RU

İqtisadçı: Hazırda meyvə-tərəvəz əsas biznes sahəsinə çevrilib

Ucuz meyvə almaq istəyənlərin topdansatış mərkəzlərinə getməsi məsləhətdir

Qiymət bahalığının əsas səbəbləri “2-ci əl” satış və marketlərin “nüfuz savaşı”dır


 Yayın ortalarıdır, amma meyvə-tərəvəzin qiyməti hələ də “əl yandırır”. Qırmızı gilas 4-9 manat, ağ gilas 6 manat, gilənarın qiyməti 5-5.50, ərik 3-3.50, qara qarağatın kiloqramı 6 manatdır. Marketlər şəbəkəsində meyvə-tərəvəzə heç yaxın düşmək olmur. Bir müddət əvvəl qiymətlərində nisbətən enmə yaranmış pomidor, badımcan, lobyanın qiyməti yenidən qalxıb. Ucuz olan hələ ki xiyardır. Onun da kiloqramı 70-75 qəpik, bəzən 1 manatadək dəyişir. Küçələrdə satışa çıxarılmış meyvələrə baxa-baxa ötüb keçmək olur, amma “bolluq olan ölkəmizdə niyə qiymətlər belə yüksəkdir” sualından yan keçə bilmirsən.

İqtisadçı Fuad İbrahimov Sherg.az-a açıqlamasında qiymət bahalığının səbəblərini izah etdi:

- İllər əvvəl kəndli öz bağçasında yetişən meyvələrdən yeşiklərə yığıb bazara gətirirdi, ucuz qiymətə də satırdı. Hazırda meyvə-tərəvəz əsas biznes sahəsinə çevrilib. Meyvələr xüsusi hazırlanmış, tərtib olunmuş bağlarda, sahələrdə becərilir. Onlara hər cür qulluq göstərilir. Yəni vaxtlı-vaxtında sulanır, gübrələnir, zərərvericilərə, xəstəliklərə qarşı dərmanlanır, muzdlu işçilər tərəfindən toplanır və maşınlara yüklənərək şəhərə gətirilir. Şəhərdə isə topdansatış mərkəzlərindən marketlərə və bazara paylanır. Buna artıq “2-ci əl” satış deyilir. Hələ “3-cü əl satış” da var. Bazara gətirilən meyvə yeşikləri oradakı alverçilər tərəfindən alınır, qiymətin üzərinə bir də qiymət qoyulur. Bu qədər mərhələli işin müqabilində əlbəttə, meyvənin qiyməti yüksək olacaq. Marketlərsə “nüfuz” savaşına çıxıb sanki, meyvənin qiyməti ucuz ola bilməz. Market şəbəkələri rəf qiyməti təyin edir. Bu qiymətdən aşağı satış etmirlər. Bəzi günlərdə endirim kampaniyaları təşkil edir, satıcını cəlb edirlər. Halbuki endirim adlandırdıqları qiymət, bəlkə də, meyvə-tərəvəzin alınma qiymətidir. Hazırda marketlərdə 18-20 manata da gilas satılır. Həm görünüş, həm də dad baxımından təbii ki, 5-6 manatlıqdan fərqlidir. Amma bu o demək deyil ki, gilas bu qiymətə satılmalıdır. Bahalı gilas satışını özləri üçün “prestij” hesab edirlər. Məsələ bundadır ki, məhsulun piştaxtaya gəlib çatmasında problem var. Əgər məhsul istehsalçıdan birbaşa bazara gəlsə, qiymət ucuz olacaq. Necə ki bəzən kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunur. Amma çox vaxt görürük ki, yarmarkada da alverçilər piştaxta arxasındadır. Çünki kəndlinin, fermerin yarmarkada dayanıb məhsulunu satmağa imkanı olmur. Onun üçün daha asanı məhsulu topdan kiməsə təhvil verib, satıb çıxıb getməkdir. Fermer yarmarkada vaxt itirmək istəmir, qazancının yüksək olmayacağını bildiyi üçün.

İqtisadçı qeyd etdi ki, vətəndaşlar topdansatış mərkəzlərindən uyğun qiymətə meyvə-tərəvəz ala bilər:

- Kimlər ki məsələn, mürəbbə bişirmək, qışa hazırlıq görmək istəyir, məsləhətdir səhər saatlarında, gec olmadan, meyvələr satış nöqtələrinə satılmamış, göndərilməmiş “Meyvəli”yə, digər topdansatış  mərkəzlərinə getsinlər, orada yenə də nisbətən ucuz qiymətə alış-veriş etmək mümkündür.
Избранный
25
31
sherg.az

10Источники