12 günlük müharibədən sonra uğursuzluqlarını başqalarının üzərinə atmaq üçün İrandakı molla rejimi yeni “hədəflər” müəyyən edib.
Tribunainfo.az xəbər verir ki, rəsmi Tehran əvvəlcə İraq və Türkiyəni hədəfə alsa da, dişi batmadığı üçün bu sevdadan əl çəkdi.
Ardından isə “asan loxma” kimi zənn etdiyi Azərbaycana qarşı əsassız ittihamlara başladı. İsrail PUA-larının guya, Azərbaycandan qalxdığına dair iddia irəli sürən İran, bunun araşdırlmasını istəyirdi. Amma özləri də yaxşı bildirdilər ki, dediklərində zərrə qədər həqiqət yoxdur. İran XİN-i bu barədə açıqlama verərək, Azərbaycanın sözünə sadiq olduğunu və PUA-ların bu ölkədən qalxmadığına əmin olduqlarını dilə gətirdi.
Lakin görünən odur ki, İran rejiminə bağlı bəzi qüvvələr sakit oturmaq fikrində deyil. Elə bu səbəbdən də köhnə nağılları yenidən gündəmə gətirməyə başlayıblar.
Ötən gün “Donyaye Eqtesad” qəzeti mövzunu yenidən qaldırıb. “Məsələ iki ölkə arasında qaldırılıb. Lakin görünür, Bakının mövqeyi ölkəmizin hakimiyyət orqanlarının bütün narahatlıqlarını həll edə bilməyib. Çünki sübutlar, eləcə də Bakı ilə Təl-Əviv arasında son illərdəki münasibətlərdəki diplomatik tendensiyalar dərin və strateji əlaqədən xəbər verir ki, bu hadisəni təhlil edərkən göz ardı etmək olmaz”.
Iran qəzeti bir qədər də irəli gedərək İsrailin Azərbaycanda səfirliyinin açılmasına gülməli “don” geyindirib. “Bakıda İsrail səfirliyinin açılaması Təl-Əvivin İran sərhədləri yaxınlığında trans-regional koordinasiyasının bariz göstəricisidir. Son onillikdə Tel-Əviv özünü Azərbaycanın hərbi, kəşfiyyat və iqtisadi tərəfdaşı kimi göstərməyə çalışıb. Qarabağda qələbə çalmasında mühüm rol oynayıb”.
Farsdilli nəşr bununla da yetinməyib “Belə bir kontekstdə sionist rejimin kəşfiyyatı və ya Azərbaycan ərazisindən İrana hücum etmək üçün operativ şəkildə istifadə etməsi fərziyyəsi, hətta dolayı yolla da təsdiqlənərsə, Tehran öz şimal sərhədlərində təhlükəsizlik tədbirlərini yenidən müəyyənləşdirməyə və Bakı ilə əlaqələrin gələcəyinə yenidən baxmağa məcbur olacaq” sğzlərini yazıb.
Digər bir İran qəzeti “Fərhixtegan” isə yazıb ki, İran Azərbaycan hökumətinin təkzibini yoxlamalıdır. “Ölkənin şimal-qərbində PUA qalıqlarının tapılması şübhəlidir”.
Azərbaycanın bunca təminatları və sübutlarına baxmayaraq, İran rejimi dayanmaq bilmir. Ötən gün İRİB TV-də danışan Tehran Universitetinin professoru və Avrasiya-Qafqaz məsələləri üzrə ekspert Dariuş Səfərnejad həddi bir qədər də aşıb. O deyib: “İran tərəfi tamamilə əmindir ki, ölkəyə Azərbaycan ərazisindən hücum edilib və bu məsələ tam sənədləşdirilib və inkar edilə bilməz. Azərbaycan diqqətli olmalıdır, pis davranışlar davam edərsə, bunun ağır nəticələri olacaq. İsrail qırıcıları Azərbaycanın hava məkanını keçməsə də, uçuşlar bu ölkədən həyata keçirilib. Məsələ yalnız İsrailin Bakının obyektlərindən istifadə etməsində deyil, çünki Bakının özü İsraildir”.
P.S. Bu həyasızlar heç bir şəkildə dayanmaq bilmirlər. Ağızlarına gələni danışaraq, iki ölkə arasında münasibətləri birmənalı şəkildə korlamaq fikrindədirlər. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində İrana qarşı istifadə olunmayıb. Üstəlik, Azərbaycan buna imkan vermədiklərini və bundan sonra da verməyəcəklərini bəyan edib. Di gəl, sakitləşə bilməyən və öz uğursuzluqlarını ört-basdır etmək üçün bəhanələr uyduran İran rejimi, Azərbaycanın varlığından belə ciddi narahat olmağa başlayıb. Ona görə də, müxtəlif bəhanələr, yalan məlumatları “əsas tutub” bir şəkildə toqquşmaq istəyirlər. Buyursunlar, gələcəkləri varsa, görəcəkləri də var.
Fərda Uğur