RU

Qətllərə görə Rusiyadan tələblərimiz təyyarə cinayətində olduğu kimidir... 2 əsas...


Xəyal Bəşirov: “Putin Rusiyaya əvvəlkindən daha çox lazım olan Azərbaycanla münasibətlərini qoruyub saxlamaq istəyirsə, Azərbaycanın dəyişməyən tələblərini yerinə yetirməlidir, bizim tələblərimizə əməl etməlidir”

Rusiyanın Yekaterinburq vilayətində azərbaycanlılara qarşı törədilən vəhşiliklərə rəğmən, bu ölkənin rəsmilərinin və mediasının ölkəmizə qarşı qaralayıcı kampaniya apardığı məlumdur.

Rusiya tərəfi vətəndaşlarımızın zorakılıqla qətlə yetirilməsinə və bəzilərinin isə qanunsuz həbsinə görə normal bəyanatlar vermək, üzr istəmək, təzminat ödəmək əvəzinə ənənəvi mövqeyindən əl çəkmək istəmir. Son olaya da keçən ilin dekabrında Rusiya səmasında vurulan mülki təyyarəmizlə bağlı olaya göstərilən münasibət sərgilənir. Rusiya necə ki, təyyarəmizin vurulmasına görə lazımi addım atmadı, indi də Yekaterinburq cinayətlərinə görə hər hansı bir yumşaldıcı addım atmaq niyyətindən uzaq olduğunu göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iyulun 2-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov XİN-ə çağırılıb və bütün məsələlər, bizi narahat edən məqamlar, gözləntilərimiz, tələblərimiz onun diqqətinə çatdırılıb.

Son olayla bağlı Azərbaycan tərəfin narazılığı və narahatlığı vurğulanmaqla yanaşı, ötən ilin sonundan - münasibətlərə mənfi təsir edən Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdlərinin, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılmasının qəbuledilməz olduğu bildirilib.

“Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb"-deyə XİN-in yaydığı məlumatda bildirilir.

Azərbaycan tərəfi təyyarəmizin vurulması zamanı Rusiya qarşısında hansı şərtlər irəli sürmüşdüsə, indi də müəyyən qədər ona uyğun tələblər ortaya qoyur. Təyyarə faciəsində Rusiya o tələbləri yerinə yetirmədi. Bu situasiyada da Rusiyanın Azərbaycanın hazırkı tələblərini yerinə yetirəcəyini nə dərəcədə gözləmək olar?

“...Azərbaycanlılara qarşı həyata keçirilən cinayətlərə görə də məsuliyyətdən yayınmağa, kompensasiya ödəməməyə çalışır”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Rusiya atdığı bir sıra addımlarla Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirməyə davam edir, son baş verənlər də sanki bu prosesin davamıdır. “Biz dövlət və xalq olaraq Rusiyadan fərqli münsibət, fərqli addımlar gözlədiyimiz məqamda onların atdıqları addımlar vəziyyəti bir qədər də gərginləşdirir. Təbii ki, bununla bağlı Azərbaycanın rəsmi etirazı olmalı idi. On illər boyu bu ölkənin bizə qarşı etdiklərini bir tərəfə qoysaq belə, son olayla bağlı da Rusiyanın Azərbaycanın gözləntilərini doğrultmaması, xoşagəlməz münasibətlərin sərgilənməsi bu siyasətin hələ də davam etdiyini göstərir.

Ukrayna-Rusiya müharibəsi başlamazdan əvvəl 22 fevral 2022-ci ildə Azərbaycan və Rusiya prezidentlərininMoskvada imzaladıqları qarşılıqlı fəaliyyət haqqında bəyannaməni əlimizdə əsas tutaraq Rusiyanın bizə qarşı xoşagəlməz addımlar atmalı olmadığını əsaslandıra bilərik. Çünki 43 maddəlik həmin o bəyannamənin müddəaları tamamilə fərqli məsələləri, mövqeni ortaya qoyur. Buna Rusiya prezidenti də imza atıb. Amma görünən odur ki, həmin o bəyannamənin müddəaları, o bəyannaməyə imza atan Putinin mövqeyi Rusiyada hörmətlə qəbul edilmir. Bu addımlar ya belə, ya da ümumilikdə Rusiya dövlətinin mövqeyi kimi qəbul edilməlidir.

