RU

“Arşın mal alan”ın əbədi şöhrəti və erməni saxtakarlığı

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Üzeyir Hacıbəyli – 140

1913-cü ilin iyununda Üzeyir Hacıbəylinin "Arşın mal alan" adlı yeni bir operetta yazdığı haqda mətbuata xəbər sızmışdı. Əsərin nə məzmunda, nə biçimdə olduğundan kimsənin xəbəri yox idi. Nəhayət, Üzeyir bəy 30 iyulda Peterburqdan Hüseynqulu Sarabskiyə kiçik bir məktub göndərmişdi.

Bu məktubda o, "Arşın mal alan" adlı yeni operetta üzərində işlədiyini söyləyirdi və çox qəribədir ki, əsəri haqqında öncəgörənlik edirdi: "Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də "Arşın mal alan"ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah, sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız".

Məktubun sonunda Üzeyir bəy daha bir uzaqgörənlik edib yazırdı: "Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilməmişəm, amma burada bilirəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir..."

Doğrudan da, həyat göstərdi ki, Üzeyir bəy öz əsərinin bədii dəyərini hər kəsdən daha öncə və daha dəqiq bilib. Bunu bu şən, koloritli, bəşəri, həm də milli operettanın sonrakı səhnə taleyi də sübut etdi.

Üzeyir bəy Müslüm Maqomayevə göndərdiyi bir məktubda "Arşın mal alan" tamaşasında əsas rolların ifaçılarını belə müəyyənləşdirmişdi: Əsgər – H.Sarabski, Gülçöhrə – Ə.Ağdamski, Süleyman – H.Terequlov, Soltan bəy – M.A.Əliyev. Bu rol bölgüsündən də görünür ki, bəstəkar öz əsərinin səhnə taleyinə nə qədər ciddi yanaşırmış.

Əlbəttə, o dövrdə təzə bir əsəri tamaşaya qoymaq elə də asan deyildi. Bunu tamaşanın ilk iştirakçılarının xatirələrindən də görmək olar. "Arşın mal alan" musiqili komediyasında Soltan bəy rolunu 600 dəfədən çox oynamış Ələkbər Hüseynzadə ilk tamaşanı xatırlayaraq yazırdı: "Bizim daimi binamız olmadığı üçün "Arşın mal alan" operettasının məşqlərini qiraətxanalarda, məktəblərdə, Hüseyn Ərəblinskinin və Sidqi Ruhullanın mənzillərində keçirirdik. Biz əsəri öyrəndikcə daha da həvəslənirdik. Komediyanın musiqisi və mətni bizi ruhlandırırdı. Nəhayət, "Kaspi" qəzetində bir elan çıxdı: "Cümə günü, 1913-cü il oktyabr ayının 25-də Tağıyevin teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" adlı orijinal operettası tamaşaya qoyulacaqdır".

"Arşın mal alan"ın ilk tamaşası ilə bağlı "Sədayi-həqq" qəzeti qabaqcadan ictimaiyyəti muştuluqlayır ki, bəs, "... operettada opera dəstəsinin ən yaxşı artistləri: Abasov, Ağdamski, Əliyev, Hüseynzadə, Sarabski, Terequlov və başqaları iştirak edirlər".

Əfrasiyab Bədəlbəyli Üzeyir bəyin komediyalarını yüksək qiymətləndirərək yazırdı: "Doğrudan da, Üzeyir Hacıbəylinin yazmış olduğu komediyaların ("Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan") əsas məziyyəti bundadır ki, bu əsərlərin musiqisini kənarda qoysaq belə, yenə də onlar bir dramatik əsər kimi heç də Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin pyeslərindən geridə qalmır".

Zamanında Məhəmməd Əmin Rəsulzadə "Arşın mal alan" operettasını da dəyərləndirmiş, həmişə olduğu kimi, əsəri səhnədə canlandıran aktyorları da unutmamışdı. M.Ə.Rəsulzadə "Arşın mal alan" məqaləsində yazır: "Arşın mal alan" operettası ictimai operetta zəminində gülgü və "keyf" ilə... tənqid edən lətif bir əsərdir".

"Arşın mal alan" səhnəyə qoyulduğu gündən xalqın sevimlisi oldu. Hətta elə o dövrdə bu əsər rus, gürcü və erməni dillərinə tərcümə edildi. Bu müvəffəqiyyətin səbəblərini aramaq, bulmaq üçün ermənicə "Mşaq" qəzetinin müdiri sentyabrın 1-də Tiflisdə mövqe tamaşaya qoyulmuş olan məzkur operettanı dinləyərək şöhrətinin səbəblərini aşağıdakı sətirlərdə bəyan etmişdir. "Mşaq" müdiri deyir: “Tamaşanın axırına kimi qaldım və qonşumuz türklərlə daimi bir münasibət və təmasda bulunan erməni xalqının "Arşın mal alan"a kəmali-zövq ilə tamaşa etmələrinin səbəbləri mənə aydın oldu. Düşündüm ki, xalqı bu tamaşadan çəkindirmək mümkün deyildir".

