AZ

"Bakı ilə Daşkənd bütün istiqamətlər üzrə maraqları üst-üstə düşən müttəfiqlərdir" - Nigar Məmmədova

“Qarşılıqlı səfərlər, imzalanan sənədlər Bakı ilə Daşkənd arasında əlaqələri daha da möhkəmləndirir”

Milli Məclisin deputatı Nigar Məmmədova bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Azərbaycan və Özbəkistan münasibətləri hər zaman yüksələn xəttlə inkişaf edib. Şavkat Mirziyoyevin ölkəmizdə budəfəki dövlət səfəri zamanı bir daha aydın oldu ki, Bakı ilə Daşkənd bütün istiqamətlər üzrə maraqları üst-üstə düşən müttəfiqlərdir. Dövlət başçılarının intensiv xarakter alan qarşılıqlı səfərlər, imzalanan sənədlər əlaqələrimizi daha da möhkəmləndirib.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2022-ci ilin yayında Daşkəndə səfəri zamanı əməkdaşlığın 40-a yaxın sahəsini əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında Bəyannamə imzalanmışdı.  Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Ölkələrimiz arasında Ali Dövlətlərarası Şura yaradılıb. İki gün əvvəl Şuranın ikinci iclası keçirildi və dövlət başçıları Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını imzaladılar.

Eyni zamanda, ikitərəfli münasibətlərin yeni istiqamətini müəyyən edən müttəfiqlik münasibətləri haqqında Müqavilə də artıq ikinci ildir qüvvədədir. Mətbuata birgə bəyanat zamanı cənab Prezident bir daha  bəyan etdi ki, ötən il Daşkənddə biz rəsmən müttəfiq olduq. Müttəfiqlik münasibətləri haqqında Müqavilə dövlətlərarası münasibətlərin ali formasıdır.

Bakı ilə Daşkənd həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir.

Ölkələrimiz arasında iqtisadi-ticari və logistika sahəsində əməkdaşlıq da genişlənir. Belə ki, 2025-ci ilin əvvəlindən ölkələrimiz arasında ticarət dövriyyəsi 40 faiz artıb. 2030-cu ilədək bu rəqəmin bir milyard dollara çatdırılması nəzərdə tutulur. Hazırda Özbəkistan-Azərbaycan İnvestisiya Fondu fəaliyyət göstərir.

Azərbaycan və Özbəkistan nəqliyyat dəhlizlərinin inkişafına da xüsusi diqqət yetirirlər. Daşkənd Bakının infrastrukturundan istifadə edərək öz marşrutlarını getdikcə daha çox trans-Xəzər istiqamətinə inteqrasiya edir. Budəfəki səfər zamanı Azərbaycan və Özbəkistan müntəzəm dialoqun aparılması və qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəldi.

Cənab Prezident İlham Əliyev də bəyan etdi ki, “biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq.”

Bərpaolunan enerji sahəsində işbirliyi də tərəflərin marağında olan əməkdaşlıq istiqamətidir. Qardaş Özbəkistan həm də Qarabağ və Şərqi Zəngəzurun bərpasına töhfə verən ilk ölkələrdəndir. 2023-cü ildə Qarabağın Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən məktəb istifadəyə verilib. Eyni zamanda Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən Xankəndidə tikiş fabriki fəaliyyət göstərir. Ötən gün dövlət başçıları yenidən sözügedən müəssisədə oldular. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yeri yaradılacaq. Fabrikdə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunurlar. Bu da qardaş Özbəkistanın azad olunmuş ərazilərə gedir qayıdan soydaşlarımızın sosial rifahının yaxşılaşmasına töhfədir.

Budəfəki səfər zamanı həm də Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılış mərasimi keçirildi. Səfər zamanı ölkələrimiz arasında yeni əməkdaşlıq sənədləri imzalandı. Hesab edirəm ki, bu səfər ikitərəfli əməkdaşlığın inkişafını daha da dərinləşdirəcək.

Yeri gəlmişkən, iki gün öncə Xivə şəhərində ilk Azərbaycan-Özbəkistan parlamentlərarası forumu uğurla keçirildi. Müxtəlif mövzularda müzkirələr aparıldı. Bu forum münasibətlərin tam fərqli səviyyəsidir. Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu təkcə tarixi hadisə deyil, həm də iki ölkənin parlamentlərarası əməkdaşlığını yeni səviyyəyə qaldıracaq mühüm platformadır. Forumda da bəyan oldunduğu kimi, dövlətlərimizin rəhbərlərinin siyasi iradəsinə əsaslanan, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan parlamentlərarası formatda əməkdaşlığın yeni səhifəsi açılır. Bu dialoq vasitəsilə parlamentlərimiz yeni formatda dövlətlərarası münasibətlərin dərinləşməsinə və hərtərəfli inkişafına təkan vermək niyyətindədir. Bu forum parlamentlərarası dialoq üçün mühüm platforma olmaqla yanaşı, həm də iki ölkə arasında ümumi inkişaf perspektivlərini müəyyən edən, sıx əməkdaşlığı praktiki məzmunla zənginləşdirən mühüm reallıq kimi tarixə düşdü.

Seçilən
13
2
news365.az

10Mənbələr