Azərbaycana məxsus olan təyyarənin Rusiya hava məkanında vurulması, bu səbəbdən qəzaya uğraması Azərbaycan xalqında və dövlətində haqlı bir hiddət doğurdu. Təyyarəmizin vurulmasından aylar ötür, amma bu müddət ərzində Rusiya qarşısında irəli sürdüyümüz haqlı tələblər yerinə yetirilməyib. Bizim bu tələblər beynəlxalq hüquqa, beynəlxalq mülki aviyasiya sahəsində qəbul olunanqanunvericiliyə, Çikaqo Konvensiyasına və digər beynəlxalq hüquqi sənədlərə əsaslanmış tələblərdir. Əslində bu tələblərin sayı da çox deyil. Tələb odur ki, məsələ obyektiv şəkildə araşdırılsın, bu istiqamətdə şəffaflıq təmin olunmalı, təzminat ödənilməlidir və sair. Təyyarəmizin vurulmasına göstəriş verənlər Rusiyanın məsul şəxsləridir. Təyyarəmizin vurulmasına göstəriş verən və daha sonra onun hava limanına eniş etməsinə icazə verməyən şəxslər barədə ədalətli araşdırma aparılarsa hər şey aydın olacaq ki, bu prosesdə iştirak edən vəzifəli şəxslər kimlər olub. Ədalətli araşdırmadan sonra bu şəxslərin dairəsinin müəyyən olunması, həmin o şəxslərin məsuliyyətə cəlb olunması ilə bu hadisənin Rusiya tərəfindən törədilməsi məsələsi artıq öz təsdiqini tapacaq və bu, kompensasiyanın ödənilməsinə səbəb olacaq. Bu sadə məsələdir. Amma Rusiya tərəfi bu addımı atmaq istəmir, bu da Azərbaycan-Rusiya münasibətinə xələl gətirir. Çünki bu, Azərbaycanı öz strateji tərəfdaşı hesab edən, qarşılıqlı əməkdaşlıqda olan, müttəfiq bir dövlətin yanaşması deyil”.

X.Bəşirov qeyd etdi ki, aylardır təyyarəmizin vurulmasına görə Rusiyanın müvafiq addımlar atacağını gözlədiyimiz bir vaxtda digər bir hadisə baş verib. “Biz qeyri-dost, qeyri-müttəfiq bir hərəkətin şahidi olduq, azərbaycanlılara qarşı etnik mənsubiyyətlərinə görə bir proses başladılır, soydaşlarımızın hüquq-mühafizə orqanları tərəfindən saxlanılması adı altında döyülməsi, təhqir edilməsi, öldürülməsi və digər cinayətlərə məruz qalması prosesini görürük. Bu bizə təyyarə hadisəsinin heç də təsadüfi olmadığını bir daha təsdiq etməyə imkan verir, bir daha qənaətimizdə yanılmadığımızı göstərir.

Bu olay da təsdiqləyir ki, son hadisələr də təyyarəmizlə bağlı məsələ kimi xüsusi hazırlanmış hadisə olub. Bunlar planlaşdırılmış hadisələrdir.

Bunlara münasibətdə Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur. Prezident İlham Əliyevin təyyarə faciəsi zamanı verdiyi bəyanatlar, söylədiyi fikirlər, irəli sürdüyü tələblər bu gün də qüvvədədir.

Azərbaycan tərəfin Rusiyaya yönəlik tələbləri bu gün də öz qüvvəsindədir. Rusiya tərəfin rəsmi qaydada üzr istəməsi ilə yanaşı, bu cinayətlərdə əli olanların, bilavasitə iştirak edən məsul şəxslərin müəyyən edilməsi, onların məsuliyyətə cəlb edilməsi, eyni zamanda Azərbaycan dövlətinə, eləcə də hadisə zamanı həyatını itirmiş, zərər çəkmiş şəxslərə, onların ailələrinə kompensasiyanın ödənilməsi tələbi qüvvədədir.

Son olay zamanı da Rusiya tərəfə eyni tələblər təqdim edildi. Azərbaycan XİN və digər rəsmi qurumlar tərəfindən tələblərimiz Rusiyanın diqqətinə çatdırılıb. Rusiya tərəfi ciddi faktlar qarşısında qalıb və məcburən Azərbaycanın tələblərinin yerinə yetirilməsi üçün müvafiq addımlar atmalıdır. Düzdür, Rusiya təyyarəmizin vurulmasına görə Azərbaycanın irəli sürdüyü tələblərə əməl etmək istəmədiyi kimi, azərbaycanlılara qarşı həyata keçirilən cinayətlərə görə də məsuliyyətdən yayınmağa, kompensasiya ödəməməyə çalışır. Təbii ki, Rusiya kompensasiya ödəmək istəmədyi üçün hər cür qarayaxma, şər kampaniyası aparır.

Putin Rusiyaya əvvəlkindən daha çox lazım olan Azərbaycanla münasibətlərini qoruyub saxlamaq istəyirsə, Azərbaycanın dəyişməyən tələblərini yerinə yetirməlidir, bizim tələblərimizə əməl etməlidir. Əks təqdirdə itirən və uduzan Rusiya olacaq”-deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA

Избранный
18
41
baki-xeber.com

10Источники