RU

Azərbaycanın bank sektorunda təmərküzləşməni necə dayandırmaq olar? - ARAŞDIRMA

Azərbaycanın bank sektorunda təmərküzləşmə səviyyəsi getdikcə artmaqdadır.

Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) da etiraf edirlər.

Qurumun məlumatına görə, 2024-cü ildə ölkədə ən böyük 3 bankın kredit portfeli üzrə bazar payı 2023-cü illə müqayisədə 1,7 faiz bəndi artaraq 54,1 %, depozit portfeli üzrə bazar payı isə 1,8 faiz bəndi artaraq 67,4 % təşkil edib. Aktivlər üzrə isə ən böyük 3 bankın bazar payında nəzərəçarpan dəyişiklik olmayıb (63 % qalıb).

"Bank sektoru üzrə təmərküzləşmə daim diqqətdə saxlanılır", - deyə AMB bəyan edib.

Tənzimləyicinin statistikasında diqqəti ən çox cəlb edən depozitlərlə bağlı qeyri-bərabərlikdir. Məsələ ondadır ki, ölkədəki şirkətlərin çoxu risklərini sığortalamaq üçün öz vəsaitlərini bağlanma ehtimalı az olan iri banklarda yerləşdirir. Bundan başqa, Maliyyə Nazirliyi dövlət büdcəsinin qalıq vəsaitinin depozit hərracları yolu ilə yerləşdirilməsi zamanı sistem əhəmiyyəti banklara üstünlük verir. Son nəticədə iri banklar ucuz resurslara çıxış əldə edirlər, kiçik banklar isə əhalidən əmanət cəlb etməklə bazarda qalmağa çalışırlar. Bunun nəticəsidir ki, iri bankların əmanətlərə vəd etdiyi illik gəlirlilik 10 %-i keçmədiyi halda, kiçik banklar bəzi hallarda vətəndaşların vəsaitlərinə sığortalanma həddindən də yüksək - illik 13 % dividend ödəyirlər. Bəs bank sektorunda təmərküzləşməni necə dayandırmaq olar? "Report" mövzunu maliyyə bazarı üzrə ekspertlərlə müzakirə edib.

Onlardan biri - Xalid Kazımlı bildirir ki, təmərküzləşmə tendensiyası son 10-15 ilin reallığıdır: "İri banklarımız aktivlərin, o cümlədən kredit portfelinin əhəmiyyətli hissəsinə nəzarət edib, bununla da rəqabət mühitini korlayıb. Onların bazarda üstün mövqeyə çıxması təkcə böyük şirkətlərin hesabları ilə bağlı deyil. İri banklar dövlət xətti ilə həyata keçirilən ödənişlərdə - pensiya, təqaüd və müavinətlərdə də təmsil olunurlar. Bu da onlara ucuz maliyyə resursları formalaşdırmağa imkan verir".

Onun fikrincə, AMB-nin təmərküzləşməni dayandırmaq üçün gördüyü tədbirlər effektiv deyil: "Məsələn, son vaxtlar məcburi ehtiyat normaları artırılıb. Məqsəd ondan ibarətdir ki, iri banklar pul resurslarını xərc çəkmədən əldə etməsin, pulun maya dəyəri yüksəlsin. Amma hələ ki, bu addım istənilən nəticəni verməyib. Bu məsələdə Maliyyə Nazirliyi də kiçik banklara dəstək olmalı, büdcənin qalıq vəsaitlərini təkcə böyük banklarda yerləşdirməməlidir. Eyni zamanda dövlət idarələrinin hesablarının açılması zamanı kiçik banklar arasında da seçim edilməlidir. Bank sektorunda təmərküzləşməni yalnız bu yolla dayandırmaq olar".

Ekspertin sözlərinə görə, rəqabət mühitinin korlanmasından əziyyət çəkən təkcə kiçik banklar deyil, həm də real sektordur: "Böyük məbləğdə kreditlərə ehtiyacı olan şirkətlər məcbur olurlar ki, yalnız 3-4 banka müraciət etsinlər. Digər banklardan həmin kreditləri almaq mümkün olmur, çünki onların resursları məhduddur. Amma zəif rəqabət təkcə iri kreditlərlə bağlı deyil, həm də bank məhsullarının keyfiyyətinə və qiymətlərinə birbaşa təsir göstərir".

Digər ekspert Rəşad Həsənov isə məsələyə daha geniş rakursdan yanaşır. O hesab edir ki, bank sektorunda təmərküzləşmə qaçılmaz, bəzən hətta faydalıdır: “İri bankların formalaşması müəyyən qədər məqbul sayıla bilər. Çünki onlar yeni maliyyə alətlərinin tətbiqi, rəqəmsallaşma və regionlarda bank xidmətlərinin genişləndirilməsi baxımından daha geniş imkanlara malikdirlər. Üstəliik böyük banklar dayanıqlı maliyyə institutlarıdır və bu, sektora sabitlik gətirir. Halbuki, kiçik banklar elə də dayanıqlı deyil və bazarın ümumi dayanıqlığına zərər vurur. Odur ki, bank sektorunda daha sağlam, risklərə davamlı mühit formalaşdırılmalıdır. Böyük bankların formalaşması bu baxımdan müsbət təsir göstərə bilər”.

Bununla belə, ekspert təmərküzləşmənin risklərinə də diqqət çəkir və inhisarçılığın qarşısının alınmasının vacibliyini vurğulayır: “Bütün bu proseslər elə idarə olunmalıdır ki, inhisarçılığa gətirib çıxarmasın və rəqabət mühiti zəifləməsin. Bank sektorunda benefisiarların izlənməsi çox vacibdir. Eyni benefisiarların bir neçə iri bankda pay sahibi olması rəqabəti zədələyə bilər. Kiçik bankların bazarda mövcudluğunu qorumaq üçün differensial tənzimləmə tədbirləri tətbiq olunur. AMB son bir yarım ildə iri banklara qarşı daha sərt prudensial çərçivə tətbiq edir. Fərqli ehtiyat normaları müəyyən edilir. Xüsusilə sistem əhəmiyyətli banklara daha sərt tələblər qoyulur. Bu, kiçik bankların daha əlverişli şəraitdə fəaliyyət göstərməsi üçün imkanlar yaradır. Düşünürəm ki, əsas məsələ bankların sayının çox olması yox, rəqabətli fəaliyyət mühitinin olmasıdır. Bunun üçün də benefisiarlıq məsələsi daim nəzarətdə saxlanılmalıdır. Xarici kapitallı bankların bazara daxil olması üçün əlverişli şərait yaradılmalıdır. Həmçinin dövlət banklarının özəlləşdirilməsi də xarici kapitalın və təcrübənin ölkəyə gəlməsini sürətləndirə bilər”.

Избранный
13
50
report.az

10Источники