Əslində, erməni jurnalistin rahatlığını pozan, onu durub Tiflisə getməyə vadar edən iftixar hissi deyil, paxıllıqdır, sadə ermənilərin bir Azərbaycan bəstəkarının əsərinə bu qədər vurğunluğundan yaranan həsəddir. "Mşaq" qəzetinin redaktoru bunun səbəbini onda görür ki, "...Ermənilər əsrlərdən bəri türk-tatarların və farsların təxti-hakimiyyətində yaşayıb-gəlməsindən və qulaqları tar və kamança sədası ilə dolmuş olmasından ibarətdir ki, şərq musiqisi erməni millətinin də iliyinə və sümüyünə yerləşmiş və ruhuna hopmuşdur".

Erməni ziyalıları görəndə ki, sadə erməniləri heç cür "Arşın mal alan"a baxmaqdan daşındıra bilməyəcəklər, əsəri mənimsəmək, "özününküləşdirmək" fikrinə düşürlər. Müslüm Maqomayev 1919-cu ildə "Azərbaycan" qəzetində təəssüf hissi ilə yazırdı: "Erməni xadimlərindən birisi mənə sübut etmək istəyirdi ki, "Arşın mal alan", əslində, qədim zamanlarda... ermənicə yazılıb-oynanmışdır. O bu pyesin keçmişdə Türkiyədə oynandığını da iddia edirdi... Bütün bu rüsvayçılıqlara son qoymaq zamanı deyilmi?"

Bəli, doğrudan da, başqasının əsərinə sahib çıxmaq istəyi paxıllığın, xəbisliyin, abırsızlığın son həddidir və xalis erməni xislətidir. Hazır kökə tapmaq xəstəliyinə tutulmuş ermənilər, sadəcə, unutmuşdular ki, böyük Yaradanımız o dahiyanə istedadı Üzeyir bəyə hərtərəfli verib. Üzeyir bəy bütün əsərlərinin librettosunu, dramaturji mətnini ("Koroğlu"dan başqa) özü yazıb. Onun əsərləri öz xəlqiliyinə, milliliyinə, bəşəriliyinə, musiqisinin sadə və yaddaqalanlığına, melodiyasının gözəlliyinə, saflığına görə milyonların məhəbbətini qazanmışdır. Dahi Mirzə Cəlil özünəxas bir orijinallıqla yazırdı: "Amerikanın Nyu-York şəhərində bir qəzet xəbər verir ki, Amerikanın teatrlarında da "Arşın mal alan" operettasını tezliklə oynamağa başlayıblar. Mən də bunu ərz edə bilərəm ki, altıaylıq səyahətimdə gördüm ki, Aşqabaddan tutmuş Daşkənd, Orenburq, Samara, Tsaritsın, Həştərxan, Petrovsk, Vladiqafqaza qədər küçə və bazarda "Arşın mal alan"dan savayı özgə danışıq yoxdur. "Arşın mal alan"ın sirri budur ki, bu qədər şöhrət tapıb, budur səbəb ki, erməni, gürcü, rus və amerikalı həmin əsərə nəhayət müştaqdılar".

Ermənilərin "Arşın mal alan"a olan hərisliyi və əsərin müəllifinə paxıllığı onların son dərəcə rüsvayçı, insanlıqdan kənar əməllərə də sövq edib. Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə "Üzeyir Hacıbəyov və kino" kitabında yazır: "Arşın mal alan" operettasını ermənilər tərəfindən mənimsənilməsi hadisəsi 20-ci illərin əvvəlinə gedib çıxır. Hələ 1915-ci ildə "Arşın mal alan" Tiflisdə erməni dilinə tərcümə olunub tamaşaya qoyulmuşdu. Gürcüstanda sovet hökuməti yarandığı ərəfədə bir qrup erməni aktyoru və əsəri tərcümə edən ölkədən mühacirət etdilər. Onlar gedəndə operettanın not materiallarını da özləri ilə apardılar. Bu fırıldaqçı dəstə əsəri əvvəlcə İstanbulda, sonra isə Afinada tamaşaya qoydular. Oradan da ABŞ-a getdilər.

1925-ci ildə Ü.Hacıbəyov ABŞ-dan bir məktub alır. Məktubun müəllifi keçmiş bakılı, məşhur violonçel ifaçısı, vaxtilə Bakı konservatoriyasında dərs demiş professor Okorokov idi. Məktubda deyilirdi: "Maqalyan familiyalı birisi erməni artistlərindən truppa yaratmışdır. O hər yerdə "Arşın mal alan"ı göstərir, tez-tez ABŞ-ın müxtəlif şəhərlərində qastrola gedir... Maqalyan artıq elə varlanmışdır ki, özünə beşmərtəbəli ev almış və həmin binanın fasadına "Arşın mal alan" yazmışdır".

