“Liverpul”un keçmiş baş məşqçisi, 58 yaşlı alman mütəxəssis Yurgen Klopp futbol tarixinin ən yaxşı məşqçisi ilə bağlı sualı cavablayıb.
Arena.az “GiveMeSport” dərgisinə istinadən, Klopun müvafiq cavabını təqdim edir:
“Aleks Ferqyuson! Mən ser Aleks Ferqyusonla həqiqətən bir neçə əla məqam yaşamışam. Onunla danışmağın özü belə, böyük bir şərəfdir. Bir çalışdırıcı üçün bu, edə biləcəyi ən yaxşı xüsusdur – oturmaq və dinləmək. Onun nə dediyini anlamaq üçün mənə onca dəqiqə gərək oldu.
Ferqyuson – dünyada ən böyük məşqçidir. Mən ona böyük hörmət bəsləyirəm. Onun, həyatında məşqçi kimi etdiklərini təkrarlamaq heç də asan olmayacaq”, deyə Klopp məmnunluqla vurğulayıb.
Xatırladaq ki, şotland mütəxəssis 1986-2013-cü illərdə “Mançester Yunayted”i çalışdırıb. Bu müddətdə “qırmızı şeytanlar” 13 dəfə İngiltərə çempionu olublar. Həmçinin “Mançester Yunayted” 5 dəfə İngiltərə Kubokunun, 4 dəfə İngiltərə Liqa Kubokunun, 10 dəfə İngiltərə Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının qalibi olub, eləcə də Avropa Kuboklar Kubokunu, UEFA Super Kubokunu, Qitələrarası Kuboku və FIFA Klub Dünya Kubokunu qazanıb. Ümumilikdə, Aleks Ferqyusonun rəhbərliyi altında “qırmızı şeytanlar” top fərqi 2804:1395 nisbəti mənzərəsində 1499 oyun keçiriblər, 902 qələbə, 326 heç-heçə, 271 məğlubiyyət yaşayıblar.
Ferqyuson “Mançester Yunayted”in sükanı arxasında iki dəfə (1998, 2007) dünyanın ən yaxşı məşqçisi seçilib.
Ser Aleks Ferqyuson “Mançester Yunayted”i dünya futbolunun zirvəsinə qaldırmaqla yanaşı, klubda müasir futbol ölçülərini müəyyən edib. Əbəs deyil ki, Ferqyusonun “qırmızı şeytanlar”dan ayrılmasından sonra “Mançester Yunayted” bir müddət iddiasını sürdürsədə, hazırda futbol səhnəsində tarixən ən pis dövrünü yaşayır.