RU

Şahin Şıxlinskinin saxlanılması: Hüququ heçə sayan Rusiyanın nifrət üslubu - ŞƏRH

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri, hüquqşünas Şahin Şıxlinskinin Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılması, sadəcə bir fərdin hüquqlarının tapdanması deyil, həm də Azərbaycan xalqına, diasporasına və beynəlxalq hüquqa qarşı açıq hörmətsizlik nümunəsidir. Hadisənin başvermə şəraiti, nümayişkaranə zorakılıq və ləyaqətsiz davranış bütün hüquqi və etik çərçivələrin pozulduğunu göstərir.

Şıxlinski və oğlu iyulun 1-də Yekaterinburqda “Baku Plaza” yaxınlığında avtomobildə olarkən Rusiya xüsusi təyinatlılarının müdaxiləsinə məruz qalıb. Avtomobilin şüşələri sındırılıb, Şıxlinski zorla maşından çıxarılıb, yerə yıxılıb və təhqiredici davranışla üzləşib. Sonradan onun “cinayət işi üzrə şahid” statusunda olduğubildirildi. Lakin bu statusun fonunda tətbiq olunan fiziki və psixoloji zorakılıq zəruri istintaq tədbiri yox, siyasi və mənəvi təzyiq metodu kimi görünür.

Şahin Şıxlinski yalnız hüquqşünas deyil, uzun illərdir Ural bölgəsində azərbaycanlıların həmrəyliyi, ictimai nüfuzu və vətənlə bağlarının gücləndirilməsi üçün çalışan diaspor rəhbəridir. Ona qarşı bu cür münasibət ilk növbədə Azərbaycan diasporasına yönəlmiş rəzil siqnaldır. Bu, həm də azərbaycanlıların xaricdə nüfuzunu zəiflətməyə, onların təşkilatlanmış fəaliyyətini qorxu və təhdid vasitəsilə zəiflətməyə hesablanmış addım kimi oxunur.

Öncə məsələnin bu tərəfinə diqqət yetirək.

Saxlanmanı əks etdirən görüntülərdə xüsusi təyinatlıların təhqir və söyüşləri, misilsiz güc tətbiqi inkaredilməz fakt kimi ortadadır. Bütün bunlar Rusiya daxilində son illərdə artmaqda olan ksenofobik tendensiyaların daha açıq təzahürüdür. Xüsusilə də bu hadisə Rusiya cəmiyyətində azərbaycanlılara qarşı mənfi stereotiplərin və etnik ayrıseçkiliyin yenidən aktivləşdirilməsindən xəbər verir. Uzun illərdir Rusiya cəmiyyətində Qafqaz mənşəli xalqlara qarşı müxtəlif formalarda ayrıseçkiliklər müşahidə olunsa da, bu münasibət 2020-ci ilin payızında Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra bir qədər dəyişməyə başlamışdı. Azərbaycan Ordusunun hərbi uğurları, xalqın birliyi həm beynəlxalq aləmdə, həm də Rusiya cəmiyyətində azərbaycanlılara qarşı hörmətin artmasına səbəb olmuşdu. Azərbaycanlılar artıq təkcə ticarət sektorunda çalışanların deyil, həm də müasir dövlət quruculuğunun, milli mübarizənin, mədəni dirçəlişin siması kimi qəbul olunmağa başlamışdılar. Rusiya mediasında və ictimai rəyində Azərbaycana "kiçik qonşu" yox, "qətiyyətli regional güc" kimi yanaşmalar üzə çıxırdı. Görünür, bütün bunlar Rusiyanın başbilənlərini təşvişə saldı. Yekaterinburq hadisələri fonunda bu tendensiyanın şiddət vasitəsi ilə dəyişdirilməsi göz önündədir. Azərbaycanlılara qarşı açıq-aşkar təzyiq, zorakılıq və ləkələmə halları təkcə hüquq-mühafizə orqanlarının hərəkətləri ilə deyil, eyni zamanda Rusiya media dairələrində yayılan qərəzli mesajlarla da müşayiət olunur. Diaspor rəhbərinə qarşı bu cür davranış ictimai rəyə verilən açıq mesajdır – “azərbaycanlısansa, burada təhlükəsizlikdə deyilsən”.

Bu cür yanaşmalar Rusiya cəmiyyətində etnik münasibətlərə ağır zərbə vurur. Çünki Şahin Şıxlinski nüfuzlu hüquqşünas və diaspor rəhbəri olmaqla yanaşı, həm də Rusiya qanunlarına uyğun fəaliyyət göstərən və ictimai barışa xidmət edən bir şəxs idi. Onun bu şəkildə alçaldılması, təhqir olunması və az qala cinayətkar kimi göstərilməsi, sıravi azərbaycanlı miqrantlara və Rusiya vətəndaşlarına verilən bir işarədir: onların da istənilən anda "potensial təhdid" kimi hədəfə alınması mümkündür. Deməli, məsələ hüquq çərçivəsindən çoxdan çıxıb. Rusiya azərbaycanlıların etnik identikliyə qarşı sistematik təzyiq göstərir və soydaşlarımızın ictimai həyatda təcrid olunmasına və daha geniş miqyasda diskriminasiyasına zəmin yaradır. İnsanlar yalnız mənşəyinə görə şübhəli sayılır, saxlanılır, təqib edilir – bu isə açıq şəkildə insan hüquqlarının, bərabərliyin və konstitusiya prinsiplərinin pozulmasıdır.

Ən təhlükəlisi isə odur ki, bu tendensiya gələcəkdə Rusiya daxilində millətlərarası münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər. Azərbaycanlılar Rusiya cəmiyyətində iqtisadi, sosial və mədəni sahələrdə ciddi iştirak edən, əməksevər, qanunlara hörmət edən bir icmadır. Bu icmaya qarşı bu cür münasibət Rusiya daxilində inteqrasiyanı, ictimai barışı və tolerantlığı zədələyir. Əgər bu tendensiya davam etsə, azərbaycanlıların Rusiya cəmiyyətindən psixoloji və sosial uzaqlaşması baş verə bilər ki, bu da həm Azərbaycan-Rusiya münasibətlərinə, həm də Rusiyanın öz daxili stabilliyinə mənfi təsir göstərəcək.

Şıxlinski saxlanılması bir sıra hüquqi suallar da doğurur.Çünki “şahid” statusunda olan şəxs yalnız yazılı çağırış əsasında və insan ləyaqətinə uyğun şəkildə ifadəyə cəlb oluna bilər. Heç bir ölkənin hüquq sistemi bu cür zorakılığı və alçaldıcı münasibəti legitimləşdirmir. Bu cür davranışlar ifadənin etibarlılığına da kölgə salır, çünki təzyiq altında verilmiş istənilən ifadə hüquqi baxımdan şübhəli sayılır.

Избранный
40
aznews.az

1Источники