Erməni rejissoru Maqalyanın çəkdiyi bu filmə 1942-ci ildə İranda qastrolda olan bir qrup incəsənət xadimimiz də tamaşa etmiş və erməni həyasızlığının şahidi olmuşdular. Təbrizdə bu filmə baxanlardan biri də Xalq artisti Leyla Bədirbəyli idi. Leyla xanım bu barədə "Ömrümün nağılları" xatirələr kitabında yazır: "Bir gün küçədə reklam gördük. "Arşın mal alan"ın gündüz seansına getdik. Üzdəniraq bir "Arşın mal alan" filminə tamaşa elədik. Filmin rejissoru... erməni idi. Amerikada istehsal olunan bu filmdə nə Üzeyir bəyin, nə də Azərbaycanın adı çəkilirdi. Qadın rollarının ifaçılarının ərəb, ya da hind qadını olduğu bilinmirdi. Kişi rollarının ifaçılarının da hansı millətə mənsub olduğu anlaşılmırdı. Tərtibat, geyimlər notdan kənar səslənirdi. Biz hamımız son dərəcə həyəcanlı idik. Birtəhər filmin sonunadək dözə bildik. Bu film tamaşaçını heç tərpətmirdi də... Kinoteatrdan çıxanda Bülbül özünü saxlaya bilmədi. Qəzəblə: – Belə biabırçılıq olar? Bu ki əsl oğurluqdur. Bakıya çatan kimi gərək Üzeyir bəyə bu məsələni danışaq, – dedi".

Əlbəttə, Üzeyir bəyin bu biabırçılıqdan xəbəri var idi. Bəstəkar müəlliflik hüququnun tapdalandığı barədə o zaman ölkə rəhbərliyinə müraciət etsə də, Sovet İttifaqı müəllif hüquqlarının müdafiəsi haqqında beynəlxalq konvensiyaya qoşulmadığı üçün əməli bir iş görülməmişdi. Ancaq məsləhət belə olmuşdu ki, "Arşın mal alan" əsasında film çəkilsin, bununla da bu məsələyə son qoyulsun.

Nə yaxşı ki, 1945-ci ildə, Üzeyir bəyin öz sağlığında Bakıda "Arşın mal alan" filmi çəkildi və çox da uğurlu alındı. İlk dəfə 18 sentyabr 1945-ci ildə nümayiş etdirilən "Arşın mal alan" filmi tezliklə xarici ölkələrin də ekranlarına yol açdı və bu məşhur operettanın əsl müəllifinin Üzeyir bəy Hacıbəyli olduğu bütün dünyaya bəlli oldu. Beləcə, ermənilərin "Arşın mal alan"a olan çirkin tamahının, saxtakarlığının qarşısı alındı.

Yeri gəlmişkən xatırladım ki, filmdə Gülçöhrə rolunu Leyla Bədirbəyli, Əsgər rolunu isə Rəşid Behbudov canlandırmışdır. Leyla xanım 1942-ci ildən başlayaraq Azdramada aktirisa kimi fəaliyyət göstərmişdi. Mən onun iştirakçısı olduğu tamaşalara çox baxmışdım. Onunla tanışlığım isə 1993-cü ildə olmuşdu. Leyla xanım səhnə fəaliyyətinə ilk dəfə I Dövlət Rəqs Ansamblında rəqqasə kimi başlamışdı. 1936-cı ildə rəqs kollektivi yenicə yaradılmış dövlət filarmoniyasına keçirilmişdi. Leyla xanım da Üzeyir bəylə ilk dəfə burada tanış olmuşdur. Xoşbəxtlikdən Leyla xanım illər sonra xatirələrini qələmə almışdır.

Doxsanıncı illər idi. Leyla xanım bir gün “Ömrümün nağılları” adlı xatirələr kitabının əlyazmasını mənim Baş redaktoru olduğum “Gənclik” nəşriyyatına gətirmişdi. Əlyazmasını oxuyub çapa hazırladıq.

1998-ci ildə nəşr olunan bu kitabda Leyla xanımın özü, sənət yoldaşları və Üzeyir bəy haqqında çox dəyərli xatirələri vardır. Leyla xanım yazır: “Mahnı və rəqs qrupunda olanda bu mehriban insanın nurani siması bizi heyran edərdi. Hər gün onun məşqlərində olmaq, onun səsini, məsləhətini eşitmək səadət idi. Mən hələ elə bir insan tanımıram ki, Üzeyir bəyi tanıyıb, ona məftun olmasın. O, uşaq kimi sadə, müdrik, xeyirxah, qayğıkeş, fədakar və mərd bir insan idi. Onu da qeyd edim ki, filarmoniyanın nəzdində olan bütün kollektivlərin, o cümlədən mahnı və rəqs ansamblının təşkili və fəaliyyəti Üzeyir bəyin əməyi və şəxsi iştirakı ilə bağlıdır”.

Mən gənclik illərində Üzeyir bəyi yaxından tanıyan, onunla ünsiyyətdə olan, ondan dərs alan, xeyirxahlıq görən bir çox mədəniyyət və incəsənət xadimləri ilə görüşüb söhbət etmişəm. Hər bir müsahibim Üzeyir bəyi məhəbbət və hörmətlə anır, ruhu qarşısında baş əyirdilər. Çünki Üzeyir bəy xeyirxahlıq və nəciblik mücəssəməsi olmuşdur.

Mustafa ÇƏMƏNLİ,yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
10
xalqqazeti.az

10Источники