Möhkəm dostluğa, qardaşlığa əsaslan Azərbaycan - Özbəkistan qarşılıqlı münasibətlərinin tarixi lap qədim zamanlara gedib çıxır. Xalqlarımızı oxşar milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. İyirminci əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapdı. Hazırda on minlərlə azərbaycanlı Özbəkistanın sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Azərbaycan - Özbəkistan münasibətləri iki ölkə prezidentlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində demək olar ki, bütün sahələrdə yüksələn xətlə inkişaf etməkdədir.
2025-ci il iyulun 2-si Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar bir gün oldu. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab - havasında keçdi. Həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektri müzakirə edildi, münasibətlərimizin strateji, müttəfiqlik xarakteri bir daha təsdiqləndi. Görüşə başlayarkən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk növbədə, Özbəkistan Prezidentini öz adından və bütün Azərbaycan xalqı adından tarixi nailiyyət - futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etdi və dedi ki, bu uğur təsadüfi deyil. Bu, özbək idmançıların beynəlxalq arenada, o cümlədən Yay Olimpiya Oyunlarında nümayiş etdirdikləri şanlı idman qələbələrinin davamıdır. Əlbəttə, bu, həm də rəhbərliyin və Prezidentin gənclərin təlim-tərbiyəsi və ölkənin inkişafı üzrə müdrik siyasətinin nəticəsidir.
Möhtərəm Prezidentimiz mətbuata bəyanatı zamanı Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığını ifadə edərək bildirdi ki, Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar.
Dövlət Başçımız qeyd etdi ki, erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk.
Bugünkü tədbirdən sonra işimiz davam edəcək, biz Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasını birlikdə açacağıq. Yenə də Şavkat Miromonoviçə həmin binanı tikmək qərarına görə minnətdarlığımı bildirmək istəyirəm. Bu yerin tarixi artıq kifayət qədər qədimdir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfəri çərçivəsində Azərbaycanın və Özbəkistanın Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı imzalanıb. Həmçinin “2025-2027-ci illər üçün kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə Praktiki Fəaliyyət Planı (“Yol xəritəsi”)”, “Gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlıq haqqında Niyyət Protokolu”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030 - cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2025-2027-ci illər üzrə sənaye əməkdaşlığı Proqramı”, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş” və diğər mühüm sənədlər imzalanıb.
Əminliklə söyləmək olar ki, bugünkü qeyri-sabit dünyada Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərində müşahidə olunan yüksək dinamika davamlı olacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin düşünülmüş siyasətləri nəticəsində ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələri daha da inkişaf edəcəkdir.
İsgəndər Qurbanov,
YAP Qazax rayon təşkilatının partiya veteranı