət edib:
“Uşaq bizə tez-tez gəlirdi, mənə “mama” deyirdi. Hətta o bir qızla tanış olmuşdu, atasına zəng edib demişdi ki, “papa, mənim də bir dənə İradəm var”. Həmin İradə adlı xanımla ailə qurmuşdu. Təəssüf ki, övladları olmadı. Səmədin keçmiş xanımı haqda heç bir məlumatım yoxdur” deyə sənətkarın ömür-gün yoldaşı bildirib.